Bazar satıcıları: Baha satanlar maşın almaq istəyir, biz isə ucuz veririk, evə çörək aparmaq üçün

Payız gəlibsə, bazarların hamısının piştaxtalarında nar, heyva, alma, üzüm, feyxoa, narıngi, yapon xurması, armud, əzgil göz oxşamalıdır. Bu da təbiidir. Bu meyvələr fəslin vazkeçilməzləridir.

Həvəsli satıcıların yağlı parka ilə bir-bir silib parlatdığı qızıləhmədi alması, narıngi və ən əsası xüsusi qaydada kəsilib alıcını başdan çıxaran nar... - şəhərin demək olar ki, bütün bazarlarında oxşar mənzərənin şahidi olmaq olar. Bəs qiymətlər necə, onlar da oxşardırmı?

Nə qədər qəribə səslənsə də qiymət fərqi inanılmazlığı ilə baş gicəlləndirir. Eyni meyvəni, məsələn, elə narı “Nəsimi bazarı”nda 7 manata, “Təzə bazar”da isə 1 manata almaq olar.

Bəs niyə belədir? Buna hər hansı başqa səbəb varmı?

Bu suala dəqiq cavab almaq və virtualaz.org saytının oxucularını da bu səbəblərlə tanış etmək üçün yollanırıq “Nəsimi bazarı”na. İlk yaxınlaşdığımız piştaxtada qiymətlər necə deyərlər, adamı ürküdür. Məsələn, burada narın kilosu 7 manat, qızıləhmədi alması 8 manat, üzüm isə 3 manatdır.

Satıcı bizi inandırmağa çalışır ki, narın 7 manata satılmasının xüsusi səbəbi var. Səbəb də həmin məhsulun seçmə olması ilə bağlıdır: “Onlar həm ölçüsünə görə daha böyükdür, həm də təmizdir, çürük deyil. Orta ölçülü narların kilosunu isə 4 manata satıram. Baha satmağımın da öz səbəbi var. Çünki narların hamısı Göyçayın Bığır kəndindəndir. Bığır narı isə həmişə baha olub”.

Maraqlıdır ki, bir neçə piştaxta o tərəfdə eyni nar 7 yox, 3 manata satılır. Məsələn, yaxınlıqdakı piştaxtada narın bir kilosu 3 manat, heyva 4 manat, yapon xurması isə 3 manatdır.

Satıcıdan qiymət fərqinin səbəbini soruşuruq: niyə eyni bazarın bir yerində nar 7 manata satılır, digər tərəfdə isə iki-üç dəfə ucuz qiymətə tapmaq olur?

“Onlar yəqin maşın almaq istəyir, ona görə 7 manata satırlar. Biz isə çörək almaq istəyirik, 3 manata satırıq” - deyə məhsulunu 3 manatdan, çox alana 2 manat yarımdan xırıd edən satıcı yarızarafat-yarıciddi cavab verir.

Digər meyvələrə gəlincə isə “Nəsimi bazarı”nda əksər piştaxtalarda armudun kilosu 4 manatdır. Ümumilikdə isə armudun növünə görə qiyməti 2-5 manat arasında dəyişir. Feyxoa 3 manata, yapon xurması 2 manata və s. satılır.

Heyvanın qiymətini soruşanda isə maraqlı cavab alırıq. Satıcı deyir heyvanın qiyməti alıcıya görə dəyişir: “Alıcıya baxırıq. Elə adam var ona 4 manata satırıq, eləsi var 3 manata. Hansı “kliyent”in gücü nəyə çatırsa, ona uyğun qiymətə də satırıq. Məsələn, daimi müştəriləri məmurlar, polis zabitləri, biznesmenlər, bir sözlə, imkanlı adamlar olanlar narı 7 manata satır, bizsə 3 manata”.

Bu bazardakı satıcılar məhsulu əsasən “Yaşıl bazar”dakı topdansatış mərkəzindən aldıqlarını deyirlər. Onların sözlərinə görə, digər topdansatış mərkəzi isə “Meyvəli” adlanan bazadır, amma ora az gedirlər...

Satıcılar “Yaşıl bazar”a üstünlük vermələrinin səbəbini isə belə izah edirlər: “Çünki “Meyvəli”də istədiyimiz məhsulu tapa bilmirik. Söhbət keyfiyyətli məhsuldan gedir. “Yaşıl bazar” isə çeşidə və seçimə görə daha yaxşıdır. Həm də məsafə baxımından bizə daha sərfəlidir. Mal daşıyanda xərcimiz nisbətən az çıxır”.

