Bizi tezliklə növbəti devalvasiya gözləyir

«Exo» qəzeti devalvasiyadan sonra manatın kursuna toxunub. Bu mövzuya həsr edilən bir məqalədə qeyd edilir ki, Azərbaycan manatı «üzən məzənnə»yə keçdikdən sonra onun dollar və avroya nisbətdə kursu müntəzəm olaraq enməyə başladı. Amma son bir neçə gündə nisbi sakitlik yaşanır. Yəni, manatın ucuzlaşması dayanıb və hətta bir qədər də qiyməti qalxıb. Neftin qiyməti kifayət qədər aşağı olduğu indiki vaxtda manatın hətta əhəmiyyətsiz dərəcədə olsa belə güclənməsini ekspert belə şərh edir:
 
«Son günlərdə müşahidə etdiyimiz Azərbaycan milli valyutasının möhkəmlənməsi təəssüf ki, müvəqqəti xarakter daşıyır. Bu Mərkəzi Bankın həyata keçirdiyi inzibati tədbirlərin nəticəsidir»- deyə Dayanıqlı İnkişaf Tədqiqat Mərkəzinin rəhbəri Nəriman Ağayev bildirib:
 
«Zəif manat ölkədə ixracı stimullaşdırır, əksinə güclü manat idxal üçün əlverişlidir. Amma Azərbaycan milli valyutasının bundan sonra da güclənməsini gözləməyə dəyməz. Bizi tezliklə devalvasiyanın növbəti dalğası gözləyə bilər» - deyə ekspert qeyd edib.
 
Başqa bir ekspert Samir Əliyev də indi müşahidə edilən manatın möhkəmlənməsini Mərkəzi Bankın süni şəkildə yaratdığı hal kimi dəyərləndirib:
 
«Azərbaycan Mərkəzi Bankı müəyyən müddətə, özü də süni şəkildə manata tələbat yaratmaq istəyir. Bu onunla bağlıdır ki, bankların manata ehtiyacları var, amma manat yoxdur. Mərkəzi Bankın pul bazası azalıb. Hazırda onun həcmi 5.8 milyard manatdır. Halbuki cəmi bir il əvvəl bu həcm 11 milyard manata bərabər idi. Bütün bu pullar Mərkəzi Bankın sərəncamı altındadır və banklarda sadəcə manat yoxdur. Bütün bunlar süni şəkildə yaradılıb, ona görə də müvəqqəti xarakter daşıyır. Artıq bir aydan, maksimum iki aydan sonra situasiya dəyişməyə başlayacaq . Azərbaycan milli valyutası yenə də ucuzlaşacaq» - deyə S. Əliyev manatla bağlı qarşıdakı aylarda baş verə biləcəkləri proqnozlaşdırıb. /

Google+ WhatsApp ok.ru