Böhranın vurduğu şirkətlərin borcunu kim qaytaracaq?

Samir Əliyev: ``Azerenerji` və digər şirkətlərin kreditləri dövlət təminatı ilə alındığından onların ödənilməsi büdcənin üzərinə düşəcək`

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycan manatının 34 faizə yaxın devalvasiyasından sonra “Azərenerji”nin ən riskli vəziyyətə düşən dövlət şirkəti olduğunu açıqlayıb. Agentliyin manatın devalvasiyasının “Azərenerji”nin kredit öhdəliklərini müstəqil şəkildə yerinə yetirmək imkanlarını zəiflətdiyini bildirdiyi barədə məlumat vermişdik.
 
Agentlik hesab edir ki, daha zəif kredit qabiliyyəti “Azərenerji”nin reytinqinin aşağı düşməsinə gətirib çıxarmazdı, çünki dövlət şirkəti olan və dövlətdən dəstəklənməkdə davam edən “Azərenerji”nin reytinqi Azərbaycanın suveren reytinqi (BBB-proqnoz “Stabil”) ilə eyni səviyyədədir.
 
“Biz hesab edirik ki, ”Azərenerji" daha ciddi risklərə məruz qalıb. Çünki onun borclarının az qala 80 faizə yaxını xarici valyuta ilə, əsasən avro, dollar və yapon iyeni ilə nominasiya olunub. Bu zaman şirkətin bütün gəliri milli valyuta ilə daxil olur. Şirkət bu riski azaltmaq üçün mühüm ehtiyat fonduna malik deyil. Bununla belə “Azərenerji”nin kreditlərinin əsas hissəsi dövlət təminatı altına alınıb" - deyə “Fitch Ratings” bildirib.
Agentliyin proqnozlarına görə, “Azərenerji”nin maliyyə mövqelərinin pisləşməsi kovenantların, yəni kreditlər üzrə öhdəliklərinin yerinə yetirilməsi şərtlərinin pozulmasına gətirib çıxara bilər. Nəticədə şirkət ya kreditlərin qaytarılması şərtlərini dəyişdirmək üçün danışıqlara başlamalı, ya da dövlət borcların qaytarılması qrafikinin pozulmasını aradan qaldırmaq üçün müdaxilə etməlidir.
 
Agentlik eyni zamanda risklə üz-üzə olan digər dövlət nəzarətində olan digər strukturların da adını çəkib. Onlar “Azərbaycan Dövlət Dəmiryolları” QSC, ARDNŞ-dir. Amma “Azərenerji”dən fərqli olaraq “Azərbaycan Dövlət Dəmiryolları” QSC, ARDNŞ-in durumu nisbətən yaxşıdır.
Bu da onunla əlaqəlidir ki, ADD-yə daxilolmaların üçdə ikisinə yaxını beynəlxalq və tranzit yükdaşımalarının hesabınadır.
 
Agentlik ARDNŞ-in də borclarının 80 faizindən çoxunun dollarla nominasiya olunduğunu açıqlayıb. Lakin eyni zamanda şirkətə daxil olan vəsaitlərin də böyük əksəriyyəti dollarladır. Bu da manatın devalvasiyasını kompensasiya edir.
 
Amma Azərbaycanda bir sıra nazirliklər də var ki, onların da müəyyən dərəcədə xarici borclanmaları var. O zaman yaranmış situasiyada onların taleyi necə olacaq? Belə nazirliklərə misal olaraq Nəqliyyat Nazirliyini göstərmək olar.
 
İqtisadçı Samir Əliyev "Azadlıq" qəzetinə bildirib ki, beynəlxalq agentlik devalvasiya nəticəsində dövlət şirkətlərinin - “Azərenerji”nin, “Azərbaycan Dövlət Dəmiryolları” QSC-nin, ARDNŞ-in durumunun yaxşı olmadığını açıqladı. S.Əliyevin sözlərinə görə, bu üç müəssisə arasında ən yaxşı vəziyyətin SOCAR-da olduğu bəyan edilsə də, bunun səbəbi şirkətin xaricə məhsul satmasıyla bağlıdır. Amma “Azərenerji” və “Azərbaycan Dövlət Dəmiryolları” QSC-nin durumu pisdir: “Bu tip dövlət şirkətləri sözsüz ki, yenə də var. Bir müddət sonra biz onların da adlarını eşidəcəyik. Sadəcə olaraq ”Azərenerji", “Azərbaycan Dövlət Dəmiryolları” QSC, ARDNŞ dövlət şirkətləri olduqlarına görə Azərbaycanın reytinqi onlara bağlıdır. Azərbaycanın bir dövlət olaraq reytinqində hələlik dəyişiklik yoxdur. Əgər dövlətin suveren reytinqi aşağı düşərsə, bu, dövlət şirkətlərinin reytinqinə də təsir edəcək".
Hər üç şirkətin dollar ilə borc aldığını deyən S.Əliyev vurğuladı ki, manatın devalvasiyası həmin kreditlərin qaytarılmasını çətinləşdirib. Çünki “Azərenerji”, “Azərbaycan Dövlət Dəmiryolları” daxilə məhsul satır. Onların bu öhdəlikləri qaytarmaqla bağlı durumu çətin olacaq".
 
Hər üç şirkətin arxasında dövlətin durduğunu deyən S.Əliyev bildirdi ki, həmin kreditlər dövlət təminatı ilə alınıb və kreditlərin ödənilməsi dövlət büdcəsinin üzərinə düşəcək.

Google+ WhatsApp ok.ru