Beyin üçün `prosessor` yaradılır

Beyin üçün `prosessor` yaradılır

Hazırda bir neçə elmi müəssisə beyin implantlarının hazırlanması ilə məşğul olur. Belə ki, qurğuların mövcud prototipləri qismən iflic olmuş meymun və insanların hərəkətliliyini bərpa etməyə imkan verir. Bununla belə indiyədək beyin implantı kommersiya cəhətdən reallaşdırılmayıb. Bundan başqa, onlar əks-əlaqəni – periferik elementdən beyinə siqnalların ötürülməsini təmin etmirlər. Bu halda iflic olmuş əl-ayağın idarə edilməsi yalnız bilavasitə müşahidə əsasında həyata keçirilə bilər.
 
Maide.Az “ICTnews”a istinadən xəbər verir ki, belə sistemlərdən fərqli olaraq “ARM Holdings” beyin implantı yalnız hərəkət etməyə deyil, həm də bədənin iflic olmuş hissələrindən informasiya əldə etməyə imkan verəcək. Məsələn, çip pasiyentlərə səthin temperaturunu hiss etməyə kömək edəcək. “ARM Holdings” şirkətinin səhiyyə sahəsi üzrə işləmələr bölməsinin direktoru Piter Ferqyuson deyib ki, mühəndislər artıq qurğunun bir neçə işçi prototipini hazırlayıblar. Bununla belə bu prototiplər yüksək enerji sərfiyyatı və çox qızma səbəbindən sınaqlar üçün yararsızdır. Layihədə Vaşinqton Universiteti iştirak edir.
 
“ARM Holdings” şirkətinin tədqiqat təşkilatları ilə razılaşması 10 il müddətinə hesablanıb. Birinci mərhələdə müəlliflər beyinə implantasiya ediləcək implant yaratmaq niyyətindədirlər. İmplant onurğa beyin stimulyatoru vasitəsilə məlumat mübadiləsi edəcək. Mərhələnin uğurla  başa çatması halında belə implanta malik pasiyentlər yenidən iflic olmuş əl-ayaqlarını hərəkət etdirə biləcək. Bundan sonra alimlər iflic olmuş şəxslərə taktil hissiyyatı qaytaracaq əks-əlaqənin təmini üçün interfeys hazırlamağı planlaşdırır. /

Google+ WhatsApp ok.ru