Belarusda yüzlərlə etirazçı saxlanıb

Belarusda yüzlərlə etirazçı saxlanıb

 Sentyabrın 27-də Belarusda etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə olunub, yüzlərlə etirazçı saxlanıb. Alyaksandr Lukaşenkanın prezident elan olunmasına qarşı kütləvi etirazlar artıq 50-ci gündür davam edir.
 
Müxalifət və Qərb ölkələri 9 avqust seçkisinin saxtalaşdırıldığını deyir. Qərb Lukaşenkanı prezident kimi tanımır. Paytaxt Minskdə 100 minədək insan küçələrə çıxaraq müxalifətin qırmızı və ağ bayraqlarını qaldırıblar.
 
 
Etirazçılar “faşist”, “utanın” şüarları səsləndirib, Lukaşenka və hökumətinə etirazlarını ifadə ediblər.
 
Minskdə nümayişçilərin bir qismi axşam saat 6-da yağış başlayanda dağılışıblar. Ancaq xeyli insan Müstəqillik Prospektində qalaraq yolu bağlayıb, bəziləri avtomobillərini aşağı sürətlə sürüblər.
 
Qomel şəhərində polis etirazçıları gözyaşardıcı qazla dağıdıb, havaya atəş açıb, saxlananlar var.
 
Qrodna şəhərində də nümayişçilər saxlanıb, gözyaşardıcı qazdan istifadə olunub. Digər şəhərlərdə də yürüşlərin keçirildiyi xəbər verilir.
 
Daxili İşlər Nazirliyi ölkə üzrə “200-dək” etirazçının saxlandığını etiraf edib. “Vyasna” insan haqları qrupu gün ərzində saxlanan 341 nəfərin adlarını dərc edib.
 
1994-cü ildən hakimiyyətdə olan Lukaşenka sentyabrın 23-də gizli andiçmə mərasimi keçirib. Bundan dərhal sonra Avropa Birliyi üzvləri və Birləşmiş Ştatlar onun legitimliyini tanımadıqlarını bəyan ediblər.
 
 “Xalq andiçməsi”
 
Son etirazın müxalifətin mühacirətdə olan namizədi Svetlana Tixanovskayaya dəstək məqsədilə “xalq andiçməsi” kimi keçirildiyi bildirilir. Tixanovskaya hazırda Litvadadır. O, səslərin 60-70 faizini yığdığını iddia edir. Rəsmi nəticələrə görə, Tixanovskaya 10 faizdən az, Lukaşenka isə 80 faizdən çox səs yığıb.
 
“Bu gün etirazların 50-ci günüdür. Bu rejimi dayandırmalıyıq və bunu dinc yolla edirik”, – Tixanovskaya videomüraciətində deyib.
 
Yeddi həftədir yüzminlərlə belaruslu küçələrə çıxaraq Lukaşenkanın istefasını, yeni seçki keçirilməsini tələb edir.
 
Lukaşenka etirazçılara qəddarlıqla divan tutmaq göstərişi verib. Minlərlə etirazçı saxlanıb, saxlananlar döyüldüklərini, işgəncəyə məruz qaldıqlarını deyiblər.
 
Lukaşenka isə prezident seçkisinin saxtalaşdırılması iddialarını rədd edib. / azadliq.org/ 
 

Google+ WhatsApp ok.ru