Bir vətəndaş marketdə aylıq nə qədər pul xərcləyir?

Bir vətəndaş marketdə aylıq nə qədər pul xərcləyir?

2017-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 16,2 milyard manata bərabər olub.
 
Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, ticarət dövriyyəsinin 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq məhsulları təşkil edib.
 
Satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,0 faiz və 2,5 faiz üstələyib.
 
İçkilər və tütün məmulatlarının satışından 816,1 milyon manat gəlir? 
 
Hesabat dövründə içkilər və tütün məmulatlarının satışından 816,1 milyon manat, ərzaq məhsullarının satışından isə 7 284,0 milyon manat gəlir əldə edilib. 
 
Cari ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,0 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 4,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
 
Bir nəfərə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi
Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  277,8 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 38,4 manat çox olub.
 
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 139,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,8 manatlıq qeyri-ərzaq məhsulları alıb. (oxu.az) /

Google+ WhatsApp ok.ru