Bülənt Arınc: `İsrail Anadolu Agentliyini bilərək bombaladı`

Bu gün işğalçı İsrail ordusunun Qəzzada 10 jurnalisti öldürməsi barədə xəbər vermişdik. Məlumatda bildirilirdi ki, Fələstin Radio Televiziyası Şurasının yaydığı hesabatda 10 jurnalistin öldürülməsi ilə yanaşı, 38-nin yaralandığı, 12 mətbuat mərkəzi, jurnalistlərə aid nəqliyyat vasitələrinin və jurnalistlərin olduğu 16 ev hədəf olub. Fələstin Jurnalistlər Həmkarlar İttifaqı sədrinin müavini Təhsin əl Astal Qəzzada baş verənlərin dünya ictimaiyyətinə çatdırılmaması üçün jurnalistlərin məqsədli olaraq hədəfə götürüldüyünü deyib. 
 
Zərər çəkən jurnalistlər arasında Türkiyənin Anadolu Xəbər Agentliyinin əməkdaşları da var. Maide.az-ın məlumatına görə, bununla əlaqədar açıqlama verən Türkiyənin baş nazir köməkçisi Bülent Arınç bildirib ki, Qəzzadakı qətliamı bütün dünyaya canlı xəbər kimi çatdıran Anadolu Agentliyinə İsrail rejimi bilərəkdən bomba atır: "Biz istəyərdik ki, yalnız Türkiyədən deyil, bütün dünyada mətbuatla əlaqədar təşkilat və quruluşlar bunu lənətləsin, tənqid etsinlər, mətbuata qarşı edilən bu hücuma qarşı çıxsınlar. Amma təəssüf ki, olmadı."

Google+ WhatsApp ok.ru