Biznes üçün ən yaxşı ölkələrin reytinqi açıqlanıb

Biznes üçün ən yaxşı ölkələrin reytinqi açıqlanıb

Britaniyanın Avropa Birliyindən çıxmağı planlaşdırdığı bir dönəmdə ölkənin gələcəyi qaranlıq görünür. Amma biznes mühiti cəlbedici olaraq qalır. Britaniya Forbes dərgisinin 13-cü illik Biznes üçün Ən Yaxşı Ölkələr reytinqində başda gedir. Bu reytinqdə ölkələrin kapital investisiyasına necə ev sahibliyi etdiyi dəyərləndirilir. Artıq ikinci ildir Britaniya reytinqdə birinci yeri tutur.
 
“Britaniyanın qloballaşmış iqtisadiyyatı ticarət, investisiya, kapital axını və son dövrlərin immiqrasiyası baxımından dünyada ən açıq sayılır”, – Moody-nin baş iqtisadçısı Mark Zandi belə deyir.
 
Reytinqdə 161 ölkə dəyərləndirilir və Britaniya ilk 30 ölkə arasında dərginin istifadə etdiyi 15 kateqoriya üzrə öndə gedir.
 
Heritage Fondu illik “İqtisadi Azadlıq İndeksi”ndə Britaniya üçün Breksitin (Britaniyanın Avropa Birliyindən çıxması) faydalarını dəyərləndirib. “Dünyanın ən səmərəli biznes və investisiya mühitlərindən biri Britaniyadadır və tezliklə genişləndirilmiş ticarət münasibətlərinə açıq olacaq”, – hesabatda deyilir.
 
Zandi isə elə də nikbin deyil. Onun fikrincə, 2,6 milyard dollarlıq iqtisadiyyatın Breksitdən özünə gəlməsi üçün bir neçə nəsil keçməlidir. “(Baş nazir) Theresa May-in təklifinə uyğun olaraq, Britaniyanın qlobal oriyentasiyası azalır. İnvestisiya və ticarət çətinləşir. Britaniyanın iqtisadi günəşi yəqin o qədər də parlaq olmayacaq”, – Zandi deyib.
 
Reytinq mülkiyyət hüquqları, innovasiya, vergilər, texnologiya, korrupsiya, azadlıq (şəxsi, ticarət və monetar), bürokratiya, investorların qorunması üzrə tərtib olunub. Digər kateqoriyalara isə işçi qüvvəsi, infrastruktur, bazarın ölçüsü, həyatın keyfiyyəti və risk daxildir.
 
İkinci yeri İsveç tutub. İlk beşlikdə sonrakı yerlərdə Honq Konq, Niderland və Yeni Zelandiya gəlir.
 
Azərbaycan siyahıda 70-ci yerdədir. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru