'Bismilləhir-Rəmənir-Rəhim'in lətif görüntüləri

'Bismilləhir-Rəmənir-Rəhim'in lətif görüntüləri

Allah-Taala ən üstün müqəddəslik mərtəbəsindədir. Torpaqdan yaranmış insan durduğu alçaq mərtəbədən vasitəsiz ucala bilmir. Rəbbimiz “bismilləh” kəlməsini Özü ilə insan arasında vasitə qərar vermişdir. Bu kəlmənin həqiqi mənasını anlamaqla tərəqqi nərdivanında zirvələri fəth etmək olar.

Allah-Taala bu nurani ibarə ilə insanın diqqətini böyük dosta yönəltmək istəyir. İnsan bilməlidir ki, sadəcə dostun adını çəkməklə ona qovuşmaq olmaz. Bu böyük dosta yaxınlaşmaq üçün qəlb səhifələri əxlaqi çirkinliklərdən təmizlənməlidir. İnsan öz dilini tövbə suyu ilə boş sözlərdən təmizləməli, batinində məhbuba yaxınlıq ruhu yaratmalıdır. Qəlbi təmizləmədən Allahın mübarək adını dildə zikr etmək ədəbsizlikdir.

Bismilləh”:

Aşiq ariflər bismilləhın əvvəlindəki “b” hərfinin hərəkətə başlama işarəsi olduğunu bildirirlər. “B” hərfindən “s” hərfinədək olan sirli mərifət yolu nəhayətsizdir. “B” “ism”-ə birləşərkən yazıda “ism” kəlməsinin “əlif”-i itir. Ərəb qrafikası ilə tanış olmayan oxuculara aydın olsun deyə, bu prosesi belə ifadə edə bilərik: “bismilləh” kəlməsində “b” “ism”-ə birləşərkən yazıda bir hərf itir. Ariflər bu itmiş hərfin insandakı eqoist “mən”-ə işarə olunduğunu göstərirlər. Yəni Allaha yaxınlaşmaq məqsədilə yola çıxmış insan öz “mən”-ini məhv etməsə, böyük dostun məhəbbətinə nail ola bilməz.

Hal əhli belə hesab edir ki, bismilləh kəlməsindəki “b” hərfi Allahın bütün varlıq aləminə, xüsusilə nəfs əhlinə olan yaxşılığına işarədir. “S” hərfi qəlb sahibi olan xüsusi bəndələrə aid olan sirləri bildirir. “M” hərfi isə seçilmiş bəndələrin çatdığı ilahi məhəbbət nişanəsidir.

“Əl-kafi” kitabında nəql olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: “Bu üç hərfin hər biri Allahın gözəl adlarından birinə işarədir. “B” Allahın bəhasını, yəni dəyər və qiymətini, “S” Allahın sənasını, yəni tərifə layiq olduğunu, “M” Allahın məcdini, yəni böyüklüyünü bildirir. Bir qrup aşiq isə belə hesab edir ki, “B” – “bəsir” (görən), “S” – “səmi” (eşidən), “M” – “muhsiy” (hesab aparan) sifətlərinə işarədir.

Bismilləhoxuyan insana bildirilir ki, Allah-Taala onun aşkar və gizli olan bütün əməllərini görür, bütün dediklərini eşidir, çəkdiyi nəfəsləri sayır. İnsan dərk etməlidir ki, belə bir bəsirət qarşısında riyakarlığı, belə bir dinləmə mühitində artıq sözə və belə bir hesab aparıldığı vaxt çəkdiyin nəfəsdən xəbərsizliyə yer yoxdur.

Məhəbbət eşqində yananlar deyir: Bismilləh kəlməsinin ilahi mənasını o insan dərk edə bilər ki, Allahın bəlasına səbir etsin, nurani “m” fəzasını müşahidə etmək üçün sirati-mustəqimə – doğru yola vəsl olsun.

Allah”:

Allah bütün ilahi sifətlərin toplandığı mübarək addır. Deyirlər ki, “Allah” adında üç məna mövcuddur: 1. Həzrəti-Haqq əzəli və əbədidir; 2. Ağıl və düşüncələr Onu tanımaqda acizdir; 3. Bütün yaranmışların qayıdışı Onadır.

Ariflər deyirlər ki, “Allah” ismi-əzəmdir və tövhid ona əsaslanır. Bu kəlmə insanı qəflətdən oyadıb ünsiyyət dairəsinə daxil edir. Bu kəlmənin özünəməxsus xüsusiyyətlərindən biri də budur ki, onun hər bir hərfi atıldıqda qalan hissəsi mənasını itirmir. “Rum” surəsinin 4-cü ayəsində “lilləh”, “Təğabun” surəsinin 1-ci ayəsində “ləhu”, “İxlas” surəsinin 1-ci ayəsində “huvə” kəlmələri ilə rastlaşırıq. Bütün bu kəlmələr “Allah” adından alınır. Belə bir xüsusiyyət yalnız ismi-əzəmə məxsusdur.

Rəhman

Rəhman kəlməsi “rəhmət” kökündəndir. Lüğət alimləri və ədiblərin fikrincə, bu söz mübaliğə formasında – şoxluğa dəlalət edir, rəhməti daha şiddətli, daha çox olan mənasını bildirir. “Rəhman” bütün varlıqlara rəhmət edən mənasındadır. Yəqin əhlinin dilincə desək, rəhmət bütün zərrələrin qabiliyyəti qədərində kamalı dadmasıdır. Rəhmət olmayan yerdə nə varlıq, nə də kamal var. Bəsirət əhli belə hesab edir ki, “rəhman” kəlməsinin mənası mövcudlara xeyir verilməsi və onlardan şərin dəf edilməsi üçün iradədir. Bütün nemətlər Allahın rəhmaniyyətindən cilvələnir. Bu cilvələrdən bir qismi mübarək “Ər-rəhmən” surəsində bəyan olunmuşdur.

Rəhim”:

Rəhimkəlməsi ərəb dili mütəxəssislərinin fikrincə davamlılıq bildirir. Yəni Allah-Taalanın rəhmət və mehribanlığı həmişəlik və sabitdir.

Din əhli bu fikirdədir ki rəhmət, bağışlama mömin insanların xüsusiyyətidir. Onlar Allahdan istiqamət alıb halal-harama riayət etdikləri üçün, gözəl əxlaqla bəzənib, nemətlərə şükür etdikləri üçün bu sifətə layiq görülmüşlər. İslami mənbələrdə bildirilir ki, “rəhman” dedikdə, mömin və ya kafir olmasından asılı olmayaraq, rəhmətin bütün varlıqlara verilməsi nəzərdə tutulur. “Rəhmət” isə insana mənəvi kamillik verilməsi, iman əhlinin dünya və axirətdə bağışlanmasıdır.

“Rəhmaniyyət” və “rəhimiyyət” kəlmələrində qurtuluş mənası vardır; birində dünyəvi qurtuluş, digərində isə axirət qurtuluşu.

İbn Mübarək yazır: “Rəhman odur ki, istəyəndə verir. Rəhim isə istəməyənə qəzəblənir.”

Ariflərin təbirincə Rəhman bütün canlılara ruzi verəndir, Rəhim isə iman əhlinin günahlarını bağışlayandır. İnsan ruzi üçün öz ticarətinə yox, Allahın rəhmanlığına bel bağlamalıdır. Amma şəriət və əql baxımından ticarəti, işi atmaq olmaz. İnsan günahlarının bağışlanmasında öz saleh əməlinə yox, Allahın rəhimliyinə bel bağlamalıdır. Amma saleh əməli tərk edib şeytanı sevindirmək olmaz.

Ariflərin fikrincə bəndə üçün üç hal mövcuddur: varlığa möhtac yoxluq halı, yaşamağa möhtac varlıq halı, bağışlanmağa möhtac qiyamət halı. Bu üç hal Allah-Taalanın üç adında dərc olunmuşdur. Bütün sifətlərin cəmləşdiyi “Allah” adı; insanı nemətlərdən faydalandıran “Rəhman” adı; Qiyamət günü günahların üstünə pərdə çəkəcək “Rəhim” adı.

Bəsirət sahibləri belə düşünürlər ki, insanda qəlb, nəfs və ruh fəaliyyətdədir. Nəfs ruzi və gözəllik, qəlb mərifət və iman, ruh isə rəhmət və razılıq sorağındadır. Qəlb – “Allah” adında mərifət və iman, nəfs – “Rəhman” adında ruzi və gözəllik, ruh – “Rəhim” adında rəhmət və razılıq tapa bilər.

Qəlb və canına bu üç mübarək ad nüfuz edən bəndə Allahdan başqa məbud tanımır. O, Allahın bütün bəndələrinə qarşı mehriban olur. Bu nurani kəlmələrin zikri bütün məqamlarda zəruridir. Öz batinlərini paklamaq məqsədilə səmimi qəlbdən bu kəlamı zikr edib onun mənasına diqqət edənlər böyük faydalara çatırlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs gündə on dəfə “Bismilləhir-rəhmənir-rəhim” və “la həvlə və la quvvətə illə billəhil-əliyyil-əzim” deyərsə, günahlarından paklanar və Allah-Taala onu yetmiş bəladan hifz edər.” Başqa bir rəvayətdə o Həzrət buyurmuşdur: “Hər kəs “bismilləh” deyərsə, Allah-Taala ona dediyi hər hərfə görə dörd min savab yazar və onun dörd min günahını məhv edər.” Digər bir rəvayətdə buyurulur ki: “Hər kəs yeməyə başlayarkən “bismilləh” deyərsə, şeytan onunla süfrə yoldaşı olmaz. Yeməkdən qabaq “bismilləh” deməyi unudanlara şeytan yoldaş olar. (“Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.84-93.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru