Bayram Məmmədov: Sussam, ''böyük qardaş'' elə bilər ki, qorxuram

Bayram Məmmədov: Sussam, ''böyük qardaş'' elə bilər ki, qorxuram

"Mən Heydər Əliyevin heykəlinin postamentinə ""Qul Bayramınız mübarək!" yazdığıma görə həbs olunmuşam. Buna görə özümü məmnun hiss edirəm. Həyatımın ən böyük uğurlarından biridi".
 
Bu sözləri NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov məhkəmədə ittiham aktına münasibət bildirərkən deyib.
 
Noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
 
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçən prosesdə ifadə verən Bayram Məmmədov deyib ki, burada danışacaqlarının onun xeyrinə olmayacağını, Qiyas kimi ona da sonda hakimin prokurorun istədiyindən çox cəza verəcəyini bilir:
 
"Sussam, "böyük qardaş" elə bilər ki, qorxuram, ondan mərhəmət istəyirəm. Siz hakimlər bu məhkəmədə öz iqtidarınızı itirmisiz. Başqa məhkəmə işlərində iqtidarınızı qorumaq üçün verilən sifarişi yerinə yetirməlisiz".
 
Məhkəmə prosesinə sədrlik edən hakim Eynulla Vəliyev Bayram Məmmədovun sözünü kəsib və ondan yalnız narkotik ittihamı üzrə danışmağı tələb edib.
 
Biz Qiyas İbrahimovla birlikdə bir hərəkat başlatdıq
Bayram Məmmədov: "Bir daha deyirəm, əksəriyyətin "babası" olan, mənim isə heç kimim olmayan Heydər Əliyevin heykəlinin postamentinə "Qul bayramınız mübarək!" yazdığıma görə həbs olunmuşam. Yazmaqda məqsəd ölkədəki haqsızlığa və ədalətsizliyə etiraz etmək, həm də "böyük qardaşı" qəzəbləndirmək idi. Biz bunu bacardıq. Həbsimin səbəbi budur. O şüarı yazmaqda başqa bir məqsədimiz də vardı. Müxalif düşərgədə sakitçilik idi. Ortalığı qızışdırmaq lazım idi, katalizator özümüz olduq. İndi İstanbulda, Avropa ölkələrindəki heykəllərlə bağlı da eyni aksiyalar keçirilir. Biz Qiyas İbrahimovla birlikdə bir hərəkat başlatdıq. Narkotik ittihamına gəlincə, elə bil ki, qədim Yunanıstanda Zevsin heykəlini yazıb, kahinlərin əlinə düşmüşəm. İşin içində işgəncə altında alınmış ifadə olmalıdı. Mən mayın 9-da axşam 23 radələrində heykələ şüar yazdım, 10-da evimizə zəng gəldi , soruşdular ki, Bayramgilin evidi? Bildim ki, aparmağa gəlirlər. Evdən çıxan kimi ağ rəngli "Jeep" avtomobilinə zorla mindirib 12-ci bölməyə apardılar. İlk "döyüşlər" orada başladı. 7-8 nəfər düşdü üstümə. Mənim əllərim bağlı vəziyyətdə davam edən döyüş təxminən bir saat çəkdi. Oradan "qorotdel"ə gətirdilər. Döyüşlərin dörddə bir mərhələsi də burada davam elədi. Yarımfinal da Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında oldu. İşgəncələr haqqında ətraflı danışmaq istəmirəm. Çünki zalda ailəm var. Eşidib pis olacaqlar. Növbəti iclasda onlar gəlməz, ətraflı danışaram. Üstüörtülü deyim ki, əgər 2 ölüm işi də desəydilər, imzalamağa məcbur idim. Dubinka, elektrik,ağzını bağlayıb ikinci mərtəbədən atmaq, hər şey var idi".
 
Bayram Məmmədov üzərinə narkotik vasitə qoyulmasından da danışıb: "Şirəli adlı biri vardı, dedi ki, yuxarıdan tapşırıblar, çox qoyulmalıdı. Zəng elədilər ki, Pirşağıdan mal gətirin".
 
Narkotiki cibimə Naib Ömərov atıb
Daha sonra məhkəmədə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Şirəli Babayev, Naib Ömərov, əvvəl 12-ci bölmənin əməkdaşı olmuş, hazırda isə 32-ci bölmədə işləyən Fərid Babayev, hal şahidləri İntiqam Kərimov və Nizami Quliyev şahid kimi ifadə veriblər. Polislər iddia ediblər ki, Bayram əməliyyat məlumatı əsasında saxlanıldıqdan sonra birbaşa Bakı Şəhər Baş Polis İdarəsinə gətirilib.
 
Bayram bildirib ki, dindirilən polislər yalan danışır: "Narkotiki də cibimə Naib Ömərov atıb".
 
Naib Ömərov ifadə verib zaldan çıxanda Bayrama "Allah qapını açsın" deyib.
 
Məhkəmə noyabrın 24-də davam edəcək.
 
Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin heykəlinə yazılan şüardan sonra həbs ediliblər. Onlara qarşı narkotik vasitə saxlama maddəsi ilə ittiham elan edilib. Q. İbrahimov məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Q. İbrahimov və B. Məmmədov özlərini təqsirli bilmirlər. Onlar işgəncə altında ifadə verdiklərini, narkotik ittihamının saxta olduğunu, heykəli yazdıqlarına görə şərlənərək həbs olunduqlarını bildirirlər.(meydantv)
 

Google+ WhatsApp ok.ru