Biz nə istehsal edir, hara və nə ixrac edirik?

Biz nə istehsal edir, hara və nə ixrac edirik?

Natiq Cəfərli: “Xarici investoru maraqlandıran yalnız iki məsələ olur...”
 
“2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 93 ölkəyə məhsul ixrac olunub, 148 ölkədən məhsul alınıb”. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı ticarət hesabatlarında qeyd olunur.
 
Hesabata görə, 4 ayda xarici ticarət dövriyyəsi 7 milyard 8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4 milyard 835,8 milyon dollar, idxalın dəyəri 2 milyard 165 milyon dollar təşkil edib, 2 milyard 670,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,8 faiz artıb, real ifadədə isə 15,2 faiz, o cümlədən ixrac 6,8 faiz, idxal 27,6 faiz azalıb. 2017-ci ilin yanvar-aprel aylarında 408,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da 2016-cı ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 22,6 faiz, real ifadədə isə 20,5 faiz çoxdur.
 
Başqa bir hesabata əsasən, 2017-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,9 faiz üstələyərək 12,9 milyard manata bərabər olub. İxracda artım daha çox meyvə-tərəvəz sektorunda qeydə alınıb. Belə ki, 2015-ci ilin altı ayı ərzində 132 493,39 ton meyvə-tərəvəz ixrac olunmuşdusa, bu ilin altı ayında həmin rəqəm 165 774,94 tona yüksəlib. Bu isə ixracda 4,36 faiz təşkil edir.
Digər məhsullar üzrə çayın, bitki və heyvan məşəli yağların, şəkərin miqdarında kəskin azalma qeydə alınıb. Məsələn, çay ötən il ixracda 35,4 faiz təşkil etmişdisə, bu il 0,08 faizə düşüb.
 
İqtisadçı ekspert Natiq Cəfərliyə görə, bugünkü iqtisadi durumdan çıxışın əsas və çox effektiv yollarından biri məhz ixracatın artırılmasıdır: “Azərbaycanın özünün gəlirləri neftdən asılı olduğu üçün valyuta gəlirləri kifayət qədər azalıb. Əlavə valyuta qazanmaq yollarını düşünməli və tapmalıyıq. Bunun da əsas istiqamətləri təbii ki, ixrac potensialının artırılmasıdır. İxrac potensialının artırılması üçün də daxildə rəqabətli mühitin, yaxşı investisiya mühitinin, iqtisadi aktivliyin artırılması üçün işlər görülməlidir. Yəni ola bilməz ki, daxildə iqtisadi aktivlik zəifləsin - necə ki, biz bunu görürük. Keçən il ümumdaxili məhsul 1,3 faiz azaldı. Bu ilin ilk 5 ayında 1 faiz azalıb. Yəni iqtisadiyyat daralır, iqtisadi aktivlik yoxdur. İqtisadi aktivlik yoxdursa, iqtisadi aktivlik olmayan ölkədə iqtisadiyyatı canlandırmağın yolları haqqında düşünməliyik ki, sonradan bu canlanma ixracatın artmasına səbəb olsun. Bunun da yolları xarici investorların cəlbidir, büdcə xərcləmələrində investisiya ayarının artırılmasıdır, daxildə bankların ciddi şəkildə kapital qoyuluşuna yönəlməsi, orta və uzun vədəli biznes kreditlərinin verilməsidir ki, bu hər üç yolun üçündə də problem var. Xarici investisiyalar Azərbaycana ancaq neft-qaz layihələrində aktiv şəkildə gəlirlər. Çünki burada oyun qaydaları fərqlidir. Bütün kontraktlar, müqavilələr parlamentdə təsdiqlənir və heç dövlət qurumları tərəfindən heç bir müdaxilə olunmur. Onlar da rahat işləyə bilirlər. Digər sahələrdə isə investisiya ilə bağlı problemlər var”.
 
İqtisadçı ekspert xarici investoru maraqlandıran yalnız iki məsələnin olduğunu və bu məsələlərdə də Azərbaycanda problem yaşandığını bildirdi: “Bu məsəllərdən biri mülkiyyət toxunulmazlığının müqəddəsliyi məsələsidir, ikinci məhkəmələrin çevik, ədalətli və tez qərar verməsinin təmin olunması. Hər iki istiqamətdə də bizdə problemlər var. Mülkiyyət toxunulmazlığı ilə də bağlı 1000-dən yuxarı mülkiyyətlə bağlı iş Avropa Məhkəməsinə gedib və bu da investoru qorxudan çox ciddi amillərdən biridir. Məhkəmələrin işləməsində də problemlər var. Yəni çevik deyillər, ədalətli qərarların çıxarılması yubadılır və bir çox hallarda məhkəmələr kənar müdaxilələrin təsiri ilə qərar verirlər ki, bu da investoru çəkindirən amildir. Üçüncü amil isə Azərbaycanın müxtəlif beynəlxalq qurumlarda üzvlüyü məsələsidir ki, bu da investorlar üçün vacib bir məsələdir. Məsələn, Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq. 20 ildir danışıq aparılır, amma üzv olmuruq. Bu da investorlar üçün vacibdir ki, biz ora üzv olaq və beynəlxalq oyun qaydaları çərçivəsində fəaliyyət göstərək. Hamımız bilirik ki, banklar çox pis durumdadır. Kreditləşməni artıra bilmir, biznes kreditləri verə bilmirlər. Kreditlərin faizləri çox yüksəkdir. 25-30 faiz biznes krediti varsa, hansı iş adamı bunu götürüb nə iş görə bilər ki, həm pul qazansın, həm kreditlərini versin, həm də kredit faizlərini ödəsin. Yəni burada da problemlər var. Daxili invesitisiyalar da azalıb. 45 faziə qədər azalma var. Biz iqtisadi canlanmaya nail olmalıyıq ki, bu da ixracat potensialımızın artırılmasına kömək etsin. İxracatın hələlik Azərbaycanda istiqamətləri var. Burada potensial, kənd təsərrüfatı, aqrasiya, neft-kimya məhsullarında potensial var və bunun tanıtımının həyata keçirilməsi yolu ilə Azərbaycan mallarının xaricə çıxarılmasının asanlaşdırılması yolu ilə biz ixracatı artıra bilərik. Amma bir daha təkrar edirəm. Bu, daxili iqtisadi aktivliyin artmasından sonra mümkündür”. (musavat) /

Google+ WhatsApp ok.ru