Binəqədidəki binanın qəsdən yandırılması iddiası ciddiləşir

Binəqədidəki binanın qəsdən yandırılması iddiası ciddiləşir

Binəqədidə 9 mərtəbəli binanın qəsdən yandırılması haqda vəkil İlhamə Həsənovanın iddiaları ciddi müzakirə mövzusuna çevrilib.
 
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Yeni Müsavat”a açıqlamasında vəkilin iddialarını kifayət qədər ciddi və cəsarətli adlandırıb. Deyib ki, hadisə baş verən zamandan sonrakı açıqlamalarında olayın təxribat olduğunu istisna etməyib: “Yanğının baş verməsi, belə sürətlə yayılması çox şübhəlidir. O zaman demişdim ki, bu yanğın təxribat ola bilər. Daha çox insanın tələf olmasına hesablanmış bir təxribat olubdur. Çox təəssüf ki, istintaq yenə də yanlış bir istiqamət götürdü. Kiçik məmurları cəzalandırmağa başladılar. Bəlkə də hazırda həbsdə olanların heç bir günahı yoxdur. İstintaq bu məsələnin kökünə gedib çıxmadı. Problemin kökünü xarici amildə axtarmaq lazım idi. Məhz xarici amil Azərbaycanda sabitliyin pozulmasında maraqlı ola bilərdi. Axı orta ranqlı məmurlar binaların üzlənməsi, büdcədən buna görə 22 milyon manat vəsait ayrılması haqda qərarları verən şəxslər deyillər. Həmin ”poliuretan" üzlüklər ölkənin digər böyük şəhərlərində də tətbiq olunmuşdu. Məsələ təqdim olunandan daha genişdir. Tutaq ki, Binəqədi rayonunun hansısa məmuru Mingəçevirdə və Gəncədə binaların üzlənməsi haqda qərar vermək səlahiyyətində deyil. Məsələ belə həssas məqamlara toxunduğu üçün kiçik məmurlar səviyyəsində qapadılması istiqaməti götürülüb. Vəkil xanımın açıqlaması kifayət qədər ciddi və cəsarətli açıqlamadır.
 
Bu, artıq istintaqı məcbur etməlidir ki, qaldırılan məsələlərə bir qədər fərqli rakursdan yanaşsın".
 
Ə.Oruclu istintaqın təxribat versiyasından yayınması haqda suala belə cavab verdi: “Təbii ki, istintaq vəkilin açıqlamasında irəli sürdüyü iddiaları nəzərdən keçirməlidir. Bunu mütləq etməlidirlər. Burada söhbət çox ciddi ittihamlardan, təxribatdan gedir. Söhbət çoxsaylı Azərbaycan vətəndaşlarının ölümünə, yaralanmasına, xəsarət almasına səbəb olan təxribatdan gedir. "Bu məsələ niyə araşdırılmır" sualına cavabım yoxdur. Bundan əvvəl Neft Akademiyasındakı terror da 3 kiçik uşağın ayağına yazıldı. Məsələ araşdırılmadı. Suallar çox, cavablar isə yoxdur”.
 
Qeyd edək ki, ötən il mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü, 56 nəfərin yaralanması ilə nəticələnmiş yanğın baş verib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə araşdırmalar davam etdirilir. İttihama görə, binanın üzləndiyi “poliuretan” adlı material keyfiyyətsiz olub, tez alışmasına səbəb də bu amil göstərilir.
 
İş üzrə həbsə alınan “poliuretan” məmulatını istehsal edən “Global Construction” MMC-nin təsisçisi Miryusif Mahmudovun vəkili İlhamə Həsənova “Yeni Müsavat”a müsahibəsində ilginc iddia irəli sürüb. Vəkil deyib ki, 2015-ci il mayın 19-na - məşum yanğına qədər də Bakıda “poliuretan”la üzlənmiş binaların qəsdən, silsilə olaraq yandırılmasına cəhdlər baş verib.
 
İ.Həsənova konkret ünvan da açıqlayıb - Nərimanov rayonu, Koveroçkin küçəsində yerləşən veteranların binası. Deyib ki, 2015-ci il mayın 7-də prezident həmin binanın yenidən təmir edilməsindən sonra açılış mərasiminə qatılıb. 9 gün sonra, 2015-ci il mayın 16-da naməlum şəxslər binanın damına çıxaraq orada neft məhsuluna batırılmış kəndiri yandıraraq üzü aşağı buraxıblar. Amma binanın üzləndiyi “poliuretan” alışmayıb və bu səbəbdən geniş sahəni əhatə edən yanğın meydana gəlməyib.
 
Vəkil bu fakta görə Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində əmlakın qəsdən yandırılmasına cəhd maddəsi ilə cinayət işi başlandığını da açıqlayıb. Maraqlıdır ki, hüquq-mühafizə orqanları bu işin istintaqının nə yerdə olması haqda ictimaiyyətə açıqlama vermirlər. (musavat.com)
 

Google+ WhatsApp ok.ru