Birinci rübün iqtisadi yekunu: Ucuzlaşan manat yenə də təhlükədədir

Ekspertlər bildirirlər ki, inflyasiya basqısı gələn rübdə daha artıq hiss ediləcək, ümumdaxili məhsul azala bilər, iqtisadiyyat devalvasiyanı həzm edə bilməyəcək

 

2015-ci ilin ilk üç ayı arxada qaldı. Ölkə üçün ilk rübün iqtisadi yekunları isə ürəkaçan deyil. Fevral ayında baş verən devalvasiya, həmçinin neftin qiymətinin ucuzlaşması əsas məqamlardır. Ekspertlərin fikrincə, bu iki hadisənin ölkə iqtisadiyyatına təsiri isə uzunmüddətli olacaq. 
 
Ekspert Natiq Cəfərlinin sözlərinə görə, 2015-ci ilin ilk rübünün ən vacib iqtisadi hadisəsi manatın kəskin və qəfil ucuzlaşmasıdır: “Bu üç ayın, bəlkə də yaxın gələcəyin ən böyük hadisəsi devalvasiya ilə bağlı məsələ oldu. Azərbaycanda fevral ayında olan devalvasiya, Mərkəzi Bankın manatın kursunu kəskin endirməsi, 35 faizə yaxın ucuzlaşma ən vacib hadisələrdən biridir. Yaxın gələcəkdə də Azərbaycana və Azərbaycanın iqtisadi göstəricilərinə, iqtisadiyyatına ən çox təsir edən amil məhz bu olacaq. İkinci amil Azərbaycanın ən böyük gəlir mənbəyi olan neftin qiymətinin ucuzlaşmasıdır. Başqa sahələrdə ixracat potensialımız çox zəif olduğundan, ixracatımızın az qala 90-95 faizini neft, neft məhsulları və qaz təşkil edir. Bu səbəbdən də neftin qiymətinin düşməsi ikinci vacib hadisədir. Aşağı qiymətlərin uzunmüddətli olması ehtimalı yüksək olduğundan, bu, ən vacib hadisələrdən biri kimi göstərilə bilər”.
 
Ekspertin sözlərinə görə, üçüncü vacib hadisə isə bunların ikisinin təsiri ilə yaranmış inflyasiya basqısıdır: “Bu, qiymət artımı basqısıdır ki, yaxın gələcəkdə biz bunu daha ciddi hiss edəcəyik. Azərbaycanda çox kəskin inflyasiya prosesləri bu il ərzində gözlənilir. İnflyasiyanın ikirəqəmli olması ehtimalı çox yüksəkdir. Bu məsələlərin fonunda iqtisadiyyatda olan digər xroniki xəstəliklərin getdikcə daha çox üzə çıxması, özünü büruzə verməsi gözlənilir. Hələ mart ayının rəsmi rəqəmləri açıqlanmayıb. Amma yanvar-fevral aylarında nominal ümumdaxili məhsulun artımı təqribən 16 faizə yaxın aşağı düşüb. Yanvar-fevral aylarında keçən ilə nisbətən ümumdaxili məhsul azalıb. Ümumdaxili məhsulun nominal azalması getdikcə daha çox özünü büruzə verəcək. Azərbaycanda illərdir ki, hökumətin də sevə-sevə təkrar etdiyi ümumdaxili məhsulun sürətli artım tempindən artıq söhbət gedə bilməz. Bu ilin sonunda hətta ümumdaxili məhsulun artımı deyil, azalması müşahidə oluna bilər. Təbii ki, son üç ayın yekunlarına nəzər yetirərkən fundamental məsələlər daha çox önə çıxır. Gələcəkdə də bu proseslər, yəni devalvasiyanın, neftin qiymətlərinin təsirlərini gözləyirik. Çünki hələ Azərbaycan iqtisadiyyatı devalvasiyanı hələ həzm etməyib. Nə iqtisadi qurumlar, nə əhali nə baş verdiyini tam dərk etməyib. Hələ inflyasiya basqısını tam görməyib. Amma devalvasiyanın gələcəkdə iqtisadiyyatda həzm edilməsi daha ağrılı və sancılı bir proses olacaq. Getdikcə bu proses daha çox özünü büruzə verəcək”.
 