“Yaşıl bazar”da həm də pərakəndə satış var. Buradakı qiymətləri öyrənmək üçün yolumuzu salırıq “Yaşıl bazar”a...

Yapon xurması burada 2-3 manata, bəzi piştaxtalarda isə hətta 1 manatadır. Yerli kivi 2 manata, feyxoa ölüçüsünə görə 1,5-2 manata, Salyan üzümü 80 qəpiyə, heyva 1-3 manata, əzgil isə 2 manatadır.

Hər satıcının öz qiymətləri olsa da bazardakı ümumi qiymətlər 1-2 manatdan, bəzi məhsullarda isə hətta 80 qəpikdən başlayır. “Nəsimi bazarı”ndan fərqli olaraq minimum qiymət 3 manat deyil.

Buradakı satıcıların ən əsas üstünlüyü odur ki, bu bazarda meyvələrin topdansatışı var. Amma əksər satıcılar deyir ki, məhsulu çox vaxt rayonlardan alıb gətirirlər. Məsələn, nar satanların əksəriyyəti elə göyçaylı olduğunu, məhsulu öz həyətlərindən gətirdiklərini deyir. Az inandırıcı olsa da...

“Nəsimi bazarı” ilə müqayisədə “Təzə bazar”dakılara su qiyməti demək olar. Belə ki, burada 80 qəpiyə də yapon xurması var. Qeyd etdiyimiz kimi, hər piştaxtada qiymət fərqlidir, amma ümumi qiymət 1-2 manatdan başlayır.

Narın qiyməti 1,5 manatdan 3 manata qədər dəyişir. Digər meyvələrə gəlincə isə xurma 1 manat, kivi 3 manat, heyva 4-5 manatdır. Almanın qiyməti növündən asılı olaraq 1-10 manat arasında dəyişir. Ən bahalısı “qəndi-sinab” deyilən almadır.

Qiymətlər digər bazarlarla müqayisədə normal olsa da buradakı satıcılar da alıcı qıtlığından narazıdır: “Çünki “Nəsimi bazarı”ndakılar daimi mütşəri ilə işləyirlər, onların alıcıları varlı adamlardır, ona görə istədikləri qiymətə satırlar. Amma bizdə əvvəlki vaxtlarla müqayisədə alıcı xeyli azdır deyə alver yoxdur”.

Bazarlardakı müşahidələrimizi yekunlaşdırıb bu suala cavab almağa çalışdıq: bu meyvələrin hamısı Azərbaycanda yetişir və Bakıya müxtəlif rayonlardan gətirilirsə, bəs eyni məhsul şəhərin hər bazarında, hətta bir bazarın içində niyə belə fərqli qiymətlərə satılır?

Vəziyyəti virtualaz.org saytına şərh edən ekspert Vahid Məhərrəmov deyir ki, dünyanın əksər şəhərlərində mərkəzlə şəhərkənarı yerlərdə qiymət fərqi müşahidə olunur, amma bu fərq Bakıdakı qədər kəskin deyil: “Burada satıcının şəhər mərkəzində icarəyə götürüb meyvə satdığı yerə görə ödədiyi icarə haqqını və məhsulun ora gətirilməsi üçün yol xərcini nəzərə almaq lazımdır. Bunların hamısı məhsulun qiymətinə təsir edir. Bundan başqa psixoloji amillər də var. Məsələn, “Nəsimi bazarı”nın yaxınlığında xəstəxanalar var. Orada xəstəsi olan şəxs həmin adamın ürəyi meyvə istəsə, daha ucuz alsın deyə “8-ci kilometr bazarı”na getməyəcək, elə yaxınlıqdakı bazardan alacaq. Satıcılar bu amildən sui-istifadə edir. Həmçinin onlarda belə bir fikir var ki, şəhərin mərkəzində yaşayanlar varlılardır. Bu amillər isə son nəticədə kəskin qiymət fərqinə gətirib çıxarır”.

Bizə isə yalnız bunu demək qalır: Nəsimi rayonunda satılan Göyçay narı ilə məsələn, Nizami rayonunda satılan nar eyni bağdan, bəlkə də hətta eyni ağacdan dərilir. Sadəcə onu satanlarla alanların fikirləri, izahları, ciblərinin vəziyyəti fərqlidir. Baxır nara kim necə baxır...

Google+ WhatsApp ok.ru