BMT: Koronavirusdan ölənlərin 95 faizi yaşı 60-dan yuxarı olanlardır

BMT: Koronavirusdan ölənlərin 95 faizi yaşı 60-dan yuxarı olanlardır

BMT-nin Əhali Fondu 15 may – Beynəlxalq Ailə Günündə pandemiya zamanı yaşlıların müdafiəsini diqqətdə saxlamağa çağırır.
 
Trend-in məlumatına görə, bunu BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin rəhbəri Alanna Armitaj deyib.
 
O qeyd edib ki, Avropada koronavirus xəstəliyindən ölüm hallarının yarısı məhz uzunmüddətli qayğı müəssisələrinin sakinlərinin payına düşür. Bu xəstəlikdən ölüm hallarının təqribən 95%-i 60 və yuxarı yaşlı insanlar arasında qeydə alınır:
 
"Avropa ölkələrinin əhalisi sürətlə qocaldığından artıq hər dörd nəfərdən birinin yaşı 60 və daha çoxdur. Hazırda bir çox ölkələr pandemiya böhranını imkana çevirməyin yollarını axtarır. Hökumətlər COVID-19-la mübarizədə yaşlı insanların müdafiəsi ilə bağlı tədbirləri prioritetləşdirməlidirlər. Buraya cəmiyyətə yaşlı insanların bərabər hüquq və imkanlara malik olmasını ehtiva edən mesajların ötürülməsini və bu yöndə öhdəliklərin sadəcə sözlərdən ibarət olmamasını bildirən qətiyyətli və cəsarətli mövqenin nümayiş etdirilməsini aid etmək olar.
 
Qanunverici və hüquqi çərçivələrə yaşlanma prizmasından yenidən baxış olmalıdır. Artıq hökumətlər üçün böhrandan sonrakı dövrə baxmağın və yaşlanan əhalinin hüquqlarını və rifahını təmin edərkən sürətli demoqrafik dəyişikliklərin nəticələri ilə ayaqlaşa bilmək üçün səhiyyə, təhsil, məşğulluq və sosial rifah kimi sahələrdə zəruri olan təkmilləşdirmələri nəzərdən keçirməyin zamanı yetişib. Yaşlıların bütün digər insanlarla bərabər hüquq və seçimlərə malik olmasını təmin etmək sadəcə mənəvi öhdəlik deyil, bütün nəsillərin rifahı baxımından əhəmiyyət kəsb edən mühüm çağırışdır".
 

Google+ WhatsApp ok.ru