Böhranın zərbəsi xalqa dəyir

Böhranın zərbəsi xalqa dəyir

"Yeni Müsavat" qəzetində "İqtisadiyyatın böyüməsindən daha çox faydalananlar onun kiçilməsindən də qazanırlar" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, ölkədə böhran yaşansa da, oliqarxlar qazanmaqda davam edir.
 
İqtisadçı-ekspert Qubad İbadoğlu deyib ki, adətən avtoritar rejimlərdə iqtisadi böhranın mənfi nəticələrini aztəminatlı insanların, azad sahibkarların üzərinə yükləyirlər: "İqtisadi böhrandan ən çox əziyyət çəkən əhalinin aztəminatlı hissəsidir. Eyni zamanda kiçik və orta sahibkarlardır. Belə bir yanaşma var ki, iqtisadiyyatın böyüməsindən daha çox faydalananlar iqtisadiyyatın kiçilməsindən də qazanırlar".
 
Q.İbadoğlu bu halı sistem ilə əlaqələndirir.
 
İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, belə bir vəziyyət xalqın hakimiyyətə nəzarət edə bilməməsindən irəli gəlir: "Dövlət qulluğunda işləyən, hökumətdə təmsil olunan, yüksək gəliri olmayan şəxslərin dəbdəbəli həyat sürməsi, artıq korrupsiyadan xəbər verir və bu, hüquq-mühafizə orqanlarının araşdırma mövzusudur".
 
N.Cəfərliyə görə də, bu problem siyasi sistemdən, iqtisadiyyatda inhisarçılıqdan qaynaqlanır. /

Google+ WhatsApp ok.ru