`Biz onları müdafiə edəcəyik` - QHT rəhbərləri

Avqustun 15-də bir qrup QHT rəhbəri ölkədə vətəndaş cəmiyyətinin vəziyyəti, son həbslər, təşkilatların hesablarının dondurulması və sair problemlərlə bağlı mətbuat konfransı keçirdilər. Tədbirə ona yaxın vətəndaş cəmiyyəti təmsilçisi qatılmışdı. Çıxış edənlər son durumdan, yaranmış vəziyyətdən narahatlıqlarını bildirdilər və vəziyyətdən çıxış yolu kimi dialoqun vacibliyini vurğuladılar.
 
İqtisadçı-alim Qubad İbadoğlu bildirdi ki, ölkənin vətəndaş cəmiyyətinə basqılar 2013-cü ildən planlı şəkildə həyata keçirilməyə başlanıb və hazırda ciddi şəkildə davam etdirilir. Onun sözlərinə görə, QHT rəhbərləri cəmiyyətin hazırkı durumunu bir çox çevrələr, o cümlədən siyasi müxalifətlə müzakirə etmək niyyətindədir. Həmçinin QHT-lər həbs edilən həmkarlarının müdafiəsi üçün demokratik yollarla dəstək verməyi planlaşdırırlar: “Onların hamısının həbsi saxta ittihamlara əsaslanır, biz onları müdafiə edəcəyik. Onların həbsi çıxışları, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində gördükləri işlər və əlaqələri ilə bağlıdır”.
 
O, həmçinin qeyd etdi ki, iqtidar mediasında QHT-lər barədə yazılan fikirlərin hamısını təkzib edirlər: “Biz QHT-lərin nüfuzunu azaldan, imicinə xələl gətirən yalanları, böhtanları təkzib edirik”. 
 
Vətəndaş cəmiyyətinin minimum şərtlərlə və fəaliyyət göstərməkdə davam etdiyini bildirən Q.İbadoğlu “İstənilən şəraitdə biz fəaliyyətimizi davam etdirəcəyik”,- dedi və həmçinin QHT-lərin mövcud durumdan çıxmaq üçün hakimiyyətlə dialoqa hazır olduğunu da vurğuladı. 
 
Hüquq müdafiəçisi Arzu Abdullayeva isə bildirdi ki, ölkədə dövlət-QHT münasibətləri düzgün deyil. Ölkədə QHT-lərlə bağlı qanunların mürtəce olduğunu, insan haqlarının da bərbad vəziyyətdə olduğunu qeyd edən QHT rəhbərinin sözlərinə görə, dialoq vasitəsi ilə problemlər dinlənilməlidir: “Azərbaycan sivil ölkələrin siyahısında olmaq istəyirsə, vəziyyəti dəyişməlidir. Belə uzun müddət davam edə bilməz”.
 
Politoloq Leyla Əliyeva isə qeyd etdi ki, QHT sektorunda baş verənlər zəif dövlətin olmasına gətirib çıxaracaq. Hüquq müdafiəçisi Elşən Həsənov da qeyd etdi ki, həbs edilən hüquq müdafiəçiləri siyasi sifarişlə tutulublar və azadlığa buraxılmaları vacibdir. 
 
QHT təmsilçiləri tezliklə vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət geniş forum keçirərək, cəmiyyətin diqqətini QHT sektorunda baş verənlərə yönəltməyin planlaşdırıldığını söylədilər. Qeyd edək ki, tədbir vasitəsi ilə QHT-lər ölkə ictimaiyyətinə müraciət də ünvanladılar və dəstək istədilər. musavat /

Google+ WhatsApp ok.ru