BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ

BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ

-- 3. TƏQVA

İnsanı behiştə aparan amillərdən biri də “təqva”dır. Qurani-Kərimin bir çox ayələrində bu haqda söz açılır. O cümlədən: “Məryəm” surəsinin 61-63-cü ayələrində buyurulur:

جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدَ الرَّحْمَنُ عِبَادَهُ بِالْغَيْبِ إِنَّهُ كَانَ وَعْدُهُ مَأْتِيًّا. لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَامًا وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةً وَعَشِيًّا. تِلْكَ الْجَنَّةُ الَّتِي نُورِثُ مِنْ عِبَادِنَا مَن كَانَ تَقِيًّا

“Rəhman Allahın qeybdən Öz bəndələrinə vəd etdiyi əbədi behiştlər! Şübhəsiz, Onun vədi gerçəkləşəcəkdir. Orada boş söz eşitməzlər, yalnız Salam! Orada hər sübh və axşam ruziləri hazırdır. Bu, hər bir təqvalı bəndəmizə irs verdiyimiz həmin behiştdir.”

(“Ali-İmran” surəsinin 15, 133 və 198, “Rəd” surəsinin 35, “Hicr” surəsinin 45, “Nəhl” surəsinin 31, “Furqan” surəsinin 15, “Şüəra” surəsinin 90, “Zümər” surəsinin 20 və 73, “Duxxan” surəsnin 51, “Muhəmməd” surəsinin 15, “Qaf” surəsinin 31, “Zariyat” surəsinin 15-ci ayələrdə də təqvanın behiştlə əlaqəsindən söz açılır.)

Məlum olduğu kimi, İslamın dəyər kompleksində təqvanın mövqeyi olduqca yüksəkdir və “Hücurat” surəsinin 13-cü ayəsində də İslamın məşhur bir şüarı kimi belə oxuyuruq:

إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ

“Allah yanında ən hörmətli olanınız təqvalı olanınızdır (Allahdan ən çox qorxanınızdır).”

Qeyd etməliyik ki, bəzi ayələrdə “cənnət” sözü tək, bəzi ayələrdə isə cəm formada, yəni “cənnat” (cənnətlər) şəklində qeyd olunur. Bundan da aydın olur ki, behişt əhli üçün nəzərdə tutulmuş bağlar çoxsaylıdır.

Bu təbirdən belə də anlaşıla bilər ki, hər bir behişt əhli üçün dörd bağ nəzərdə tutulmuşdur. “Ər-rəhman” surəsinin 46 və 62-ci ayələrində də bu nöqtəyə işarə olunur və bildirilir ki, təqva əhli üçün iki və başqa iki bağ mövcuddur. Bu bağlar ya bir-birinə yaxındır, ya aşağı qatlara malikdir, ya da behişt əhli arasında müxtəlif dərəcələr olduğundan bağlar da çeşidlidir.

Bu, hər bir təqvalı bəndəmizə irs verdiyimiz həmin behiştdir.” – təbirində həm behiştin açarı olan təqvaya işarə olunur, həm də əziyyətsiz olaraq bir nemətə çatmaq mənasını bildirən “irs təbiri işlədilir. Təqva behişt açarı olsa da, bütün mükafatlar Allahın bizə ayırdığı irsdir və behişt Allah tərəfindən irs olaraq təqva əhlinə verilən mükafatdır. Peyğəmbəri-Əkrəm (s) buyurur:

مَا مِن أحَدٍ إلّا وَلَهُ مَنزِلٌ فِی‌ الجَنَّةِ وَ مَنزِلٌ فِی‌النّارِ، فَأمّا الکافِرُ فَیرِثُ المُؤمِنَ مَنزِلَهُ مِنَ النّارِ، وَالمُؤمِنُ یرِثُ الکافِرَ مَنزِلَهُ مِنَ الجَنَّةِ؛

“Hər bir insanın behişt və cəhənnəmdə yeri var. Behiştə düşən insanın cəhənnəmdəki yeri kafirə irs verilir. Kafirin də behiştdəki yeri irs olaraq behişt əhlinə çatır. (“Nurus-səqəleyn”, 2-ci cild, səh.31, hədis 121.)

