Belə absurd “abadlaşdırma” görünməmişdi...

Paytaxtda və bir sıra rayonlarda magistral yola yaxın binalarda fasad yenilənir. Heç də ürəkaçan iş deyilmiş. Bunu həmin evlərin sakinləri bilir. Bədbəxtçilikdən mənim yaşadığım ev də magistrala yaxındır və şəhərimizə gələn əcnəbilər onu da gözəl görsün deyə, 10 gündür dincliyimiz yoxdur. "Xoşbəxtçilikdən" ona görə demədim ki, burada özünü xoşbəxt hiss etməli bir şey yoxdur. Adətən təmir işləri ev sahibini yorur, ustanın çıxıb gedəcəyi günü səbirsizliklə gözləyirsiz. İnsan evini təmir etməyə hazırlaşanda özünü bu işə həm maddi, həm də psixoloji baxımdan hazırlayır. Burada isə vəziyyət bizim iradəmizdən kənardır. İş həm də hökumət səviyyəsində və çoxmənzilli evdə gedirsə, onun vaxtına siz nəzarət edə bilmirsiz, əziyyətini isə bölüşürsüz. Evimizin pəncərəsinə qədər gəlib çıxan dəmir konstruksiya və orada işləyən fəhlələri görəndə məşəqqətli günlərimizin hələ qabaqda olduğunu anladım. Hərənin bir tərəfdən zəbt etdiyi, onsuz da kiçik olan həyətimiz döyüş meydanına bənzəyir. Binada olan bəzi layihədənkənar, amma uzun illərdir yerində duran və kimsəyə mane olmayan və kimsənin də toxunmadığı detallar sakinlərin etirazına baxmayaraq sökülür. Əslində söhbət yaşayış yerindən getdiyinə görə işə başlamazdan əvvəl sakinlər məlumatlanmalıydı. Amma göydən zənbillə düşər kimi oldular, bir də gördük, gəlib dəmir-dümürlərini töküblər həyətə... 
 
7 ballıq zəlzələyə bənd evdə bərkitmə işləri əvəzinə, estetik görkəm verilir 
 
Adətən hər bir layihəyə start veriləndə onun haqqında məlumat lövhəsi hazırlanır və yolun başlanğıcında qurulur. Bu lövhədə əsas məlumatlar - sifarişçi, podratçı, məsləhətçi-mühəndis, layihəçi haqqında ətraflı məlumatlar verilir, layihənin dəyəri, başlanğıc və qrafiklə bitməsi nəzərdə tutulan tarix göstərilir. Əksər yerli layihələrdə olduğu kimi, burada da məlumat lövhəsi qurulmayıb. Podratçı şirkət icra etdiyi layihəylə sakinləri tanış etməyib. Belə bir lövhənin olmaması səbəbindən lazımi məlumatları ala bilmədiyim üçün, iş icraçısı Rahib Məlikovla söhbət etdim. 
 
O, çevrədəki 16 binada podratçı "TNH" şirkətinin işlədiyini dedi. Özü isə "Global Construction" MMC-nin işçisidir. Briqadası ilə müqavilə əsasında burada işləyir. Dediyinə görə, artıq eyni vaxtda bir neçə binada işə başlayıblar. R.Məlikov: "Ayaqaltılar vurulur, başqa briqadaların gəlməyini gözləyirik. Binanın Layihəsi də hələ gəlib mənə çatmayıb. Təkcə bizim nəzarətimizdə 16 bina var. Paralel aparıldığına görə işlər ləngiyir. Yandakı 7 mərtəbəli zavod yataqxanasının isə söküləcəyi barədə ofisdə məlumat almışam. Çalışdığım "Global Construction" şirkəti, əsasən Bakıətrafı rayonlarda binaları təmir edirdi. Gələn il Bakıda keçiriləcək olimpiada ilə bağlı xarici qonaqların gəlişinə hazırlıq işlərinə görə buraya cəlb olunmuşuq. Ərazidə fasadı dəyişdirilməli xeyli bina var. Fasad işləri görüləndə binalarda irəli çıxan eyvanlar, əlavə tikililər söküləcək. Etiraz edən ev sahibləri var, amma xeyri yoxdur, qanunsuz tikililər könüllü sökülmədiyi zaman icra hakimiyyəti öz texnikasını gətirib dağıdır. Layihə gəlsin, mən özüm rəhbərliyə məlumat verəcəm, binanızda nəyi sökdüyümüzü, sonda nəyi yerinə bərpa etmək lazım olduğunu da onlara çatdıracam". 
 
