Bill Qeyts “ağıllı” şəhər layihəsinə 80 milyon dollar vəsait xərcləyəcək

Bill Qeyts “ağıllı” şəhər layihəsinə 80 milyon dollar vəsait xərcləyəcək

-- Yüz kvadratkilometr ərazidə 80 min ev yerləşəcək

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeytsin nəzarətində olan “Cascade Investment” investisiya qrupuna məxsus “Belmont Partners” şirkəti Arizona ştatındakı Finiks şəhərinin qərbində yeni “ağıllı” Belmont şəhərinin tikintisi üçün böyük torpaq sahəsi alıb. Milyarder layihəyə 80 milyon dollar investisiya qoyub.
 
“Vesti.ru” saytının məlumatına görə, sərmayədar qismində rəsmən “Delaware LLC” şirkəti çıxış edir. Yüz kvadratkilometr (24 800 akr) ərazidə 80 min ev yerləşəcək, o cümlədən 15 kvadratkilometr (3800 akr) sahə sənaye, pərakəndə satış və ofis tikililəri, təxminən bir o qədər ictimai məkan obyektləri üçün ayrılacaq. Məktəb binaları üçün 2 kvadratkilometr (470 akr) ərazi nəzərdə tutulur.
 
Məlumata görə, Belmont ən yeni texnologiyalar nəzərə alınmaqla layihələndiriləcək. Belə ki, “gələcəyin şəhəri” yüksək sürətli internet şəbəkəsi, məlumat emalı mərkəzləri, yeni istehsal texnologiyaları və avtomatlaşdırılmış nəqliyyat qovşaqları ilə təchiz olunacaq. Yollarda avtonom nəqliyyat vasitələri hərəkət edəcək. Bundan başqa, Belmonta gedən yolda Nevada ştatının Rino şəhərini və Meksikanı birləşdirən avtomagistralın çəkilməsi planlaşdırılır.
 
“McKinsey” şirkətinin hesablamalarına görə, 2020-ci ilədək “ağıllı” şəhərlərin sayı 600-ə çatacaq, sənayenin ümumi dəyəri isə 400 milyard dollar təşkil edəcək. Bundan əlavə, 2025-ci ilədək intellektual şəhərlərin dünya ümumi daxili məhsulunda payının 60 faizə bərabər olacağı proqnozlaşdırılır. (azertac)
 

Google+ WhatsApp ok.ru