Benzin bahalaşacaqmı?

Benzin bahalaşacaqmı?

Musavat.com saytında «Benzin bahalaşacaqmı: iqtisadi əsaslandırma və rəy» sərlövhəli yazı oxumaq olar.
 
Müəllif sərlövhədə əks olunan mövzunu ekspert İlham Şabanla dəyərləndirib.
 
Yazıda bildirilir ki, bu günlərdə «Premium Euro-95» və «Super Euro-98» markalı avtomobil benzinlərinin qiymətinin artılacağı barədə mülahizələr yürüdülür: «Azərbaycana idxal olunan «Premium Euro-95» markalı avtomobil benzininin hər litri hazırda orta hesabla təxminən 1.35-1.4 AZN-ə başa gəlir. Hazırda Azərbaycandakı yanacaqdoldurma məntəqələrində «Premium Euro-95» markalı avtomobil benzininin pərakəndə satış qiyməti hər litr üçün 1.25 AZN (0.74 ABŞ dolları), «Super Euro-98» markalı avtomobil benzinin pərakəndə satış qiyməti isə 1.5 AZN (0.88 ABŞ dolları) təşkil edir».
 
Müəllif bildirir ki, onlar yerli istehsal yox, ölkəyə idxal olunan benzin növləridir və dünya qiymətləriylə tənzimlənir.
 
Yazıda qeyd edilir ki, Aİ-92 isə ölkədə istehsal olunan və kütləvi istehlak edilən markadır. Onun bahalaşması, bir qayda olaraq, ardınca digər sahələrdə də təsir göstərir.
 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İ.Şaban deyib ki, əksər ölkələrdə benzinin maya dəyərinin tərkibi dəqiqliklə ictimaiyyətə açıqlanır. Ancaq ekspert vurğulayıb ki, Azərbaycanda belə məlumatlar ictimaiyyətə açıqlanmır: «Heç bilmək olmur ki, SOCAR-ın neft emalı zavodu neftin tonunu, litrini neçəyə alır, benzinin maya dəyərində onun payı nə qədərdir. Bir ildə hər operator şirkət nə qədər benzin satır, nə qədər qazanc əldə edir».
 
Konkret olaraq Aİ-92 markalı benzinin bahalaşması ehtimalına gəlincə, İ.Şaban bunları deyib: «Bizdə bu sahədə dövlət tənzimləməsidir, bazar iqtisadiyyatı mövcud deyil. Hökumət istəsə, qaldıracaq, istəməsə, yox...». (azadliq.org)
 

Google+ WhatsApp ok.ru