Soruşdum "fasad işləri görülmədən içəridə bir mütəxəssis baxışı keçirilibmi, həqiqətən bu binanın problemi üzlüyü yeniləməklə həll olunacaq?" Belə cavab verdi: "Binanın seysmik davamlılığı 7 bal gücündədir. Artıq Sovetin, almanların betonu çürüyüb. Elə üzlüklərin qırılıb düşməsi də bunun sübutudur. Mingəçevirdən təzə gəlmişəm, 1986-cı ilin binalarına bir az vurursuz, beton örtüyü dağılır". 
 
Qeyd edim ki, çoxmənzilli binada 6 ballıq zələlədən xeyli çatlar yadigar qalıb, daha 6 ballıq zəlzələ bu evi yerlə-yeksan edər, heç 7 balı gözləməyə ehtiyac da qalmaz. Yaxşı, bəs binanın divarları görülən işlərə tab gətirəcəkmi? R.Məlikov: "Dözməlidir, görək. Üzlük poleritandan olacaq. 100 illik zəmanətlə ona qol çəkirlər, yuxarı qiymətlərlə Koreyadan, Soçidən gətirilən materiallardır". 
 
Mərkəzdəki fasadlar daş materialla üzlənir, bildiyimə görə, poleritan daşdan xeyli ucuz və müqayisədə aşağı keyfiyyətlidir. Əslində daşın estetik görkəminin adıçəkilən materialdan daha yaxşı olduğunu qeyd etdim. Rahib bunun əksini dedi, bazarda bir kvadrat metr poleritanın 128 manata olduğunu söylədi. Daş ondan ucuzmuş - kvadrat metri 77 manat. 
 
"TNH"dan sakinlərə "kondisioneri özünüz qoşun" göstərişi 
 
İş icraçısının sözlərinə görə, üzlüklərin dəyişdirilməsi dekorativ xarakterlidir və xarici qonaqlar üçündür. Dedi, həm də Prezident daha çox gediş-gəlişini burdan salır. Soruşdum "indi bu onun üçündür ki, baxanda onların gözləri xoş olsun?" Cavab verdi ki, "vallah düzünü desəm, hə". Dedim "əhalinin vəziyyəti kiməsə maraqlıdırsa, birinci növbədə binada bərkitmə işləri aparsınlar ki, bir gün başımıza uçmasın. Sakinləri binanın daxili möhkəmliyi daha çox maraqlandırır". Dedi ki, "onu rayon icra hakimiyyəti və mənzil istismar idarəsindən gələnlərə demək lazımdır. Sahə rəisinə deyərəm bu məsələni qaldırsın". 
Dediyinə görə, işçisi olduğu "Global Construction" şirkəti binaların bloklarını da kosmetik təmir edirdi: "İşlədiyim şirkət Qaradağ, Nizami, Nərimanov, Sabunçu rayonlarında fasadları yeniləyib. Təkcə Ayna Sultanovada 17 binanın fasadı dəyişdirilib. Gəncə, Şəmkir, Gədəbəy, Mingəçevirdə də işlər görülüb. Bəzi idman yarışları orada keçiriləcək. Bu şirkətə isə təzə gəlmişəm, hansı siyasət yürütdüklərindən xəbərsizəm. Bakı uşaqları işləyə bilmədiklərindən, rayonlardakı briqadalarımızdan buraya gəlirlər". 
 
