Benzini bahalaşdırıb büdcəni doldururlar

Benzini bahalaşdırıb büdcəni doldururlar

"Exo" qəzetində "Benzinin qiymətinin bahalanması Azərbaycanın hər bir vətəndaşının həyatında əksini tapacaq" sərlövhəli məqalə oxumaq olar. Yazıda Aİ-92 markalı benzinin bahalanması ekspert Nəriman Ağayevlə müzakirə edilir.
 
"Aİ-92 markalı benzinin bahalanması əsasən avtomobil sahibi olan vətəndaşların xərclərinə təsir edəcək. Benzinə çəkilən xərclər artır, gəlirdən xərclərə ayrılan hissə çoxalır. Elə buna görə də başqa sahələrə, o cümlədən ərzağa ayrılan vəsaitin həcmi azaldılacaq. Nəticə etibarilə tariflərin bahalanması hər bir vətəndaşa təsir göstərəcək", - deyə N.Ağayev qəzetə bildirib.
 
Bununla belə o hesab edir ki, iyulun 15-də Tarif Şurasının qərarı ilə Aİ-92 markalı benzinin satış qiymətinin 70 qəpikdən 90 qəpiyə qaldırılması ərzağın bahalanmasına təsir etməyəcək. Ekspert vurğulayır ki, yükdaşımada əsasən dizel yanacağından istifadə edilir:
"İctimai nəqliyyat da dizel yanacağından istifadə edir. Amma taksi sistemində gediş haqları arta bilər. Çünki kiçik mağazalarda malları daşımaq üçün ya şəxsi avtomobillərdən istifadə edilir, ya da kənardan avtomobil cəlb olunur. Yəqin ki, belə yerlərdə qiymət bahalanması olacaq".
 
Ekspert SOCAR rəsmisi Davud Məmmədovun bu bahalanmanın neft emalı sahəsinin modernləşdirilməsinə müsbət təsir edəcəyi haqda dediklərini isə qəbul etmir.
 
N.Ağayevin fikrincə, SOCAR-a əlavə vəsaitlər lazım idisə, daha çox istiqraz buraxa bilərdi.
 
Ekspert hesab edir ki, benzinin bahalanması büdcəni doldurmaq məqsədi güdür:
"Ola bilər ki, gələn ilin əvvəlində əmək haqlarının və pensiyaların cüzi artımı da baş versin".

Google+ WhatsApp ok.ru