`Bazarda malların 25 faizi qaçaqmaldır` - Ekspert

`Bazarda malların 25 faizi qaçaqmaldır` - Ekspert

"Exo" qəzetində "Azərbaycan bazarında malların 25%-ə yaxını "boz idxal"a aiddir" sərlövhəli məqalə oxumaq olar. Yazıda idxal mallarının keyfiyyəti Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla dəyərləndirilir.
 
"Dövriyyəsi milyon manatlarla ölçülən qaçaqmalçılıqla mübarizə Azərbaycanda daimi gedir. Amma bu qeyri-leqal idxalla mübarizə səmərəsiz aparılır. 20 gün öncə İqtisadiyyat Nazirliyinə və Gömrük Komitəsinə bazarda qaçaqmal olan kofe satıldığını bildirdik, sübutları və bununla məşğul olan şəxsləri göstərdik. Bu yaxınlarda İqtisadiyyat Nazirliyi bizə məktub yazır ki, qaçaqmalla məşğul olan şəxs barədə daha ətraflı informasiya verək", - deyə E.Hüseynov vurğulayıb.
 
AİB sədri deyib ki, ictimai qurum təhqiqat aparmır. Bundan ötrü səlahiyyətli dövlət orqanları var.
 
E.Hüseynov bildirib ki, son illər bazarda qaçaqmalların həcmi artıb:
"Bazarda qaçaqmalların həcmi 25 faizə yaxındır. Bura əldəqayırma mallar da daxildir".
 
E.Hüseynov hesab edir ki, dövlət orqanlarının yürütdüyü səmərəsiz istehlak siyasəti qaçaqmal və əldəqayırma məhsulların artmasına səbəb olur.
 
AİB sədri vurğulayır ki, qiyməti ucuz olduğuna görə istehlakçılar belə məhsullara üstünük verirlər. Gəlirlərin azalması insanları əlavə çıxış yollarına sövq edir.
 
E.Hüseynov hesab edir ki, tələb olduqda təklifin payı paralel olaraq daim artacaq. /

Google+ WhatsApp ok.ru