Bazarda saxta yağ

Bazarda saxta yağ

«Yeni Müsavat» qəzetində «Ərzaq mafiyasından xalqa ölümcül zərbə- bazara saxta yağ çıxarılır» sərlövhəli yazı diqqət çəkir.
 
Yazıda rəsmi statistikaya istinadən bildirilir ki, bu ilin sentyabrında ölkəyə kərə yağı idxalı 2 dəfəyə qədər azalıb. Müəllifin fikrincə, bu isə bazara saxta yağların çıxmasına səbəb olub:
 
«Yerli istehsalın daxili tələbatı ödəmədiyi bir şəraitdə kərə yağı idxalında qeydə alınan bu azalma, qiymətlərdə kəskin bahalaşma bazara saxta və aşağı keyfiyyətli məhsul çıxarılması üçün münbit şərait yaradır».
 
Yazıda vurğulanır ki, artıq bəzi işbazlar hərəkətə keçiblər. Müəllifin bildirməsinə görə, kiçik sexlərdə bahalı yağların qablaşdırılmasında istifadə olunan karton taraların sifarişində kəskin artım var. Bu taraların üzərinə Avropa və Yeni Zelandiya mənşəli yağların saxtalaşdırılmış etiketləri vurulur:
 
«Bundan əlavə, müxtəlif yollarla əhaliyə nehrə yağı təklif edənlərin sayı sürətlə artmaqdadır. Əsasən Lerik-Yardımlı, Gədəbəy-Daşkəsən bölgəsindən gətirildiyi deyilən bu yağların kiloqramı 8-9 manata satılır. Həmin yağların əsl nehrə yağı yox, nehrə yağının müxtəlif bitki spredləri ilə qarışığından ibarət olduğu deyilir».
 
Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov qəzetə deyib ki, tələb təklifi ödəmədikdə, bazarda saxta və keyfiyyətsiz məhsulların artması aksiomadır:
 
«Bu, bazarın yazılmamış qanunudur. Son vaxtlar bununla bağlı həddən çox şikayətlər var. İstehlakçılar aldıqları yağın keyfiyyətli olmadığını, qiymətlərin bahalığını bildirirlər. Bu vəziyyətin daha da kəskinləşəcəyini gözləyirik».
 
E.Hüseynov deyib ki, 2018-ci ilin yanvarından ölkədə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi üzrə Agentliyin təhlükəli malların satışını önləyəcəyinə də nikbin yanaşmır.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru