Bayılda son durum

Bayılda son durum

-- əhali küçəyə atılacağından qorxur

Bayıl yamacındakı sürüşmə zonasında yaşayan sakinlərin evləri ölçülür və siyahı dəqiqləşdirilir.
 
Maide.Az bildirir ki, bu barədə “Yeni Müsavat”a sakinlər məlumat veriblər. Onların sözlərinə görə, siyahıyaalınma prosesində bəzi nöqsanlara yol verilir. Sürüşmə isə aktiv fazada qalmaqdadır.
 
Son vəziyyətlə bağlı qəzetimizə açıqlamasında ərazidə yaşayan jurnalist Elməddin Muradlı bildirib ki, kirayə pulunun ödənilməsi ilə bağlı hələ də heç bir addım atılmayıb: “Səbayel Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərə evlərini boşaltmaq göstərişi verilmişdi. Lakin bir qrup sakinlər evlərini boşaltmadılar. Çünki haqlı olaraq tələb edirlər ki, evi boşaltmaq üçün bizə müqavilə, sənəd göstərin.  Sabah evi söküb, üstünü də torpaqlayandan sonra kim, necə sübut edə biləcək ki, burada ev olub və  neçə kvadrat idi? Heç bir tələb irəli sürmək mümkün olmur. Ona görə də bəzi sakinlər evlərini boşatmırlar. İşıq, qaz olmasa da evlərində gecələyirlər. Düşünürəm ki, haqlı olaraq məsələ qaldırılır. Çünki evləri sökmək üçün hansısa səbəb olmalıdır. Səbayel Rayon İcra Hakimiyyəti sərəncam verməlidir ki, evlər filan səbəbə görə boşaldılır. Daha sonra sakinlərlə sənəd imzalanmalıdır ki, biz sizin evinizi təhvil götürürük, təhlükəsizliyinə də zamanət veririk. Bizə sənəd təqdim olunmalıdır ki, evimiz uçurdulacağı təqdirdə hansısa formada danışıqlar aparılacaq. Ona görə də kirayə pulu ilə bağlı da camaat narazılıq elədi ki, 1 il köçüb gedərəm, qayıdanda deyərlər ki, heç sənin burada evin olmayıb. Yaxud da haradan bilək ki, bizə nə qədər kompensasiya təklif olunacaq? Sakinləri narahat edən əsas məsələ budur ki, ortada heç bir rəsmi sənəd yoxdur”.
 
Müsahibimiz  dedi ki, sonuncu dəfə 3 gün öncə  kirayə pulu veriləcəyi vədi verilib. Ancaq hələ də bir xəbər yoxdur: «Mənzil istismar sahəsinin işçiləri deyirlər ki, biz əhalini 2013-cü ilin siyahısı ilə qeydiyyata alırıq. Təsəvvür edin ki, mən, valideynlərim, qardaşlarımın ailəsini götürüb 6 nəfər yazıblar. Halbuki 9 nəfər olmalıdır. Yaxşı, 2013-cü ilin siyahısı ilə necə işləmək olar? O vaxtdan bəri ölənlər olub, yeni doğulanlar var. Evlərin sayını da peykdən baxaraq qeyd edirlər. Bizim həyətdə mənim, atamın, qardaşımın evinin damı birlikdə elə vurulub ki, 3 ev, 1 ev kimi görünür.  Götürüb bunu 1 ev kimi qeyd ediblər. Düşünürəm ki, bu işlər icra hakimiyyətinin təkbaşına görəcəyi proses deyil".
 
Muradlı bildirib ki, 108 ailənin taleyini 1 qurumun üzərinə buraxmaq olmaz: “Orada digər müvafiq qurumların da əməkdaşlarının iştirakı ilə birgə komissiya təşkil olunmalıdır. Bizi torpaq sürüşməsi qorxusu ilə oradan çıxardıblar. Ancaq sabahımız məlum deyil. Bakı şəhərində də o qədər aldadıb evdən çıxarma hadisələri olub ki, bizim də inamsızlığımız buna görədir. Ona görə də evlərini boşaldanlar belə, gəlib keşik çəkirlər, işə, dərsə getmirlər. Düşünürlər ki, hər an, hər şey ola bilər. Gəlib evi sökərlər, deyərlər ki, evin 100 kvadrat yox, 25 kvadrat olub. Necə sübut edəsən? Şəxsən bizim evimiz orada 1994-cü ildə tikilib. Bizim kimi orada xeyli məcburi köçkün ailəsi var. Məcburi köçkün olaraq gedib nə kiminsə evini zəbt etmişik, nə də haradasa məskunlaşmamışıq. Halal zəhmətimizlə ev tikib, dövlətə də yük olmamışıq. İndi gəlib orada məcburi köçkünlərə başqa formada yanaşmaq doğru deyil”.
 

Google+ WhatsApp ok.ru