Bloger Mehman Hüseynovun məhkəməsi təxirə salınıb

Bloger Mehman Hüseynovun məhkəməsi təxirə salınıb

Aprelin 6-da Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun apelyasiya şikayətinə baxılıb.
 
Meydan TV-nin məlumatına görə, şikayət M. Hüseynovun həbs olunan zaman işgəncəyə məruz qalması barədə iddiasını əsassız sayan və prokurorluğa qarşı şikayəti rədd edən Səbail Rayon Məhkəməsinin qərarından verilib.
 
Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə Mehman Hüseynovun özü də iştirak edib.
 
Qapalı keçirilən prosesdən sonra jurnalistlərə açıqlama verən M.Hüseynovun vəkili Fuad Ağayev bildirib ki, onlara Səbail Rayon Məhkəməsində yazılmış iclas protokolları təqdim olunmamışdı. Müdafiəçilər bu məsələni iclasda qaldırıblar. Onlara məhkəmənin gedişində protokollarla tanış olmağa şərait yaradılıb: "Səbail rayon Məhkəməsində bizə protokollarla tanış olmağa imkan verməmişdilər. İş materiallarını birbaşa Apelyasiya Məhkəməsinə göndəriblər. Bu gün protokokollarla tanış olduq. Xeyli nöqsanlar aşkar etdik. Məhkəməyə də bildirdik ki, bu nöqsanlarla əlaqədar qeydlər verməliyik, ona görə apelyasiya baxışı təxirə salınsın. Məhkəmə də vəsatəti təmin etdi. Bizim qeydlərimizin əsaslı olub-olmamasına dair münasibət bildirmək üçün Səbail Rayon Məhkəməsinə göndəriləcək".
 
Vəkil Elçin Sadıqov isə M. Hüseynovun saxlanma şəraitindən narazı olmadığını deyib.
 
Buna görə qeyri-müəyyən vaxta təxirə salınıb. Səbail Rayon Məhkəməsi vəkillərin qeydlərinə münasibət bildirəndən sonra iş yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarılacaq.
 
M.Hüseynov Suraxanı rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
 
Mehman Hüseynov bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hokmü ilə Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (böhtan) təqsirli bilinərək 2 azadlıqdan məhrum edilib.
 
Onu Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.
 
M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanılıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb. Nəsimi Rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.
 
M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirib. Ancaq Daxili İşlər Nazirliyi blogerin polisdə işgəncəyə məruz qalması ilə bağlı dediklərini inkar edib.
 
Ardınca da Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında blogerdən şikayət edib.
Şikayətdə Mehman Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilib.(meydantv)
 

Google+ WhatsApp ok.ru