BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ

BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ

-- 1. CİHAD VƏ ŞƏHADƏT

Qurani-Kərimdə behişt əhlinin xüsusiyyətlərindən söz açan ayələrin sayı az deyil və bütövlükdə insanı behiştə aparan, onu yüksək məqama ucaldan əməllər və xüsusiyyətlər müxtəlif ayələrdə açıqş-aşkar göstərilmişdir. İslam və Quran məntiqinə əsasən, mücahid və şəhidlərin məqamı olduqca böyükdür və müxtəlif ayələrdə bu zümrə açıq-aşkar behiştlə müjdələnir. O cümlədən, “Tövbə” surəsinin 111-ci ayəsində buyurulur:

إِنَّ اللّهَ اشْتَرَى مِنَ الْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَالَهُم بِأَنَّ لَهُمُ الجَنَّةَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالإِنجِيلِ وَالْقُرْآنِ وَمَنْ أَوْفَى بِعَهْدِهِ مِنَ اللّهِ فَاسْتَبْشِرُواْ بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُم بِهِ وَذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

“Allah möminlərin canlarını və mallarını alaraq onların əvəzində behişt verər. Həmin möminlər ki, Allah yolunda cihad edirlər, düşmənləri öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda qeyd olunan haqq vədəsidir. Allahdan daha çox əhdə vəfa edən kimdir? Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük səadət!”

Necə də gözəl və misilsiz təbir! Allah möminlərin canları və mallarınının əvəzində onlara behişt vəd edir. Necə də gözəl sövdə! Alıcı varlıq aləminin maliki olan Allahdır. Satıcı Allaha və axirət dünyasına iman gətirən möminlərdir. Satılan şey möminlərin canları və malları, onun dəyər və qiyməti əbədi behiştdir. Bu ticarətin sənədi isə üç böyük səmavi kitabdır: Tövrat, İncil və Quran! Diqqəti cəlb edən məsələ ayənin sonundakı təbrirdir: “Ən böyük səadət budur.”

Bu ayədə yer tutan incə bir mətləb diqqəti daha cəlb edir: Şəhidlərlə yanaşı, cihadda xalisanə iştirak edənlər də bu ticarətin şərikləri və Allahla ticarət edənlərin xarici nümunələridir. Ayədəki “yəqtulunə” (düşmənləri öldürür) təbirinin “yuqtəlunə” (öldürülürlər – şəhid olurlar) təbirindən öncə qeyd olunması onu göstərir ki, əsas hədəf şəhadət deyil, əksinə düşmənlə mübarizə aparmaqdır və şəhadət bu istiqamətdə bir qrup səadət əhlinə nəsib olan yüksək bir məqamdır. Cihadda məqsəd şəhadət deyil; başqa sözlə, şəhadət hədəf deyil, hədəfə çatmaq üçün bir keçiddir. (“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.65.)

Başqa bir ayədə isə Allah yolunda şəhid olanların Allah yanındakı ruzidən bəhrələndiklərindən söz açılır və buyurulur:

وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ

“Allah yolunda öldürülən (şəhid olan) şəxslərin ölü olduğunu güman etməyin, həqiqətdə onlar diridirlər və onlara Rəbbinin yanında ruzi əta olunur.” (“Ali-İmran” surəsi, ayə 169.)

Ayədə göstərilən “ində Rəbbihim” (Rəbbinin yanında) təbiri şəhidin yüksək məqamını bəyan edir.

Aydındır ki, ölümdən sonra insan ruhunun diri qalması şəhidlərə məxsus deyil, bütün insanlara aiddir. Lakin şəhidlərin imtiyazı budur ki, onlar Rəbbinin yanında ən yüksək məqamlarda həyatını davam etdirir və həmin ali məqamlardakı ruzilərdən bəhrələnirlər. Aydındır ki, bu məqama çatanların ruzisi başqalarının ruziləri ilə eyni deyildir.

Allah yolunda cihad etmək və şəhid olmaq ibadətlərin ən üstünü, ən dəyərlisidir. Bu böyük ibadəti sair ibadətlərdən fərqləndirən iki əsas cəhət var:

1. Mücahidin yüksək hədəfi: Mücahid və mübariz insanın hədəfi özü və yaxın adamlarının şəxsi mənafeyini təmin etmək deyildir. O, İslamın genişlənməsini, tövhid kəlməsinin ucalması, zülm, zorakılıq və haqqsızlıqla mübarizəni, məhrumları və zəifləri müdafiə etməyi, ictimai ədalətin bərqərar olunmasını istəyir. Ən yüksək hədəflərə malik olduğundan ən yüksək məqamlara da nail olur.

2. Fədakarlığın ən yüksək həddi: Mücahid və mübariz insan hədəfinə nail olmaq üçün ən dəyərli sərmayələrini əldən verir. İnsan sədəqə verəndə məqsədi bu olur ki, mal-dövlətinin bir miqdarını Allah yolunda sərf etsin; ibadət edərkən məqsədi bu olur ki, vaxtının və qüdrətinin bir qismini bu yolda sərf etsin. Amma mücahid insan hər şeyindən, hətta öz əziz canından keçir, bütün varlığını ixlasla Allaha təqdim edir. Mal-dövlət, şan-şöhrət, arvad-uşaq, qohum-əqrəbadan göz yummaqla öz canını Pərvərdigari-aləmə təslim edir. Ariflərin və övliyaların bir ömür boyu yerinə yetirdikləri işlərin çoxunu mücahid insan qısa müddət ərzində yerinə yetirir. İlahi övliyalar tədricən və uzun müddət ərzində eşq-məhəbbət, “şühud” məqamına çatırlarsa, şəhid mücahid bir gecədə yüz illik yolu ötüb keçir və Allahın görüşünə nail olur. Allahın sair bəndələri zikr, səcdə-rüku və qiyam vasitəsilə Allaha yaxınlaşırsa, Allah yolunda cihad edən mücahid yaralara, dərdlərə, əzablara, çətinliklərə, güllələrə dözərək öz canını verib Allah dərgahına yaxınlaşır. Bunların arasındəkı fərq olduqca çoxdur. (“Nəfsin saflaşdırılması” Ayətullah İbrahim Əmini, səh.210-211.)

“Tövbə” surəsinin 20-22-ci ayəsində buyurulur:

الَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ اللّهِ وَأُوْلَئِكَ هُمُ الْفَائِزُونَ. يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍ مِّنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَّهُمْ فِيهَا نَعِيمٌ مُّقِيمٌ. خَالِدِينَ فِيهَا أَبَدًا إِنَّ اللّهَ عِندَهُ أَجْرٌ عَظِيمٌ

İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır. Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdə verir. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır!”

“Nisa” surəsinin 95-ci ayəsində də buyurulur:

لاَّ يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُوْلِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً وَكُـلاًّ وَعَدَ اللّهُ الْحُسْنَى وَفَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا. دَرَجَاتٍ مِّنْهُ وَمَغْفِرَةً وَرَحْمَةً وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا

Cismində xəsarət və digər üzrü olmadan cihada getməyib (evdə) oturan möminlər Allah yolunda mal və canları ilə cihad edənlərlə əsla bir deyildirlər. Allah mal və canları ilə cihad edənləri (evdə) oturanlardan (yüksək) bir dərəcə ilə üstün etmişdir və Allah onların hər birinə (iman və əməli müqabilində) yaxşı bir mükafat vəd etmişdir. Allah cihad edənlərə (evdə) oturanlardan daha böyük mükafatla üstünlük əta etmişdir. Öz tərəfindən (dünya və axirətdə) dərəcələr, bağışlanmaq və rəhmətlə! Allah həmişə bağışlayan və mehribandır.”

(“Tövbə” surəsinin 88-89-cu, “Səff” surəsinin 11-12-ci ayələri, “Ali-İmran” surəsinin 142-ci ayəsində də cihad ednlərin behiştdəki məqamından söz açılır.)

Qurani-Kərimdə behiştin qapılarından söz açılsa da, onun təfərrüatı və sayı haqda məlumat verilmir. Amma məsmum rəhbərlərimizdən nəql olunan hədislərdə behiştin səkkiz qapısından və onun bir qapısının mücahidlərə məxsus olmasından söz açılır. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Behiştdə “mücahidlər qapısı” adı ilə tanınan bir qapı vardır. Camaat qiyamət dayanacaqlarında dayandıqları halda mücahidlər iti qılıncları ilə behiştə doğru hərəkət edəndə həmin qapı açılar. Mələklər onlara “xoş gəldin” deyərlər.” (“Vəsailuş-şiə”, 11-ci cild, səh.10.)

İmam Əli (ə) də “cihad”la bağlı məşhur xütbəsində belə buyurur: “Şübhəsiz, cihad Allah-Taalanın həqiqi bəndələrinin üzünə açılan behişt qapılarından biridir.” (“Nəhcül-bəlağə”, xütbə 27.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru