Belarusda 5 mindən çox etirazçı saxlanıb

Belarusda 5 mindən çox etirazçı saxlanıb

Avqustun 11-də Belarusda seçkisonrası etirazların üçüncü gecəsi polis yenə gözyaşardıcı qaz, rezin güllələrə əl atıb. Sosial mediada yayılan video və fotolarda polisin müxtəlif yerlərdə etirazçıları saxladığı görünür.
 
AzadAvropa/AzadlıqRadiosu-nun Belarus xidməti hakimiyyətin faktiki olaraq komendant saatı tətbiq etdiyini, küçələrdə gəzənləri, avtomobilləri, bəzi sürücüləri saxladığını, ictimai nəqliyyatı məhdudlaşdırdığını xəbər verir. Polis sakinlərə, jurnalistlərə, siqnal verən avtomobillərə hücum edir.
 
Təhlükəsizlik qüvvələri əhalinin mərkəzi meydanlarda, inzibati binaların yaxınlığında yığışmasını önləyir. Puşkin metrostansiyası yaxınlığında bir neçə etirazçı saxlanıb. Buranın etirazların mərkəzi olacağı gözlənirdi, sakinlər avqustun 10-da ölən etirazçının xatirəsinə güllər, ağ lentlər qoyurlar.
 
Bir sıra şəhərlərdə nümayişlərin keçirildiyi, polislə toqquşmanın baş verdiyi xəbər verilir. Ancaq bu dəfə etirazlar öncəkilərdən miqyasına görə daha kiçikdir. Əvvəlki etirazlarda minlərlə insan Prezident Alyaksandr Lukashenka-nın 26 illik idarəçiliyinə qarşı çıxıb, seçkinin nəticələrindən narazılığını bildirib.
 
Mərkəzi Seçki Komissiyası Lukashenka-nın 80 faizdən çox, onun əsas rəqibi olmuş Svyatlana Tsikhanouskaya-nın isə 10 faizdən az səs yığdığını elan edib.
 
İndiyədək 5 mindən çox etirazçı saxlanıb, 200 nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər etirazlarda həlak olub.
 

Google+ WhatsApp ok.ru