BMT qaçqın uşaqları ilə bağlı Avropa ölkələrinə müraciət edib

BMT qaçqın uşaqları ilə bağlı Avropa ölkələrinə müraciət edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Avropa ölkələrinə, həmçinin özünün regional təşkilatlarına vətəndaşlığı olmayan miqrant uşaqlarla bağlı müraciət ünvanlayıb.
 
Maide.Az "azərtac"a  təşkilatın saytına istinadla xəbər verir ki, hesabatlara görə, hazırda dünyada heç bir ölkənin vətəndaşı və ya təbəəsi olmayan 10 milyona yaxın insan var. Onlardan 500 min nəfəri Avropada yaşayır. Bu insanların hamısı, o cümlədən uşaqlar elementar hüquqlardan məhrumdurlar.
 
BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarının İdarəsindən və UNICEF-dən verilən məlumata görə, vətəndaşlığı və müvafiq sənədləri olmayan azyaşlılar təhsil ala və tibbi xidmətdən istifadə edə bilmirlər. Həmçinin onların sərbəst hərəkət etmə hüququ da yoxdur və gələcəyə heç bir ümidi olmadan diskriminasiya şəraitində yaşayırlar.
 
UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan bununla bağlı bəyan edib: “Hər bir uşağın ad, soyad və vətəndaşlıq almaq hüququ var”.
 
BMT-nin müraciətində bildirilir ki, qeydiyyatda olmayan uşaqlar daha çox zorakılığa məruz qalırlar. Onlar çox vaxt insan alverinin qurbanına çevrilirlər. Ekspertlər buna misal olaraq qaraçı uşaqlarının ağır taleyini göstərirlər. Avropaya axın edən qeyri-leqal miqrantların övladları da bənzər problemlərlə üzləşirlər.
 
2010-cu ildən Avropada sığınacaq üçün müraciət edən və müvafiq olaraq vətəndaşlığı olmayan ailələrin sayı sürətlə artıb. 2017-ci ildə “Köhnə qitədə” 2100 belə uşaq qeydə alınıb. Bu problemi həllə etmək üçün BMT “Belong” adlı proqram hazırlayıb. Proqramın məqsədi 2024-cü ildə dünyada vətəndaşlığı olmayan insanın qalmamasıdır.
 
BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarının İdarəsindən xatırladıblar ki, dövlətlər apatridlərin statusu haqqında 1954-cü il Konvensiyası və vətəndaşlıqsızlığın azaldılmasına dair 1961-ci il Konvensiyasına əməl etməlidirlər.
 
 

Google+ WhatsApp ok.ru