Bazar həyat üçün təhlükəli qarpızla doludur

Bazar həyat üçün təhlükəli qarpızla doludur

"Bizim Yol" qəzetində "Bazar həyat üçün təhlükəli qarpızla doludur" sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda bildirilir ki, iyun ayında qarpızdan zəhərlənmə ilə bağlı xəstəxanalara 4 müraciət olub.
 
Müəllifə görə, çox zaman da zəhərlənmələr qarpızı tez yetişdirmək məqsədilə istifadə edilən dərmanlarla bağlı olur:
"Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarəti Xidməti mövsümdə digər məhsullar kimi qarpızı da yoxlayır. Məhsulun üzərində kimyəvi və toksikoloji müayinələr aparır. Qəribədir ki, hər dəfə də qarpızda toksik birləşmələr, nitrat və pestisid qalıqlarının norma həddində olduğu bildirilir".
 
Müəllif bu zəhərlənmələrin səbəbləri barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla söhbət edir. Ekspert iddia edir ki, hazırda satışda olan qarpızlardan zəhərlənmə ehtimalı yüksəkdir:
"Hətta məhsulda dərmanların miqdarı normadan dəfələrlə artıq olduğundan ölüm təhlükəsi də var. Təşkilatımızın mütəxəssisləri, hər il olduğu kimi, bu il də bazarda monitorinq keçirib. Satışda olan qarpızlarda nitratın miqdarı normadan dəfələrlə artıqdır".
 
Həkim İradə Məmmədova isə deyib ki, təbii yetişən qarpızdan da zəhərlənmə mümkündür:
"Zəhərlənmə diaqnozu ilə gələnlərin əksəriyyəti qarpız yediyini söyləyir. Halbuki, zəhərlənmə qarpızdan əvvəl qəbul edilmiş qidadan da ola bilər, sadəcə qarpız zəhərlənmə prosesini sürətləndirir".
 
Həkimin deməsinə görə, yol kənarında, günəş altında saxlanılan qarpızları almaq olmaz. Eyni zamanda, kəsilərək soyuducuda saxlanılan soyuq qarpızı yağlı yeməkdən sonra qəbul etmək də doğru deyil. /

Google+ WhatsApp ok.ru