Beynəlxalq Avtovağzal Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Ramazan bayramı ilə əlaqədar olaraq iyulun 25-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Avtovağzal Kompleksindən İnterAz-a verilən məlumata görə, bayram günlərində gücləndirilmiş iş rejiminə səbəb sərnişindaşımada intensivliyin artması ilə bağlıdır.

 

Kompleksin əməkdaşlarının sözlərinə görə, yay mövsümündə hər gün 10-11 min sərnişin daşınırdısa, bayram vaxtı bu rəqəmin 15 minə çatacağı gözlənilir. Buna görə də marşrutlara buraxılan avtobusların sayı artırılacaq.

 

Belə ki, adi günlərdə xəttə 400-450 avtobus buraxılırdı. Bayram günlərində isə onların sayı 550-600-ə çatdırılacaq.

 

Qeyd edək ki, avtovağzalda qiymət intizamına nəzarət komissiyası yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət edə bilərlər./

Google+ WhatsApp ok.ru