BEHİŞTİN MADDİ-CİSMANİ NEMƏTLƏRİ - 3

BEHİŞTİN MADDİ-CİSMANİ NEMƏTLƏRİ - 3

3. BEHİŞT MƏSKƏNLƏRİ VƏ QƏSRLƏRİ

Qurani-Kərimin bəzi ayələrində müxtəlif təbirlərlə Behişt məskənlərinə ötəri işarə olunur. “Tövbə” surəsinin 72-ci ayəsində buyurulur:


وَعَدَ اللّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ وَرِضْوَانٌ مِّنَ اللّهِ أَكْبَرُ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
 

“Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları Cənnətlər vəd etmişdir. Həmçinin əbədi Cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük səadət!”

Bu təbir “Səff” surəsinin 12-ci ayəsində də işlənilir:



يَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَيُدْخِلْكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ


“O, sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki pak məskənlərə daxil edər...”

Ayələrdə qeyd olunan “təyyibə” (pak) sözü geniş məna daşıyır və bütün məziyyətlərə şamildir. Əslində isə, nəfsi pak insana qismət olan bəyənilmiş və ürəyin istədiyi şey, həmçinin hər cəhətdən pak-pakizə və layiqli həyat mənasını ifadə edir. Buna əsasən, Behişt məskənlərinə aid olanlar bu ifadədə tamamilə cəmləşmişdir.

“Furqan” surəsinin 75-ci ayəsində isə Behişt məskənləri üst mərtəbələr mənasını ifadə edən “ğurfə” sözü ilə işlədilir. Həmin ayədə buyurulur:


أُوْلَئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوا

“Onlar (rəhman Allahın həqiqi bəndələri) səbirləri müqabilində (Cənnətdə) yüksək dərəcələrlə (Behişt otaqları ilə) mükafatlandırılarlar!”

“Ğərf” sözündən götürülmüş “ğurfə” sözü bir şeyi götürüb meyil etmək mənasını ifadə edir. Əllə götürülüb meyil edilən şeyə (misal üçün, bulaqdan götürülən bir ovuc suya) “ğurfə” deyilir.

Talutla Calutun əhvalatından söz açılan “Bəqərə” surəsinin 249-cu ayəsində belə buyurulur:

فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللّهَ مُبْتَلِيكُم بِنَهَرٍ فَمَن شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَن لَّمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلاَّ مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ فَشَرِبُواْ مِنْهُ إِلاَّ قَلِيلاً مِّنْهُمْ


“Talut (Əmaliqə ilə döyüşmək üçün) qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: “Həqiqətən, Allah sizi bir çayla sınağa çəkəcək. Bəs, ondan içən məndən ayrı, içməyən isə məndəndir və əlinə bir ovuc su götürən də istisna edilər (güzəştə gedilər). Beləliklə, onların az bir hissəsi istisna olmaqla hamısı ondan içdilər...”

Bu ayədə “ğurfə” ilkin mənasında işlənib. Sonralar bu söz müəyyən bir baxışla evin üst mərtəbələrinə aid edilib. Ola bilər ki, bu ifadə Behiştin ən üstün məkanları və ən ali məqamıarına bir işarədir.

Diqqəti cəlb edən odur ki, sözügedən ayəyə əsasən, bu mükafat səbirlilərə məxsus edilir. Mələklərin pişvazı və salamı ilə Allahın həqiqi bəndələrinə verilən behiştin nur və mənəviyyatla dolu yüksək dərəcələri onların səbir və dözümlərinə görədir və bu da səbrin üstün və dəyərli xüsusiyyət olduğunu göstərir.
Bu məskənlər olduqca rahatdır, mülayim hava və gözəl mənzərəyə sahibdir. Bu cəhətdən də könül oxşayandır. Bütün bunlar elə “ğurfə” sözündən anlaşılır.

“Səbə” surəsinin 37-ci ayəsində belə buyurulur:

وَمَا أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُم بِالَّتِي تُقَرِّبُكُمْ عِندَنَا زُلْفَى إِلَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَأُوْلَئِكَ لَهُمْ جَزَاء الضِّعْفِ بِمَا عَمِلُوا وَهُمْ فِي الْغُرُفَاتِ آمِنُونَ


“Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin (dünyadakı) əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar Cənnət məskənlərində əmin-amanlıq içində olacaqlar.“

“Zumər” surəsinin 20-ci ayəsində başqa bir təbirlə belə buyurulur:


لَكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ غُرَفٌ مِّن فَوْقِهَا غُرَفٌ مَّبْنِيَّةٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ


“Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş (mərtəbə-mərtəbə) məskənlər gözləyir. Onların altından çaylar axır...”

“Duxan” surəsinin 51-52-ci ayələrində Behişt əhlinin məskənlərinə işarə edilərkən belə buyurulur:


إِنَّ الْمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٍ. فِي جَنَّاتٍ وَعُيُونٍ


“Həqiqətən, təqvalılar qorxusuz-xətərsiz bir yerdə olacaqlar – bağların və çeşmələrin arasında!”

Qeyd etməliyik ki, bəzi ayələrdə də işarə olunduğu kimi, insanın rahatlıq və sakitlik vasitələrindən biri də məskəndir. Məskən sözü “sükun” sözündən götürülmüş, rahatlıq mənasını verir. Əgər həmin məskən pak-pakizə, hər bir çirkinliklərdən uzaq, təhlükəsiz-xətərsiz olarsa, xoşbəxtlik əlaməti sayılır.

Qurani-Kərimdə bir neçə şey maddi və mənəvi baxımdan rahatlıq vasitəsi hesab edilir:

1. Dünya və axirətdə münasib yaşayış evləri.

 “Nəhl” surəsinin 80-cı ayəsində buyurulur:

وَاللّهُ جَعَلَ لَكُم مِّن بُيُوتِكُمْ سَكَنًا

“Allah evlərinizi sizə məskən (rahatlıq və dincəlmə yeri) etdi...”

2. Münasib zövcələr. “Rum” surəsinin 21-ci ayəsində buyurulur:

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا

“Onların yanında aramlıq tapasınız deyə sizin üçün öz cinsinizdən zövcələr yaratması Onun nişanələrindəndir.”

3. Rahatlıq vasitəsi kimi tanıtdırılan gecə.

 “Ənam” surəsinin 96-cı ayəsində buyurulur:


وَجَعَلَ اللَّيْلَ سَكَنًا

“...O, gecəni rahatlanma mənbəyi (istirahət vaxtı) etdi...”

4. İmandan qaynaqlanan rahatlıq. “Fəth” surəsinin 4-cü ayəsində buyurulur:

هُوَ الَّذِي أَنزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ

“Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlblərinə rahatlıq nazil edən Odur.”
(“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.93-94).

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru