Bayıldakı sürüşmədə son DURUM

Bayıldakı sürüşmədə son DURUM

-- Baş direktordan AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) “Teleqüllə” kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə artıq bir neçə gündür monitorinqi davam etdirir.
 
Aparılan monitorinqə RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik edir. Ötən həftə mərkəzin əməkdaşları tərəfindən ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırılıb. Mərkəz Bayıl dərəsinin yamacları boyunca ("Teleqüllə" kompleksinin yaxınlığında) gedən torpaq sürüşməsi prosesinin inkişaf dinamikası, sürüşməyə məruz qalan torpaq kütləsinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər parametrlərinin müəyyən edilməsi üçün ərazidə seysmoloji, geofiziki, maqnitometrik, qravimetrik və digər üsullarla kompleks tədqiqatlar aparılır.
 
Maraqlıdır, hazırda həmin ərazidə seysmoloji vəziyyət necədir?
 
Maide.Az bildirir ki, bununla bağlı RSXM-in baş direktoru Qurban Yetirmişli Modern.az-a açıqlama verib:
 
“Hələ ki bizim həmin ərazidə tədqiqatlarımız davam edir. Bu baxımdan nəticə ilə bağlı hər hansı fikir bildirmək tezdir. Tədqiqatlarımızın bir ay və ya iki ay yarım davam edəcəyi ehtimal edilir.
 
Çünki bütün Bayıl ərazisi istiqamətində araşdırmalar aparmalı, səbəbləri müəyyən etməliyik, sürüşmə zonasının müstəvisini, yapım bucağı, layları-yəni hər bir şeyi öyrənməliyik. Tələsik iş görməklə heç nə olmur”.
 
Qeyd edək ki, son bir neçə gündə çatlar yamacın yuxarı hissəsindən başlayaraq aşağı doğru davam edib, sərt yamacda şaxələnərək bir neçə yerə bölünüb.Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.Yamacın aşağı hissəsində yerləşən tikililərə ciddi ziyan dəyib. Evlərin divarlarında böyük çatlar yaranıb.
 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, həmin ərazidə bundan öncə istinad divarları hörülsə də sürüşmənin aktivliyi nəticəsində divar 20-ə yaxın yerdən çatlayıb. Havaların kəskin dəyişməsi isə sürüşmənin dinamikasını artırıb.
 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji planlama ekspedisiyası ərazidə monitorinq aparır və prossesin dinamikası nəzarətə götürülüb. Tədqiqatlar ərazidə gedən sürüşmə prosesi dayanana qədər davam etdiriləcək. Aparılan tədqiqatların nəticəsi təhlil edildikdən sonra sürüşmənin baş vermə səbəblərinə dair hesabat hazırlanaraq rəsmi dövlət qurumlarına təqdim ediləcək.
 

Google+ WhatsApp ok.ru