Binədə Xocalı faciəsinə həsr olunmuş Quran gecəsi keçirilib

Mərasimdə tanınmış Quran qariləri, ziyalılar, o cümlədən ilahiyyatçı-alimlər iştirak ediblər

 Dünən Bakının Binə kənd məscidində Xocalı soyqırımının xatirəsinə həsr olunmuş Quran Gecəsi keçirilib.
 
İslamınSesi xəbər verir ki, mərasimdə tanınmış Quran qariləri, ziyalılar, o cümlədən ilahiyyatçı-alimlər iştirak ediblər. Tədbiri müqəddəs Qurani-Kərimin tilavəti ilə açıldı.
 
Mərasimdə çıxış edən AİP-in sədr əvəzi, ilahiyyatçı alim İlham Əliyev ilk öncə tədbir təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirərək, bu cür tədbirlərim sayının günü-gündən artırılmasının zəruri olduğunu söylədi.
 
İlham Əliyev ilk öncə çıxışını əziz islam peyğəmbərinin kəlamı olan ”Vətəni sevmək imandandır” kəlamı ilə başladı. O bildirdi ki, faciə anlamı ilahi dərgahda və Allah kəlamında olduqca böyük bir məsələ kimi qeyd olunub:
 
“Qurani-Kərimdə Allah-Təala buyurub ki, hər kəs bir nəfəri öldürərsə, bütün insanları öldürmüş sayılır. Bu baxımdan Xocalı kimi faciələrin necə də böyük bir faciə olduğunu başa düşmək elə də çətin deyil. Ona görə də Xocalı faciəsinin anım günləri və yaşadılması nəyin ki, hər il fevral ayının 26-sı, eyni zamanda bu cür faciəvi günləri anmaq və yaşatmaq hər vaxt həyata keçirilməlidir.”
 
Torpaqlarımızın işğaldan azad edilməsinin və Xocalı faciəsinin intiqamının alınmasının yeganə yolunun cəmiyyədə şəhadət ruhiyyəsinin və islam maarifinin təbliği ilə mümkün olduğunu söyləyən ilahiyyatçı, ”torpaqlarımızın işğaldan azad edilməsi yalnız bu yolla mümkündür. İnsanlar arasında İmam Hüseyn(ə)-ın yolu gecə gündüz təbliğ edilməlidir. Xalqımızın baş üzərində dövlət bayrağı ilə yanaşı, eyni halda halda İmam Hüseyn(ə)-ın da bayrağı dalğalanmalıdır”, - deyə bildirdi:
 
“İnsanlarımızın və xalqımızın xoşbəxtliyi İmam Hüseyn(ə)-ın məktəbinə sadiq qalmaq və dərs almaqla mümkün olacaq. Biz xalq və cəmiyyət olaraq şəhidlərimizin yolunu yaşamatlıyıq. İldə bir gün fevral ayının 26-da Xocalı soyqırımını anmaqla şəhidlərimizin haqqını əda etmiş sayılmarıq. Bu yol il boyu insanlara tanıtdırılmalı və təbliğ edilməlidir. Əslində belə bir yanaşma İmam Hüseyn(ə)-dan alınan dərslərin nəticəsidir. Əgər İmam Hüseyn(ə) bu günə qədər yaşayıbsa, bunların hamısı Kərbəla məktəbinin bütün zamanlarda təbliğin və diri saxlanılmasının nəticəsində olub. Necə ki, Əhli-Beyt(ə) öz kəlamlarında buyurublar ki, “Hər gün Aşura, hər yer Kərbəla”dır. Bizlərdə öz şəhidlərimizə və faciələrimizə bu cür yanaşmalıyıq.”
 
İlahiyyatçı sonda qeyd etd ki, şəhidlərimizin xatirəsini əziz tutmaq və onların yolunu təbliğ etmək xalq olaraq ən mühüm vəzifəmizdir: “Şəhidlərimiz vətən və din uğrunda canlarından keçərək bu dəyərlərin yaşamasına səbəb olublar. Xalqın qeyrətli oğullarının da vəzifəsi şəhidlərin yolunu yaşadaraq onların qanının batmasına icazə verməməkdir.”
 
Sonra çıxış üçün söz ilahiyyatçı-alim Hacı Əli Behiştiyə verildi. Ruhani çıxışı zamanı bildirdi ki, Allah dərgahında insanların dəyəri onların milləti, irqi, dili və dərisinin rənginə görə müəyyən edilmir: “Allah Qurani-Kərimdə buyurur ki, biz insanları bir ata və anadan xəlq etmişik. Yəni insanların hamıs yaradılış baxımdan bir-biriləri ilə bərabərdirlər. Onların Allah dərgahında üstünlüyü yalnız ilahi təqva ilə müəyyən edilir. İnsanların Xocalı kimi faciələri törətməsinin səbəbi də ilahi təqvadan və dini dəyərlərdən ayrı düşməsindən irəli gəlir. Yəni yalnız dinsiz və Allahdan uzaq düşmüş insanların bu cür cinayətlər törətməsi mümkündür.”
 
Mərasimdə daha sonra Quran qarilərinin iştirakı ilə Quranın müxtəlif surələrindən ayələri oxunub.
 
Məclisin sonunda vətən, torpaq uğrunda şəhid olanların ruhuna dualar oxundu və ehsan süfrəsi açıldı.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru