BMT miqrasiya məsələləri üzrə paktı təsdiqləyib

BMT miqrasiya məsələləri üzrə paktı təsdiqləyib

 

BMT Baş Məclisi miqrasiya məsələləri üzrə qlobal əməkdaşlığı gücləndirməyi nəzərdə tutan paktı təsdiqləyib. Birləşmiş Ştatlar və daha dörd ölkə hüquqi qüvvəsi olmayan bu sənədə qarşı çıxır.
 
"Azadlıq Radiosu"-nun xəbərinə görə, dekabrın 19-da Miqrasiya üzrə Qlobal Sazişin lehinə 152 ölkə səs verib, 12 ölkə səsvermədən imtina edib. 24 ölkə isə prosesdə iştirak etməyib. Macarıstan, Çexiya, İsrail, Polşa və Birləşmiş Ştatlar pakta qarşıdırlar.
 
Qətnamə ilkin olaraq dekabrın əvvəlində Mərakeşdə qəbul edilmişdi. Sənəddə miqrantların qorunması, inteqrasiyası, onları öz vətənlərinə necə göndərmək kimi məsələlər yer alıb.
 
BMT-nin Baş katibi Antonio Guterres qətnamənin qəbulunu alqışlayıb, onun beynəlxalq əməkdaşlıq üçün platforma təmin etdiyini deyib.
 
Birləşmiş Ştatların mövqeyincə, qətnamə miqrasiyanı ölkələrin suverenliyi hesabına "qloballaşdırmağa”, yeni beynəlxalq düzən yaratmağa cəhd göstərir.
 
Avropada bəzi sağ-qanad siyasətçiləri iddia edirlər ki, bu pakt Afrika və ərəb ölkələrindən immiqrasiyanı artırar.
 
Sənədi dəstəkləyənlər isə onun hüququ qüvvəsi olmadığını, ölkələrin öz sərhədlərinin, miqrasiya siyasətlərinin yiyəsi kimi qaldıqlarını bildirirlər.

 

Google+ WhatsApp ok.ru