Bölgələrdə insanların problemləri bitib-tükənmir

Nazirlərin rayonlara səfərləri zamanı yerli məmurlar şikayətçilərin problemlərini çatdırmasına imkan vermir

Son illər nazirlərin bölgələrə səfər etmələri və sakinlərlə görüşmələri ənənə halını alıb. Xüsusilə 2011-ci il Quba və 2013-cü ildə İsmayıllıda baş verən məlum hadisələrdən sonra belə səfərlər daha da intensivləşdi. Bir növ belə səfərləri əyalətlərdə baş qaldıran narazılıqların qarşısını almaq kimi də başa düşmək olar. 

 
Bütün bunlara baxmayaraq, bölgələrdə insanların problemləri, narazılıqları bitib-tükənmir. Yüksək vəzifəli məmurların səfərləri də problemlərin həllinə kömək etmir. Nazirlərin səfərləri zamanı sakinlərə problemlərini çatdırmağa imkan verilmir. Əvvəlcədən görüşün gedişatı müəyyənləşdirilir. Yerli orqanlar bu işdə daha maraqlı görünür. Çünki problemlərinin qabardılmasını istəmirlər. Sonda əzab çəkən xalq olur.
 
Politoloq Natiq Miri hesab edir ki, problem idarəetmədə olan dəyərlər sistemindədir: “Kadrların təyinatında tamam başqa dəyərlər sistemi ortaya qoyulur. Hakimiyyətə yaxın olan davranışlar sistemi gözə gəlir. Bunlar olduqca, problemlər daim qalacaq. İcra başçılarının əksəriyyəti qeyri-formal dəyərlər sistemi ilə təyinat alıblar. Prezident tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, heç bir icra başçısı öz şəxsi maraqlarından kənarda fəaliyyət göstərmir. Xalq, dövlət maraqları öndə deyil. Belə kadrların seçilməsində institutlaşmış dəyərlər sistemi əsas götürülsə, layiqli şəxslər bu postlara təyin olunsa, qarşılarında qanunlar olsa, problemlər azalar. İcra başçıları bir-birilərini əvəz edirlər, amma problemlər tükənmir. Mahiyyət dəyişmir. Çünki yerdəyişmələrdə iştirak edən məmurlar korrupsiya sisteminin məhsullarıdır. Bütün rayonlarda idarəetmə sistemi eynidir. Fərqli sistem mövcud deyil. Heç bir sivil ölkədə belə sistem yoxdur. Strukturlar nazirlərə həvalə edilir. Heç bir ədalət yoxdur. Seçimlərin özündə ciddi yanlışlıqlar var”.
 
Politoloq problemlərin həlli yollarından da danışdı:  “Problemlərin həlli dəyərlər sisteminin dəyişməsindən keçir. Təyinatlar sadiqlik prinsipi ilə deyil, peşəkarlıq, əxlaqla götürülməlidir. Həmin şəxsin keçmişini unutmaq olmaz. Fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət olmalıdır. Bizdə isə əksidir. İcra başçıları hakimiyyətin içərisində olan şəbəkələrə aiddir. Nəticədə icra başçıları aid olduqları şəbəkələrin maraqlarını güdməyə məcbur olurlar. İcra başçıları rayonlarda villalar, biznes strukturları yaratmaqla məşğul olurlar. Bunun müqabilində ciblərini doldururlar. Nazirlər guya şikayətçiləri qəbul edirlər. Amma göründüyü kimi, günü-gündən şikayətlər artır. Prezident Aparatına regionlardan gələn şikayət ərizələri bombardumanı var. Xalq narazı qalmaqda davam edəcək. Demokratiya və insan haqları ölkədə bərqərar olmalı, demokratik institutlar yaradılmalı, ictimai nəzarət gücləndirilməlidir. Bu barədə prezident son çıxışlarında da bildirdi. Amma sıxışdırmalarla ictimai nəzarəti gücləndirmək mümkün deyil. Yerlərdə idarəetmə güclü olduqda, bunlar mümkün olur. İndiki şəraitdə bu mümkünsüzdür”.
 
Müsavatın Mingəçevir təşkilatının sədri Nurəddin Rüstəmli nazirlərin dəfələrlə yaşadığı bölgəyə etdikləri səfərlərin nəticəsiz qaldığını bildirdi: “Əvvəlcədən elan edirlər ki, nazir vətəndaşlarla görüşəcək. Xüsusi seçilmiş şəxslər nazirlə görüşə buraxılır. Problemi olanlar kənarda qalırlar. Hətta çıxış edəcək insanlar da əvvəldən müəyyən edilir. Görüş keçirilən ərazi isə xüsusi mühafizə olunur. Şikayəti olan vətəndaş nazirə yaxınlaşa bilmir. Bunlar görüntü xarakteri daşıyır. Qapalı zalda görüş keçirilməsi çox şeyi sübut edir. Çalışırlar ki, icra başçılarına tənqid olmasın”.
 
Müsavatın Masallı təşkilatının sədri Xasay Səfəroğlu da nazirlərin səfərinin görüntü xarakteri daşıdığını söylədi: “Dünyanın heç bir normal ölkəsində belə idarəçilik sistemi olmur. Hansısa nazir düşüb əyalətlərdə guya vətəndaşların problemləri ilə maraqlanır. O zaman sual olunur ki, həmin nazirliyin yerli strukturları nədən ötrüdür? Necə olub ki, bu struktur adi problemləri həll etmək iqtidarında deyil. Anlaşılan odur ki, yerli struktur problemi həll edə bilmir, nazir müdaxilə edir. Əlbəttə, bunlar gözdən pərdə asmaq üçündür. Yalnız xüsusi vəziyyətlər istisna olmaqla, nazirlərin , komitə sədrlərinin, baş prokurorun rayonlarda vətəndaşlara xidmət göstərirmiş kimi nümayiş etdirilməsində məqsəd sadəcə görüntü yaratmaqdır. Bu mənzərə zaman-zaman Masallıda da baş verir. Lakin elan etdikləri kimi, vətəndaş heç razı da qalmır. Çünki bir çox hallarda əvvəlcədən razılaşdırılmış şəxslərin görüşü təşkil olunur, ictimai rəyə görüntü xətrinə kadrlar göstərilir. Dəfələrlə bu tip görüşlərdə şikayətə gəlmiş vətəndaşa qarşı basqı, təzyiq, hətta polis tərəfindən döyülmə halları baş verib. Fikrimcə, nazirlərin gedib rayonlarda vətəndaşa kömək göstərməsi problemlərin həlli deyil və effektli üsul ola bilməz. Problemlər yalnız qanunun aliliyi və normal vətəndaş-dövlət münasibətləri müstəvisində həll oluna bilər”.

Google+ WhatsApp ok.ru