Bizi öz ünvanımızla mühakimə edin!

Sərdar Hacıhəsənli

Bizi öz ünvanımızla mühakimə edin!


Bismillahir-rəhmanir-rəhim
 
İnsanların ünvanları , onların iş, sənət və əməlləri əsasında formalaşır. Lakin sadalananların hər birinə yol tapa biləcək daha bir bölgü vardır, o əqidə bölgüsüdür. Bəli, ona sahib olana qürur verə biləcək yeganə dəyər, yoxluğu ilə yoxsulluq qədərinə endiriləcək amil, məhz bu kəlməni əlavə etməklə hər bir şey öz ünvanında gözəlləşərək müqəddəsləşir. Məsələn, rəhbər, məmur və əsgər sözləri bu qeydi özünə almadan insanlara yetərincə məna ifadə etmir. Səbəbi isə bu sözlərin yalnız insanın əldə etdiyi kürsü və vəzifəni göstərməsidir. Belə olduqda bu ünvan altında olanlar haqqında hər hansı bir müsbət və mənfi çıxarış qeyri-mümkündir. Lakin “əqidə” kəlməsini bu sözlərə əlavə edəriksə , deməli əqidəli rəhbər, əqidəli məmur və əqidəli əsgər kəlməsi ortaya çıxar. Bu isə sonda şəxsin sadəcə naməlum vücudunu deyil, müsbət şəxsiyyətini açıqlayır. Deməli “əqidəli rəhbər” insana ömrünü xalqının maddi-mənəvi dirçəlişinə həsr etmiş , “əqidəli məmur” bu amalların baş tutması naminə bütün qüvvəsini səfərbər etmiş, “əqidəli əsgər” isə canı bahasına olsa belə bu dairənin hüdudlarını qorumağı üzərinə götürmüş müsbət simalar kimi cilvələnirlər. Məhz elə bu, insanın qürur nöqtəsidir. Yalnız belə olduqda insanın öz ünvanı vasitəsi ilə yaşaması, sevinc, ölümü isə şərəfli olur. Belə olduqdadır ki, rəhbərlər öndərlərə , əsgərlər isə şəhidlərə çevrilirlər. Lakin həqiqəti səslənməsindən də gözəl olan əqidəyə sahib olmaq hamıya nəsib olmur. Əqidəsi olmayanlar, onu, özlərinə arzulamaq qədərində belə dəyərləndirmirlər. Əqidəli insanlar isə əqidələrini candan artıq hesablayaraq can bahasına qoruyurlar. Deməli əqidəli əsgər öz adından şərəf duyur, əsgər adı ilə yaşayır elə əsgər adıylada ölmək istəyir. Axı bu onun ünvanıdır. Buna kimsənin təcavüz etmək haqqı yoxdur. Sovetlər dönəmində əslən Lerik rayonundan olmuş dininə , məsləkinə, əqidəsinə görə müxtəlif yerlərdə sürgün həyatı yaşamış “Molla Hüseyn” axund elə bu səbəbdən mühakimə olarkən hakim tərəfindən Hüseyn kimi xitab olduqda “mənə düz ünvanımla xitab et, sən məni Hüseynliyimə görə yox, Mollalığıma görə tutubsan” deyərək məhkəmə prossesi boyu öz ünvanı ilə “Molla Hüseyn” adı ilə mühakimə olundu. Amma bu gün görünür yol- yaraq dəyişilib, hər bir şey əvəz olub, XXI əsrin insanının təkcə torpağına və maddi-mənəvi hüququna deyil, hətta ünvanına belə təcavüz olunur. Son zamanlar yaşadığım ölkədə Allah dininin təbliğatçılarına qarşı irəli sürülən uyrduma və böhtanlar hər kəsi narahat edir. Bu diyarın vətənpərvər , əqidəli övladları Hacı Abgül Süleymanov, Hacı Ramin Bayramov və Hacı Arif Qəniyevi şərləyərək silah saxlama və buna kifayətlənməyərək narkotik istifadəçisi kimi həbs edənlərə demək istəyirəm ki, bir az diniz, bir azda insafınız olsun. Diniz olsun , ona görə ki, təbii sərvətlərlə zəngin olan, neftinin gəlirləri ilə dünyaya səs salan eyni halda əhalisi qara nefti qədər qara gündə yaşayan , özünə kiçik bir yuva qurması üçün bir ömrü kifayət etməyən , bir tikə çörək dalıyca dünyaya səpələnən və sizdən fərqli düşündüyünə görə hər bir sahədə əzilən bu millətə bundan artıq zülm etməyin.
 
İnsafınız olsun, ona görə ki, amalı Allah və bəndələri arasında mənəvi ünsiyyət yaratmaqdan başqa bir şey olmayan əqidəli insanların heç olmasa ünvanlarına təcavüz etməyin. Əgər bizim öz xalqımız qarşısında mənəvi borcumuzu ifa etmək və onları böyük yaradanın əmrlərinə tabe olub, çirkinliklərdən çəkindirməyimiz sizi razı salmırsa və buna görə, bizi mühakimə edirsizsə heç olmasa bizi öz ünvanımızla mühakimə edin!
 

Google+ WhatsApp ok.ru