BEHİŞTİN QİYMƏTİ VAR!

İmam Əli (ə) ondan öyüd-nəsihət istəyən şəxsə belə buyurmuşdur:

لا تَكُنْ مِمَّنْ يَرْجُوا الْآخِرَةَ بِغَيْرِ الْعَمَلِ، وَ يُرَجِّي التَّوْبَةَ بِطُولِ الْامَلِ، يَقُولُ فِى الدُّنْيا بِقَوْلِ الزَّاهِدينَ وَ يَعْمَلُ فِيها بِعَمَلِ الرَّاغِبينَ؛

“Əməlsiz (ibadət və xeyir işləri olmadan) axirətə ümid bəsləyənlərdən və uzun-uzadı arzu ilə tövbəni təxirə salanlardan olma! Belələri dünya ilə bağlı zahidlər kimi danışsa da, dünyaya rəğbət bəsləyənlər tək əməl edirlər.

(“Nəhcül-bəlağə”, qısa kəlamlar 150.)

 

ŞƏRH VƏ TƏFSİR

Bu hədisdə fərd və cəmiyyətin dünya və axirət səadətinə səbəb olan üç mühüm göstəriş verilir:

1. Behiştin qiyməti var; əməlsiz danışıq insana nicat verə bilməz. Yalnız dinə, imamətə və din rəhbərlərinə eşq-məhəbbət iddiası çətinliklərin düyününü açmayacaq və əməlsiz dil lağlağısı ilə axirət səadətini qazanmaq qeyri-mümkündür.

2. Tövbə və Allaha qayıdış tükənməz arzularla uzlaşmır. Məxsusən, insan öz gələcəyi barədə heç bir məlumatı yoxdur və haçan öləcəyindən xəbərsizdir. Bir an sonra yaşayacağı və ya öləcəyini bilməyən insan necə uzun arzulara qapılır?! Uzun arzularla qovrulan insan necə tövbə edə bilər?! Əcəl – xəbərdarlıq siqnalı bu dərdin sağalması üçün mühüm bir dərmandır. Həzrət Süleymanın (ə) əcəli çatdıqda, hətta ona oturmaq imkanı verilmədi və ayaqüstə ruhu Allaha tapşırıldı. (“Təfsiri-nümunə”, 18-ci cild, səh. 44.) Demək, əlçatmaz arzularla tövbəni təxirə salmamalıyıq.

3. İmam Əlinin (ə) üçüncü nəsihəti budur: “Sözü ilə əməli arasında fərq olan insanlardan olma! Bəziləri dünya haqqında elə sözlər deyirlər ki, sanki dünyanı tərk etmiş və zahidlik yolunu tutmuş, əməl məqamında isə, tamamilə dünyaya bağlanmışlar. Çalış ki, sözünlə əməlin bir olsun!

Dünyaya bağlananlar kimlərdir? O kəslərdir ki, iki yolayrıcında Allaha arxa, dünyaya isə üz çevirirlər. İki yolayrıcında duran insanlar da üç qrupa bölünürlər:

Birinci qrup qeyd-şərtsiz dünya yolunu seçən və Allaha arxa çevirən, ikinci qrup birinci qrupa əks rəftar edən və axirət yolunu seçən, üçüncü qrup isə şəkk-şübhəyə qapılan və sərgərdan qalanlardır. Sonuncu qrupa şəhidlər sərvəri imam Hüseynin (ə) şəhadəti müqabilində Rey şəhərinin hakimliyi ilə yanaşı, həm də sağlamlıq evi olan behişti arzulayan Ömər ibn Sədi, başqa sözlə, əql ilə “əmmarə nəfsi”nin (pis işlərə əmr edən nəfs) mübarizəsində əqli məğlub olanları misal çəkmək olar!

Rza Şükürlü

Google+ WhatsApp ok.ru