Buna rəğmən, behiştin behişt əhlinə irs verilməsi ilə bağlı iki mətləbin qeyd olunması zəruridir:

1. Miras daimi və geri alınması mümkünsüz olan bir mülk olduğu kimi, behişt də təqva əhlin üçün mirasdır və ona əta olunduqdan sonra geri alınmır, behiştə daxil olan insan əbədi olaraq behiştdə qalacaqdır.

2. Miras insana zəhmətsiz yetişir. Behişt nemətləri də o qədər əzəmətlidir ki, insanın bu dünyada yerinə yetridiyi əməllər onun müqabilində heçdir, sanki təqva əhli behişti zəhmətsiz, təmənnasız qazanmış olur. Çünki onun zəhmətləri bu nemətlər müqabilində əhəmiyyətsizdir. (“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.61-62.)

Təqvaya gəldikdə isə, Allah-Taala “Əraf” surəsinin 26-cı ayəsində təqva libasından söz açaraq buyurur:

يا بَنى آدَمَ قَدْ انْزَلْنا عَلَيْكُمْ لِباساً يُوارى سَوْآتِكُمْ وَ ريشاً وَ لِباسُ التَّقْوى‏ ذلِكَ خَيْرٌ ذلِكَ مِنْ آياتِ اللَّهِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ؛

Ey Adəm övladları, şübhəsiz, sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır. Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar.”

Allah-Taala bu ayədə Öz bəndələrinə libasla minnət qoyur və libasla bağlı ayədə qeyd olunan “ənzəlna” (nazil etdik) təbiri diqqəti cəlb edir. Çünki Allah-Taala səmadan su nazil edərək tоrpаqdаn pаmbıq cücәrir, hеyvаn оtlа qidаlаndıqdаn sоnrа yun әldә оlunur. Bütün bunlаr ilаhi nişanələr vә insаnlаr üçün dәlildir. İnsan həmin yundan özləri üçün libas hazırlayır. Əlbəttə, demək olar ki, “ənzəlna” (nazil etdik) kimi təbirlərdə səma kimi yerə nisbətən yüksək məkanın nəzərdə tutulması lazım deyil, çünki Allahın xas bir məkanı olmadığından, hətta yüksək məqam da kifayətdir.

Demək, Allah-Taala libası, yer üzündə hazırlansa da, insana əta etdiyi üçün “ənzəlna” (nazil etdik) təbiri ilə işlətmişdir.

Libasın üç mühüm rolu var: 1. insanı xarici təhlükələrdən qoruyur; 2. insanın eyiblərini örtür; 3. insanın ehtiram və bəzəyidir. Çünki çılpaq insan heyvana bənzəyir. Odur ki, libası insan şəxsiyyətinin tablosu hesab etmək və əksər əxlaqi səciyyələri bu tabloda görmək olar. Libas tablosundan başa düşülür ki, onun sahibi hövsələsizdir, yoxsa hövsələli? Səliqəlidir, yoxsa səliqəsiz? Sərtdir, yoxsa mülayim? Ailəsi ilə rəftarı yaxşıdır, yoxsa pis?

Bir sözlə, libas bu üç məqsədi izləyir. Təqva da üç məqsədi izləyən bir libasdır:

1. Təqva insanın ruhunu qoruyur və onu, ruhunu zədələyən və hətta insan kəramətini məhv edən əxlaqi büdrəyişlərdən saxlayır.

2. Mаddi libаs insаnın еyiblәrini örtdüyü kimi, tәqvа dа еyiblәr üçün örtük sәbәbidir.

3. Təqva zinət və şəxsiyyət nişanəsidir, insana mənəvi gözəllik verir. Təqvalı insan hətta təqvasız insanların nəzərində belə möhtərəmdir.