İrad tutdum ki, binaları üzdən ağartmaqla camaat ağ günə çıxmır, evlərin əsaslı təmirə ehtiyacı var, xüsusilə də Sovet vaxtında tikilənlərin hay-hayı gedib, vay-vayı qalıb. Rahib bəzi məmurların əvəzinə qızardı, "mənim də əlimdə olsaydı, onları təmir edərdim. Amma buna gücüm çatmır, layihəni icra hakimiyyəti verir, sifarişçi dövlətdir", dedi. 
 
İş icraçısı görüləcək işlər barədə danışdı: "Mayaklar atılacaq, üzərinə 60x40 ölçüdə profillər, yəni dəmir detallar toxunacaq, sonra poleritan özü vurulacaq. Axırda da gümüşü rənglə rənglənəcək. Ən sonda isə işıqlarla bəzədiləcək. Qaynaq işi gedəndə kondisionerlər çıxarılacaq. Detallar vurulandan sonra yer saxlayacağıq, hər kəs özü usta çağırıb kondisionerini qoyduracaq". 
 
Dedim, "yəqin, zarafat edirsiz...?". Məlum oldu ki, ciddidir: "Çox vaxt bizim işçilər ev sahibindən pul alıb kondisioneri özləri quraşdırırlar. Hörmət də eləmişik. Özümün də başım çıxır. Əgər kondisioner ustası gəlib 40-50 manat alacaqsa, bizimkilər 4-5 manata edirlər". 
 
"Amma yenə də düzgün deyil, mən xahiş etməmişəm ki, gəlib fasadı ağardasız", deyə irad tutdum. Görünür podratçı şirkət təcrübəsizlik edib, hökumətə təkliflərini verəndə bu işləri nəzərdən qaçırdıb, odur ki, indi öz səhvini sakinlərin hesabına ört-basdır etməyə çalışır. Ya da bu şəkildə "xaltura" edir. Həqiqətən bu işdən xoşum gəlmədi. Dedi: "Hələ bu harasıdır, kondisioneri özünüz sökdürüb özünüz qoydurmalısız. "Global"da özümüzün kondisioner ustalarımız vardı, gəlib edirdilər. Amma bu şirkətdə yoxdur". 
 
Rahib dedi ki, burada 2 aydan çox qalacaqlar. Zarafat da elədi: "Camaat bir biz gələndə sevinir, bir də gedəndə". Dedim, "bilmək olmaz, camaatın əmlakına toxunursuz, bu gedişlə bəlkə də sizi qovarlar, heç özünüzün getməyinizi gözləməzlər".
 
Fasadın magistrala "baxmayan" tərəfi yenilənməyəcək 
 
R.Məlikovun sözlərinə görə, evin damı da yenilənəcək. Bundan başqa, bəzi binaların blokları, pillələri, liftlərinin də təmir ediləcəyi barədə məlumat alıb: "Bizim şirkətdə binaların lifti və elektrik xətlərinin dəyişdirilməsi də bu işlərə daxil idi. Güman edirəm ki, burada da lift dəyişdirilər, çünki lift işləmir. Elektrik xətləri barədə hələlik məlumatsızam. Eyni zamanda pəncərələrin üzərindən kənara sürüşdürülə bilən əlavə pəncərə də qoyulacaq. 3 sahə gələn ilin mart ayına qədər bitməlidir. Sadəcə yol qırağında olanların fasadı yenilənir. Məsələn, bu binanın 3 tərəfi dəyişdiriləcək, magistral yoldan görünməyən yan tərəfi isə olduğu kimi qalacaq. Layihədə o hissənin yenilənməsi  yoxdur". 
 
