BMT-nin Əhali Fondu: Dünya əhalisi sürətlə qocalır

BMT-nin Əhali Fondu: Dünya əhalisi sürətlə qocalır

BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində layihənin komponentlərindən olan “Ahılların fəal iştirakını təşviq edən məlumatlandırma kampaniyası”na başlanması ilə əlaqədar tədbir keçirilib.

APA-nın məlumatına görə, Bakı Kitab Mərkəzində keçirilən tədbir cəmiyyətdə fəal yaşlanma və ahılların fəal iştirakçılığı ideyasının təbliğinə həsr olunub.

Tədbirdə çıxış edən BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib ki, dünya əhalisi sürətlə artmaqla yanaşı, həm də sürətlə qocalır: "Statistik rəqəmlər göstərir ki, dünyada hər doqquz nəfərdən biri 60 və daha yuxarı yaşdadır. Bu göstəricinin 2050-ci ilə qədər artaraq, hər beş nəfərdən birinə şamil ediləcəyi proqnozlaşdırılır. Əhalinin yaşlanması artıq yalnız inkişaf etmiş ölkələrdə baş verən fenomen deyil. Sürətli yaşlanma templəri bu gün inkişaf etməkdə olan ölkələrdə də müşahidə edilir".

F.Babayev bildirib ki, Azərbaycan əhalisi nisbətən cavan yaş strukturuna malikdir: "Amma buna baxmayaraq, əhalinin yaşlanması fenomeni getdikcə özünü daha çox büruzə verir. Yaşlı insanlar əksər hallarda artıq iqtisadiyyata töhfə verməyən yük kimi qəbul edilir. Əslində isə yaşlı insanlar Azərbaycan da daxil olmaqla dünyanın hər bir yerində ailələr, icmalar və cəmiyyət üçün olduqca böyük töhfələr verirlər”.

Google+ WhatsApp ok.ru