Təqva adi bir libas deyil, əksinə ondan müharibə libası kimi də istifadə etmək olar; cihad insan həyatında daimi bir hadisə olduğundan, xüsusən, nəfslə mübarizə zamanı bu libasa ehtiyac da daimidir. (“İmam Əlidən (ə) 110 ibrət dərsi”, Ayətullah Məkarim Şirazi, səh.208-210.)

Demək, insanın bəla və təhlükələrdən qorunması, eyiblərinin örtülməsi və mənəvi gözəlliyə sahib olması üçün bu müharibə libasından daimi bəhrələnməsi zəruridir.

İmam Əli (ə) necə də gözəl buyurmuşdur:

فَاعْتَصِمُوا بِتَقْوَى اللَّهِ، فَانَّ لَها حَبْلًا وَثيقاً عُرْوَتُهُ، وَمَعْقِلًا مَنيعاً ذِرْوَتُهُ؛

“(Ey müsəlmanlar!) Ilahi təqvadan yapışın ki, təqva dəstəyi möhkəm bir kəndir və zirvəsi bərk bir sığınacaqdır.” (“Nəhcül-bəlağə”, xütbə 190.)

İmam Əli (ə) xütbəsinin bu hissəsində təqva üçün iki təşbeh bəyan etmişdir:

1. Təqvanın dəstəyi möhkəm və qırılmaz bir kəndirdir. Bu təşbeh Quran üçün də bəyan olunmuşdur. (İmam Rzadan (ə) nəql olunan bir hədisdə Qurani-Kərim möhkəm və qırılmaz bir kəndirə bənzədilmişdir. (“Mizanul-hikmət”, 8-ci cild, səh. 70, fəsil 3294, hədis 16136.)

Bu təşbeh, iki mətləbdən birinə işarə ola bilər:

a) Dünya insanların dərinliyində yaşadıqları bir quyu kimidir; belə bir şəraitdə onların həmin quyudan nicat tapması üçün möhkəm bir kəndir lazımdır. İmam Əli (ə) də bu hədisdə təqvanı insana nəfsi istəklər və maddiyyat adlı quyudan nicat verən bir kəndirə bənzədir.

b) Qorxulu və təhlükəli dərə-təpələri olan hündür zirvə və dağları fəth etmək istəyənlər, adətən, özləri ilə birlikdə uzun bir ip götürür və hamılıqla həmin ipdən yapışırlar ki, bir nəfərin ayağı sürüşdükdə, qalanları onu saxlaya bilsinlər. Bu zaman onların hamılıqla süqut etmə ehtimalı azdır. Demək, ayağı sürüşən şəxs həmin ipdən yapışdığı üçün süqut etmir.

Bəlkə də, Qurani-Kərimin وَ اعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَميعاً وَ لاتَفَرَّقُوا (Hamılıqla Allahın ipindən möhkəm yapışın və parçalanmayın!) – ayəsi (“Ali-İmran”/103) elə bu mətləbə işarədir ki, səadət zirvəsinin bütün yolçuları Allahın ipindən yapışdıqda, bəzilərinin ayaqları büdrəsə də, qalanları onları süqut etməkdən saxlayarlar.

2. İkinci təşbehdə isə, təqva düşmənin əlindən uzaq olan bir zirvəyə bənzədilir və təqvalı insan əlçatmaz zirvəyə yüksəlir. (“İmam Əlidən (ə) 110 ibrət dərsi”, Ayətullah Məkarim Şirazi, səh.198-199.)

Bəli, ilahi təqva ipindən yapışan insan nəfsi istəklər adlı qorxulu quyudan rahat çıxaraq səadət və təkamül zirvəsinə ucalır, behişti qazanmış olur

Rza Şükürlü (Maide.az)

 

1-ci yazını BURADAN oxuya bilərsiz. 

2-ci yazını BURADAN oxuya bilərsiz. 

 
 

Google+ WhatsApp ok.ru