Bayıl yamacında son durum

Bayıl yamacında son durum

-- “...Adamı vahimə basır”

Bayıl yamacında sürüşmə sahəsində aktivlik müşahidə olunmasa da təhlükə hələ də qalmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin məlumatına görə, son günlər yağıntılara baxmayaraq Bayıl yamacında vəziyyət sabitdir.
 
Martın 13-də Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə ilə əlaqədar köçürülmüş şəxslərlə görüş keçirib. Başçı bildirib ki, 98 evdə yaşayanların kirayə mənzillərdə yerləşdirilməsi üçün onlara aylıq kirayə pulu verilib. Evləri tam uçan vətəndaşlara isə birdəfəlik kompensasiya ödəniləcək.
 
Başçı bildirib ki, hazırda ərazidə mütəxəssislər tərəfindən araşdırma və yoxlamalar aparılır. Onların rəyi nəticəsində yamacdakı evlərin gələcək taleyi ilə bağlı qərar veriləcək:
 
“Mən Nazirlər Kabinetində olmuşam, bu məsələ ona görə uzanır ki, sakinlərin istəklərini mümkün qədər tam yerinə yetirək. Bəziləriniz kompensasiyanın azlığından şikayət etdi, mən də bunu Nazirlər Kabinetinə çatdırdım. Məbləğin artırılması üçün sənədlərin qəbulu dayandırılıb, müzakirə aparılır. Qəzalı vəziyyətdə olan 6 bina üçün veriləcək kompensasiya hazırdır. Amma onlara veriləcək məbləğin artırılması məsələsinə də baxılır ki, pul alan sakin gedib özünə yeni ev ala bilsin”,- deyə E.Əzizov bildirib.
 
“Yeni Müsavat”a danışan sakin Elməddin Muradlı bildirib ki, başçı ilə görüşə əvvəlcədən adı siyahıya yazılan sakinlər gediblər: “Yəni hamı görüşə qatılmayıb. Deyiblər ki, qiymətləndirmə işinə yenidən baxılacaq. Ancaq məsələ burasındadır ki, daha öncə qiymətləndirmə aparılmayıb. Hava yağışlı olduğu üçün camaat təhlükədən ehtiyat edib, bu günlərdə evlərinə gəlmirlər. Ancaq sürüşmə zonasından bir qədər kənarda yaşayan sakinlər kirayə pulu ilə qane olmayıb, indi də evlərində yaşamaqda davam edirlər. Ərazidə polis postları da götürülməyib. Əhali deyir ki, bu günlərdə yağış yağsa da sürüşmədə aktivləşmə olmadı. Ona görə də hesab edirlər ki, təhlükə qabardılan səviyyədə deyil. Ola bilər ki, su açıq qalıb, hansısa torpaq qatını yuyub aparıb. Təhlükəsizlik üçün insanları köçürmək lazım idi. Lakin artıq hadisənin baş verməsinin 2 ayı tamam olur. Bu günlər ərzində isə hələ deyirlər ki, təhlillər aparılır, rəy veriləcək. Camaat 2 aya gedib kosmosdan nümunə gətirib, rəy verir. Bu nə çətin şeydir ki, uzadıb, insanları qışın günü didərgin salırlar. Necə hay-küy saldılarsa camaat tələsik evindən çıxanda bütün əşyalarına zərər dəydi. Tutaq ki, rəy verildi ki, geri qayıdın. Bəs bu zərəri kim hesablayacaq? İcra hakimiyyətinin nümayəndələri bizim evə baxanda dedilər ki, bura sürüşə bilməz. Çünki lay daşların üzərində tikilib. Ancaq bir tərəfdən də çıxmamızı tələb etdilər”.
 
E.Muradlı bildirib ki, icra hakimiyyətinin açıqladığı 98 ailənin bir hissəsi kirayə pulu ilə razılaşmayıb, evini tərk etmir: “Onlar bu ailələri də səsləndirdikləri rəqəmin içərisinə daxil edirlər. Məhəllədə gəzəndə də görürəm ki, köçməyənlərin maşınları həyətlərində, özləri də evlərindədir. Kommunal xətlərlə bağlı isə başçının çıxışından sonra belə bir məlumat yayıldı ki, elektrik enerjisinin verilməsi bərpa oluna bilər. Ancaq hələ bu barədə heç bir xəbər yoxdur. İşığı versələr yenə də insanlar evlərində rahat otura bilərlər. Qazın verilməsi isə danışılmır. Hadisədən sonra böyük ərazinin kommunal xətlərini kəsmişdilər. Halbuki onların heç sürüşmə zonasına aidiyyətləri yox idi. Artıq onların xətlərini bərpa ediblər. Ola bilər ki, bizim məhəllədən də bəzi ərazilərə elektrikin verilişi bərpa olunsun. İnsanlar var ki, deyirlər ki, iki-üç paltar geyinib, gecə evimizdə yatırıq. Kirayə pulu az olduğu üçün götürmürlər”.
 
Sakin bildirib ki, sürüşmə hadisəsindən sonra bəzi evlərdən kommunal xidmətlərin işçiləri sayğacları çıxarıb, aparıblar: “Təəssüf ki, ”Azərqaz", “Azərsu”nun işçiləri hay-küyə salıb, bəzi adamların həyətindən sayğacları aparıblar. Özü də hadisə gecə vaxtı, camaatın evdə olmadığı ərəfədə baş verib. Hazırda ərazidə təxminən 20-30 evdə sayğac yoxdur. Rayonun başçısı deyir ki, hələ rəy veriləcək, alimlər işləyirlər. Ancaq bu qurumların işçiləri özbaşına hərəkət edib, sayğacları söküblər. Ona görə də deyirəm ki, sürüşmə olmasa belə insanlara dəyən maddi, mənəvi zərər ölçüyəgəlməzdir. Bayram günü ailəmizi bir araya gətirə bilmirik ki, tonqal qalayaq. Hərə bir tərəfdə didərgindir. Məhəlləyə girirsən, adamı vahimə basır". (Musavat.com)

Google+ WhatsApp ok.ru