BŞBPİ: Səbayel rayon DYP Şöbəsinin rəisinin döyülməsi barədə mətbuatda yayılan məlumatlar əsassızdır

Bakı şəhər Baş Polis İdarəsi Səbayel rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisinin döyülməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.
 
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, mətbuatda Səbayel Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Zaur Cəfərovun döyülməsi ilə bağlı mətbuatda gedən məlumatlar tamamilə əsassızdır: “Mühafizə Polisi əməkdaşının avtomobilinin yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılması da həqiqətəuyğun deyil. Şöbə rəisinin döyülməsi ilə bağlı mətbuatda yayılan məlumat tərəfimizdən təkzib olunur. Rəsmən bildiririk ki, belə hal baş verməyib. Mətbuat işçilərindən xahişimiz odur ki, polislə bağlı hər hansı informasiyanı yaymazdan əvvəl polisin mövqeyi öyrənilsin. Belə hallar cəmiyyətdə çaşqınlıq yaradır”.
 
Qeyd edək ki, ötən gün bəzi KİV-də Bakı şəhəri Səbayel rayonunda polislərin iştirakı ilə insident yaşanması barədə məlumat yayılıb. Məlumatda qeyd olunur ki, Mühafizə Polisində (MP) işləyən polis əməkdaşının avtomobili DYP tərəfindən saxlanılaraq Səbayel rayonunda yerləşən cərimə meydançasına aparılıb. DYP əməkdaşları maşının üzərində cərimə olduğunu bildiriblər. Mühafizə polisinin əməkdaşı Səbayel rayon Yol Polisi Şöbəsinin rəisi Zaur Cəfərovun yanına gedərək, maşını cərimə meydançasından çıxarılmasını tələb edib. Nəticədə polislər arasında mübahisə yaşanıb, MP-nin əməkdaşı Zaur Cəfərova bir neçə yumruq zərbəsi endirib. Hadisəni törədən MP əməkdaşı polis tərəfindən saxlanılıb.

Google+ WhatsApp ok.ru