Bir milyondan çox sosial media istifadəçisi Erdoğana 'yetər' dedi

Bir milyondan çox sosial media istifadəçisi Erdoğana 'yetər' dedi

-- Twitter-də

Türkiyədə bir milyondan çox sosial media istifadəçisi mayın 8-də Erdoğanın çıxışındakı “tamam” sözünü heşteqə çevirib.
 
Erdoğan parlamentdəki çıxışında xalq “yox” desə istefaya getməyə hazır olduğunu bildirmişdi:
 
“Əgər bir gün xalqımız tamam desə, biz bir kənara çəkilməyə hazırıq”.
 
Reuters agentliyi yazır ki, Türkiyə tarixinin ən populyar və ən bölücü lideri olan Erdoğanın 15 illik hakimiyyəti dövründə ölkə həm iqtisadi yüksəliş, həm də siyasi opponentlərin üzərinə ən böyük hücumların şahidi olub.
 
Ötən ay Türkiyədə seçkiləri bir il qabağa çəkmək barədə qərar qəbul edilib. Seçkilər iyunun 24-də keçiriləcək.
 
Erdoğan sözü gedən çıxışını başa vurar-vurmaz türkdilli Twitter-i #Tamam heşteqindən yazılan postlar bürüyüb. Az sonra bu heşteq qlobal trendinqə çevrilib.
 
İstifadəçilərdən biri yazıb: “Biz demokratiya istəyirik və Erdoğana #bəsdir deyirik. Zəhmət olmasa kürsünü tərk et. Sən bizim xalqımızın və ölkəmizin başına divanə işlər gətirmisən”.
 
Və yaxud başqa bir tvitdə oxuyuruq: “Sən bir tərəfə sakitcə çəkilməyəcəksən. Sən etdiklərin üçün cavab verməli olacaqsan. Yetər artıq!”
 
Bu virtual etiraz dalğasına Erdoğanın prezidentlik yarışındakı rəqibləri də qoşulublar. Onun üç əsas rəqibinin tərəfdarlarından 10 minədək “tamam” tviti gəlib.
 
CHP-nin əsas namizədi Muharrem İnce “Vaxtın çatdı, yetər artıq” yazıb.
 
Ənənəvi medianın Erdoğanı dəstəkləməsinə görə, indi Türkiyədə sosial media hökumətin əsas tənqid platformasına çevrilib. Erdoğanın bəzən gündə iki-üç dəfə səslənən nitqləri bütün əsas kanallar tərəfindən canlı yayınlanır. Mediada müxalifətə demək olar ki, meydan verilmir.
 
Maraqlıdır ki, “tamam” tvitləri üç əsas müxalifət partiyasının birləşməsi üçün fürsətli bir platformaya çevrilib. Bu da diqqəti çəkir ki, indi Erdoğana qarşı millətçi müxalifətlə kürdyönlü müxalifət birləşib.
 
Jurnalist Resen Çakır belə bir tvit yazıb: “Qəribəbir ki, Erdoğan müxalifətə belə bir birləşdirici şüar bağışlayıb”.
 
Lakin hökumət Twitter-də mayın 8-də 1, 5 milyon tvitə çatan etiraz dalğasını rədd edib. Rəsmilər bildirirlər ki, postların əksəriyyəti kürd PKK silahlılarının və Fethullah Gülen tərəfdarlarının bot hesablarından göndərilib.
 
Hakim AK partiyanın sözçüsü Mahir Ünal bu barədə deyib: “Bunların çoxu FETÖ və PKK-nın fəal olduğu ölkələrdən göndərilir. Əksəriyyəti bot hesablardır. Yunanıstandakıları da başa düşmək olar. Bəs Türkiyədəkilərə nə deyəsən?”.
 
Ünal belə bir post yazıb: “Seçki qutusunun nə demək olduğunu bilməyən klaviatura qəhrəmanlarını iyunun 24-də gecə görəcəyik”.
 
Lakin buna baxmayaraq onlarca insan şəhərlərin küçələrində səkilərə yanan şamlardan “tamam” sözünü düzüblər. Kadıköydə 10 nəfərin saxlandığı, lakin sonradan sərbəst buraxıldığı xəbər verilir.
 
İnsan haqları təşkilatları və Türkiyənin Qərb müttəfiqləri Ankaranı insan haqlarının bərbad vəziyyətinə görə sərt tənqid edirlər.
 
Hökumət isə bu tənqidləri rədd edərək bildirir ki, sərt tədbirlər təhlükələrin qaşısının alınması üçündür.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru