Bitib-tükənməyən problemli kreditlər müzakirəsi

Bitib-tükənməyən problemli kreditlər müzakirəsi

"Yeni Müsavat" qəzetində "2019-cu ilə problemli kreditlərlə gedirik: həlli yolu nədir" sərlövhəli məqalədə müəllif vaxtı keçmiş problemlərin həllilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə aparır.
 
Müəllif bildirir ki, ölkədə vaxtı keçmiş kreditlərin məbləği yüksək səviyyədə qalmaqda davam edir, 2015-ci ilin devalvasiyasından bu yana başlayan problem 2018-ci ildə də həllini tapmayıb.
 
"Noyabr ayına olan rəsmi məlumatlara görə, ilin əvvəlinə nisbətən vaxtı keçmiş kreditlər 4,4% artıb, ötən il noyabrın 1-nə nisbətən isə 10,1% azalıb. Oktyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 13,8% təşkil edib. Bu nisbət sentyabrın sonuna 14,2%, ötən ilin sonuna 13,8%, ötən il oktyabrın sonuna isə 15,5% təşkil edib".
 
Ekspet N.Cəfərli isə "Yeni Müsavat"a bildirir ki, problemli kreditlərlə bağlı hazırda iki önəmli məsələ var: "Birincisi odur ki, Azərbaycan rəsmi statistikası problemli kreditləri ümumi kredit portfelinin 16 faizi kimi göstərir. Əslində bu da çox böyük rəqəmdir. Çünki dünyada problemli kreditlər ümumi kredit portfelinin 3 faizini keçdiyi zaman bu, bank sektorunda böyük təlatümlərin olmasının göstəricisi kimi qəbul olunur".
 
N.Cəfərli deyir ki, rəsmi rəqəmlərə görə, Azərbaycanda problemli kreditlərin həcmi dünya normalarından 5 dəfədən də artıqdır, amma beynəlxalq reytinq agentlikləri bunun 20%-30% arasında olduğunu bildirirlər, bu da real rəqəmlərin rəsmi rəqəmlərdən yüksək olduğunun göstəricisidir.
 
Bu rəqmlərdə fərqlər olmasından irəli gələrək, ekspert bu sahədə ciddi statistika problemi olduğunu iddia edir.
 
N.Cəfərli dolların 0.78 qəpikdən 1.05 manata, daha sonra 1.55 manata, sonda isə 1.70 manata yüksəldiyini, bunun isə problemli kreditlərin həcminin artmasına səbəb olduğunu vurğulayır.
 
Ekspertə görə, hazırda problemli kreditlər məsələsi ümumi məhkəmə yükünün az qala 70 faizinə çatır, bu isə 10 minlərlə işin məhkəmələrə göndərilməsi və araşdırmaların getməsi deməkdir, amma bu, çıxış yolu deyil: "Yəni cəzalarla, hər hansı böyük həcmdə məhkəmə qərarları ilə məsələ həll olunmayacaq. Nə vətəndaş bu yükün altına tək girə bilir, nə də banklar təkbaşına problemi həll etmək gücündədir. Burada artıq dövlətin müəyyən addımlarına, proqramlarına ehtiyac yaranıb. Dövlət də addım atmaq fikrində deyil. Ona görə problemli kreditlərin həcmi getdikcə artır".
 
N.Cəfərliyə görə, çıxış yolu problemli kreditlərin şişməməsi üçün 33 faiz dövlətin, 33 faiz bankların, 33 faiz də vətəndaşın üzərində yükün olmasını qəbul etməkdən keçir, amma, təəssüf ki, bu təklif qəbul olunmadı.
 
Ekspertə görə, bu addımlar gec atılacaqsa, problem hökumətə, büdcəyə də bir o qədər baha başa gələcək, indi problemli kreditlərin həcmi 2 milyarda çatıbsa, gələn ilin sonunda bu, daha 30-40 faiz artacaq.
 

Google+ WhatsApp ok.ru