N.Cəfərli qeyd edib ki, iqtisadi aktivliyin azalması isə təbii ki, iş yerlərinin azalması, ixtisarların artması, büdcə xərcləmələrinin azalması ilə müşahidə olunacaq: “Bunların hamısı - həm inflyasiya basqısı, həm iş yerlərinin itirilməsi, ümumiyyətlə, sosial gərginliyi artıracaq əsas amillərdən biridir”. 
 
Ekspert Samir Əliyev "Yeni Müsavat"a bildirib ki, 2015-ci ilin ilk 3 ayı ölkənin maliyyə bazarlarında baş verən hadisələrlə və real sektora təsirləri ilə yadda qalıb: “Hadisələrin əsasını ölkədə gözlənilən devalvasiyanın baş verməsi oldu. 2006-cı ildən yeni qiyafədə dövriyyəyə buraxılan milli valyutamız uzunmüddətli sabitlikdən sonra birdən-birə 34 faiz ucuzlaşdı. Əvvəlcə yumşaq devalvasiyaya qərar verən hökumət sonradan sərt ucuzlaşmağa getdi. Gözləntilərə rəğmən, bu addım əhalidə şok effekti yaratdı. Çünki müstəqil ekspertlərin devalvasiya olacağı ilə bağlı xəbərdarlıqlarına rəğmən, başda Mərkəzi Bank olmaqla, dövlət qurumlarının rəsmiləri inadla bunun baş verməyəcəyini bildirirdilər”.
 
Ekspertin sözlərinə görə, devalvasiyanın ilk zərbəsi xarici valyutada kredit götürmüş vətəndaşlara və banklara dəyib: “Çünki vətəndaşların hər ay kreditə görə ödədikləri ödənişin həcmi 34 faiz artdı. Banklar da zərər aldı. Onların həm xaricdən götürdükləri kreditlər, həm də cəlb etdikləri depozitlər üzrə ödənişləri artdı. Banklar müştərilərdən yeni məzənnə əsasında kredit öhdəliklərini yerinə yetirməyə başladılar. Müştərilər isə qanunvericiliyə və hüquqşünasların rəyinə istinad etməklə, ancaq köhnə məzənnə ilə ödəniş edəcəklərini bildirdilər. Banklar müəyyən güzəştlərə - kredit müddətinin uzadılması, faiz dərəcələrinin 1-3 faiz aşağı salınması kimi addımlara getməklə, yeni məzənnə əsasında kredit ödənişlərini qəbul etdilər. Ancaq məlum oldu ki, devalvasiya nəticəsində bankların əmanət öhdəlikləri 567 milyon manat, xarici öhdəlikləri isə 1,7 milyard manat artdı”.
 
S.Əliyev bildirib ki, devalvasiya bankların reytinqinə də təsir göstərib: “Banklarımız bir-birinin ardınca beynəlxalq reytinq agentliklərində mövqelərini pisləşdirdilər. Bəziləri isə mövqelərini çətinliklə qoruya bildilər. Çətinliklə “pozitiv” mövqeyə yüksəlmiş banklarımız yenidən aşağı “sabit”ə endirilir. Əsas səbəb kimi aktivlərin pisləşməsi, valyuta mövqelərinin pozulması, problemli kreditlərin artması oldu. Reytinq agentliklərinin açıqlamaları göstərir ki, bank sektorunu gələcəkdə böyük çətinliklər gözləyir. Proqnozlara görə, aktivlərin pisləşməsi davam edəcək, problemli kreditlərin həcmi artacaq, ölkədə iqtisadi aktivlik azalacaq. Bu isə bankların gələcəkdə mövqelərinin aşağı düşməsini şərtləndirəcək”. 
 
Onun sözlərinə görə, bankların vəziyyətinin pisləşməsi Mərkəzi Bank tərəfindən bir sıra dəstək addımları ilə qarşılanıb: “Əvvəlcə, martın əvvəlində bankların açıq valyuta mövqeyi üzrə limitin tətbiqi 1 yanvar 2016-cı il tarixinə qədər donduruldu.  Bununla da banklara açıq valyuta mövqelərini düzəltmək üçün vaxt verildi. Sonra Mərkəzi Bank 26 fevral 2015 -ci il tarixli qərarla banklar üçün depozitlər üzrə məcburi ehtiyat normasını 4 dəfə azaldaraq, 2 faizdən 0,5 faizə endirdi. Bu addım banklara təxminən 200 milyon manatdan çox likvidlik verəcək. Sonuncu addım aktivlərin restrukturizasiya prosesini yüngülləşdirdi. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na edilmiş dəyişiklik nəticəsində restrukturizasiya olunmuş aktivlər üçün bank tərəfindən yaradılmalı olan ehtiyatın həcmi 30 faizdən  5 faizə endirildi. Bu, bankların kapitalının “əriməsinin” qarşısını almaq üçün atılan vacib addım oldu. Həmçinin Mərkəzi Bankın valyuta ehtiyatlarını son 33 ayda ən aşağı həddə saldı. Fevral ayında ehtiyatın həcmi 13,2 faiz və ya 1,676 milyard dollar azalaraq, 11 milyard dollara düşüb. Sonuncu dəfə 2012-ci ilin may ayında ehtiyatın həcmi 10,89 milyard dollar olmuşdu. Səbəb son dövrlər manata güclü təzyiqin olması fonunda devalvasiya gözləntilərinin yaratdığı panika oldu. Əhalinin kütləvi şəkildə dollar alışına girişməsi nəticəsində dollara tələbat yüksəldi və Mərkəzi Bankın bazara intervensiyasını kəskin artırdı. Yanvar ayının rəsmi məlumatına əsasən əmanət qoyuluşu 67,1 milyon manat azalıb. Əhalinin əmanət vəsaitlərini kütləvi şəkildə dollaşlaşdırması milli valyutada olan əmanətlərin 146,1 milyon manat azalmasına, xarici valyutada olan əmanətlərin isə 79 milyon manat artmasına səbəb oldu. Vaxtı keçmiş kreditlərin həcmi 54,6 milyon manat artaraq, 1 milyard manatı ötüb. Artım milli valyutada olan kreditlərin hesabına baş verib. Bankların aktivləri 345 milyon manat azalaraq, 24,8 milyard manata düşdü. Ölkə üzrə kredit qoyuluşu 37,2 milyon manat artsa da, özəl bankların kredit qoyuluşu 244,6 milyon manat azaldı və azalma xarici kapitala malik olmayan yerli bankların hesabına baş verdi. Fevral ayında son 8 ildə ilk dəfə Azərbaycanın xarici ticarət balansında mənfi saldo yarandı. Belə ki, 2015-ci ilin fevral ayı ərzində ölkədən ixrac 1.057 milyard dollar, ölkəyə idxal 1.133 milyard dollar təşkil edib. Ticarət balansında yaranan kəsir 76 milyon dollar təşkil edib”.
 
Ekspertin sözlərinə görə, devalvasiyaya ilkin reaksiya real sektorda güclü bahalaşma ilə nəticələnib:“Hökumətin müdaxiləsindən sonra qiymətlər inzibati yolla müvəqqəti də olsa, aşağı salınıb. Ancaq bu metod bəhrəsini verməyəcək və qiymət artımı davam edəcək”. 

Google+ WhatsApp ok.ru