BMT Aralıq dənizində qaçqın faciəsinə son qoymağa çağırıb

BMT Aralıq dənizində qaçqın faciəsinə son qoymağa çağırıb

2018-ci ildə Aralıq dənizi vasitəsilə Avropaya getmək istəyən 2262 qaçqın həlak olub

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Avropaya getmək istəyən 170 afrikalı qaçqının həlak olması və itkin düşməsi ilə bağlı bəyanat yayıb. Təşkilatın qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib ki, bu faciələrə son qoyulmalı, beynəlxalq təşkilatlar və inkişaf etmiş dövlətlər müvafiq tədbirlər görməlidirlər.
 
Müxtəlif qeyri-hökumət təşkilatlarının məlumatına görə, son günlər Aralıq dənizinin qərbində Afrika ölkələrindən Avropaya getmək istəyən 57 nəfərin cəsədi tapılıb. Qayığın batması nəticəsində 24 saat dənizdə qalan bir nəfəri isə Mərakeşdə xəstəxanaya çatdırmaq mümkün olub. Hazırda İspaniya və Mərakeşin xilasedici qrupları axtarış-xilasetmə tədbirlərini davam etdirirlər.
 
İtaliya donanması da Aralıq dənizinin mərkəzində Liviyadan qaçqınları daşıyan qayığın batdığı barədə xəbər verib. Lampedusa adası yaxınlığında 3 nəfəri xilas etmək mümkün olsa da, itkin düşmüş qalan 117 nəfərin taleyi məlum deyil.
 
UNHCR-in məlumatına görə, 2018-ci ildə Aralıq dənizi vasitəsilə Avropaya getmək istəyən 2262 qaçqın həlak olub.
 
“Biz Avropanın qapılarına minlərlə insanın həyatını itirməsinə göz yuma bilmərik. Təəssüf ki, qaçqın axınının qarşısının alınması və onların həyatının xilası üçün heç bir ciddi tədbirlər görülmür”, -deyə BMT ali komissarı vurğulayıb. Onun sözlərinə görə, bəzi dövlətlərin dənizdə batan qaçqınları xilas edən QHT-lərə qarşı mənfi münasibəti yolverilməzdir, eyni zamanda, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, silahlı münaqişələr və yoxsulluqdan qaçan insanların Avropada leqal yollarla sığınacaq alması üçün də təsirli tədbirlər həyata keçirilməlidir. /azertac /
 

Google+ WhatsApp ok.ru