BMT baş katibi: “Xirosimanın bombalanması tərksilahın vacibliyini göstərir”

“Xirosimanın bombalanması dünyaya silahdan imtina edilməsinin vacibliyini bir daha xatırlatmalıdır”.
 
Bu barədə BMT baş katibi Pan Gi Munun Xirosima hadisələri ilə bağlı keçirilən anım tədbirinə ünvanladığı müraciətdə deyilir.
 
Müraciət BMT baş katibinin tərksilah üzrə ali nümayəndəsi Kim Von Su tərəfindən oxunub.
 
Anım tədbirində Xirosimanın meri Kadzumi Maçui, Yaponiyanın baş naziri Sindzo Abe, ABŞ-ın Yaponiyadakı səfiri Kerolayn Kennedi, ABŞ dövlət katibinin silahlar üzərində nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Rouz Qottemyuller, BMT baş katibinin tərksilah üzrə ali nümayəndəsi Kim Von Su, Yaponiya hakimiyyət nümayəndələri və 100-dən çox ölkənin diplomatları iştirak edib.
 
Anım tədbirləri tarixində ən çox iştirakçı bu il qeydə alınıb. Sülh memorialının qarşısına ağ və sarı güllərdən ibarət çələnglər qoyulub. Səmaya onlarla ağ göyərçin buraxılıb.
 
Qeyd edək ki, 1945-ci ilin avqustunda ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atıb. Partlayış və şüalanma nəticəsində Xirosimada 140 min, Naqasakidə isə 74 m insan həlak olub.

Google+ WhatsApp ok.ru