Bayıl sakinləri kirayə pulundan narazıdır

Bayıl sakinləri kirayə pulundan narazıdır

-- Əhali təzədən məhəllələrə qayıdır; sürüşmə zonasında son durum

Bayıl yamacında sürüşmə zonasında aktivlik davam edir.  Ötən həftə bir daha açıqlama verildi ki, ərazidə yaşayan əhaliyə kirayə pulu, kompensasiya ödəniləcək. Belə ki, məlumata görə, Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb.
 
Həmin sərəncama əsasən, Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbayel rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb. Eyni zamanda bildirilib ki,  10 fevral 2018-ci il tarixində həmin ərazidə tam dağılmış 90-cı illərdə tikilmiş 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin 10 gün ərzində hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbayel rayon İcra Hakimiyyətinə tapşırılıb".
 
Ərazidəki vəziyyət barəsində “Yeni Müsavat”a danışan sakin Zahid Aslanov bildirdi ki, fevralın 17-də sakinlər məhəlləyə qayıdıb, heç yerə getməyiblər: “Qonşularla ocaq qalayıb, məhəllədə oturduq. Daha fikirləşməkdən ürəyimiz də xəstə düşüb. Vəziyyətimiz çox pisdir. İşlərin necə olacağı, nə zamana qədər kirayədə qalacağımız bilinmir. Kirayə pulunun nə zaman ödəniləcəyi barəsində isə konkret söz deyilmir. Bildirilib ki, bu həftə ərzində əhalinin adına hesab açılacaq, pullar ora köçürüləcək”.
 
Digər sakin Elməddin Muradlı söylədi ki, fevralın 18-də hava yağışlı olduğu üçün hər kəs ehtiyatlı davranıb, məhəlləni tərk edib: “Hələ ki, heç kim kirayə pulu almayıb. Yağış yağdığı üçün insanlar da məhəlləni tərk ediblər. MİS-dən mənə bildiriblər ki, ailələrin adı Səbayel Rayon İcra Hakimiyyətinə göndərilib. Oradan da banka göndəriləcək ki, hesablar açılıb, kirayə pulları köçürülsün. Məbləğlə bağlı konkret söz deyilmir. Mətbuatdan eşitmişik ki, ailə tərkibinin sayına uyğun olaraq 230-250 manat arasında kirayə pulu ödəniləcək. Bayıl zonasında neçə ildir yaşayan bu insanların uşaqları burada bağçaya, məktəbə gedirlər. Kirayə çıxmaq üçün soraqlayıb, 260 manata bir ev tapdıq. Onun da pəncərələri yararsız vəziyyətdə idi, kommunal xərcləri də kirayə tutan ödəməli idi. Aylıq kommunal da azı 50-60 manat edir. İndi 230 manat kirayə pulunu kim, necə müəyyənləşdiribsə, bunu anlamaq çətindir. Adam var ki, ailədə 9 nəfərdir. Bu adam 1 otaqlı evi tutacaqsa, orada 9 nəfər ailə üzvü ilə necə yaşayacaq? İcra hakimiyyətindən, MİS-dən də soruşmuşam, məbləğlə bağlı konkret söz demirlər. Əgər məbləğ 230-250 manat olacaqsa, camaat narazı qalacaq. Çünki bu qiymətə Bayıl zonasında ev tapmaq mümkün deyil. Ailə üzvlərimiz də yaxınlıqda işləyirlər. Bu adamlar Xırdalanda kirayə tutub, qazandığı 250 manat maaşı yollara xərcləməlidir? Tədris ilinin də nə əvvəlidir, nə də axırı? Uşaqları məktəbdən çıxarıb hara aparaq? İnsanları o məbləğlə didərgin salacaqlarsa, belə başa düşürəm ki, camaat razılaşmayacaq. Elə adam var ki, evindən çıxmır. Ərizə yazıb ki, burada yaşamağa davam edirəm və məsuliyyəti də özüm daşıyıram. Onların heç yaxınına da getmirlər. Deyirlər ki, dəyməyin, qoyun yaşasın evində. Bu ərazidə təhlükə varsa niyə belə fərdi yanaşırlar? Bizim evdən 30 metr aralıda bir ev var, onun sahibi mənzilini tərk etmir. Deyir ki, mənimlə gətirin müqavilə bağlayın ki, sabah evimi sökəndə özünüzdən yalan yerə kvadratını az yazmayasınız. Belə adamlara da yaxın durmurlar. Onları da məcbur etmirlər ki, evini tərk etsin. Evini tərk edən adamların da mənzillərini hələ indi ölçməyə başlayıblar”.
 
Sakinin sözlərinə görə, insanlar narahatdırlar: “Camaat deyir ki, bizi köçürürsüz, ancaq sizdən kimsə rəsmi sənəd tələb edəndə, o qalır evində, yan keçirsiniz. Bu necə bir şeydir? Ağıllı tərpənəndən yan keçirlər? Başa düşürük ki, sürüşmə zonasıdır, təhlükə var. Ancaq bu əmlak elədir ki, biz bunu tikmək üçün 24 ilimizi sərf etmişik. Ac-susuz qalıb, hər dəfə bir yerini tikib-düzəltmişik. Gəlib deyirlər ki, sənədi yoxdur, qanunsuz tikilib. Necə qanunsuz tikilib ki, icra hakimiyyəti, MİS və digərlərinin hamısı bu və ya digər formada gəlib, razılıq verib, şirinliyini də alıb gedib. Həyətdə toyuq hini tikirdim, icra hakimiyyətindən gəlib sənəd istəyirdilər. Hinə sənəd istəyən adam tikilən evlərdən xəbərsiz ola bilərdi? Qapıya 1 maşın daş gətirirdin, dalınca icra hakimiyyətinin işçisi gəlirdi. Şəxsən mənim başıma gəlib ki, taxta gətirmişəm, dalınca icra hakimiyyətinin işçisi maşından düşüb ki, nə iş görürsən? Ona görə də bu məsələyə baramaqarası baxmaq lazım deyil. Camaatı çölə töküb, narazı salmaq olmaz. Qışın günündə əhalini küçələrə salıblar. Bunun ahı bir gün kimisə tutacaq. Necə olur ki, hansısa tikinti şirkəti 200 evi sökür, bir gecənin içərisində kirayə pulunu ödəyib, camaatı razı salıb köçürür, Səbayel Rayon İcra Hakimiyyəti bunu edə bilmir? Seçki öncəsi insanları bu cür narazı salmaq olmaz”. (musavat.com)
 

Google+ WhatsApp ok.ru