Belə bir absurd "təmir" eşitmişdiniz? Harada görünüb ki, binanın yarısının fasadı təzələnsin, qalan yarısı köhnə vəziyyətdə qalsın? 100 ilin binasıdır, daşlar bir əsr boyu elə tündləşib ki, mən artıq mənzərəni təsəvvür edə bilirəm - bina öndən ağappaq görünəcək, yandan isə qapqara. Bir tərəfi "Ağ şəhər"i tərənnüm edəcək, o biri tərəfi isə "Qara şəhər"i. Görünür bizim "Ağ şəhər" xülyamız elə magistraldan görünən olacaq, gözdən uzaq "Qara şəhər" yerində qalacaq. Bundan başqa, 85 yaşlı qocanın da damı söküləcək. Yaşlı adam qəti şəkildə izin verməsə də, onun sözünə baxan kimdir? Soruşdum, "bəs o, harada yaşayacaq?". Dedi "bilmirəm". Bəli, bu layihədə fors-major halları nəzərə alınmayıb. Komanda da adekvat və mobil deyil. 
 
Bu da profildən iki fərqli evə bənzəyən "təmirli" bina
 
Binanın sadəcə 3 tərəfinin fasadının yenilənəcəyi ilə bağlı Rahibin dediklərini zarafat hesab eləmişdim, amma bir az aralıda çoxmənzilli evin həqiqətən də magistral yoldan görünən 3 tərəfində üzlüklər dəyişdirilib, binanın arxa hissəsi isə necə var, elə də qalır. Kənardan iki fərqli ev təsiri bağışlayır, amma bu, bir evin profildən görüntüsüdür. Ağ-qara evin bir neçə müddət əvvəl çəkilən üzlükləri artıq qopub. Bu həm estetik görkəmi korlayır, həm də adamların başına düşə bilər. Hər iki halda xaricilərin yanında biabır olacağıq. Üzlüklərin yerə tökülməsi onu göstərir ki, istifadə olunan materiallar iddia olunduğu kimi heç də uzunömürlü deyil. İş də aşağı keyfiyyətlidir. Hələ şəkildəki ev o qədər də köhnə deyil, 15 yaşı ancaq olar. 100 ilin binalarında bu üzlüklər necə dayanacaq, əminəm ki, yaxın aylarda öyrənəcəyik. Adətən belə məsələlərdə səhv proqnoz vermirəm. Rahib mənim xahişimlə həmin binaya mütəxəssis rəyi verdi. Dedi ki, divardakı alkapon materialı profilə yaxşı bərkidilmədiyi üçün tökülüb: "Alkapon poleritandan ucuz və aşağı keyfiyyətlidir. Eyni zamanda çətin material olduğundan, ustalar onu çox vaxt işləyə bilmirlər. Poleritan isə asan işlənir, dözümlüdür, paslanmır, yanmır". 
 
Bir neçə hərəkətli gündən sonra hazırda durğunluqdur, nə layihə gəlib, nə də əsas materiallar olan taxta və poleritan. Üzlüklərin sentyabrın 1-də gətiriləcəyi deyilir. Podratçının özünün briqadası da yoxdur, işləyən briqadalar isə fərqli şirkətlərə məxsusdur. İnternetdə axtarış verdim, bu boyda işi aparan "TNH" adında tikinti şirkəti barədə hər hansı məlumata rast gəlmədim. Adətən nüfuzlu və bazarda uzun müddət işləyən şirkətin mütləq web-saytı və barəsində məlumatlar olur. Tanınmayan bu şirkətin məhz fasad rekonstruksiyasını həyata keçirmək üçün yaradıldığı barədə hələlik ehtimal irəli sürmək olar. Müəssisə 50 yerdə iş götürüb, indi də çatdıra bilmir, gah ora qaçırlar, gah da bura. Ara yerdə kimlərsə pul qazanır, əziyyətini isə xalq çəkir... /Bizim Yol

Google+ WhatsApp ok.ru