Boşanmalar nədən çoxalır?

Boşanmalar nədən çoxalır?

"Bizim Yol" qəzetində «Facebook-da bir "layk"a görə boşananlar var" sərlövhəli məqalədə ölkədə boşanmaların səbəbləri ekspertlərlə təhlil edilib.
 
Yazıda rəsmi qurumlara istinadən bildirilir ki, 2016-cı ildə 66 min 771 nikah, 13 min 114 boşanma qeydə alınıb.
 
Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova deyib ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. "Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınıb. 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə Azərbaycanda 9 min 61, 2011-ci ildə 10 min 747, 2012-ci ildə 11 min 87, 2013-cü ildə 11 min 730, 2014-cü ildə 12 min 88, 2015-ci ildə də 12 min 764 cütlük boşanıb".
 
Qəzetə danışan ekspertlər boşanmaya əsas səbəb kimi sosial ehtiyacları və ailədaxili şiddəti göstəriblər. Ekspertlər vurğulayıblar ki, son zamanlar sosial şəbəkələr də bu məsələdə müəyyən rol oynamaqdadır.
 
Vəkil Xəyal Bəşirov da deyib ki, boşanmaların bəziləri sosial şəbəkələr üzündən baş verib: "Son dövrlərdə bəzi gülünc səbəblərdən də ailələrin boşanması hallarına rast gəlirik. Onlar bir-birini xəyanətdə ittiham edirlər....".
 
Vəkilin deməsinə görə, hətta sosial şəbəkədə bir "layk" və ya hansısa şərhə görə dağılan ailələr var.
 
Qəzet bu mövzu ilə bağlı oxucu fikirlərinə də yer verib. Oxuculardan bir qisminin deməsinə görə, nə qədər ki övladların yerinə valideynlər qərar verir, belə boşanmalar artmaqla davam edəcək.
 
Başqa bir qisim oxucular isə ailədaxili münaqişələrin, gəlin-qayınana münasibətlərinin üzərində dayanıb.
 
Bəzi insanlar isə hesab edirlər ki, ailədə uşaq doğulmursa, bu, boşanmaya gətirib çıxarır. Başqa bir qisim insanlar isə boşanmaların sayının artmasını işsizlik və sosial problemlərdə görür. /

Google+ WhatsApp ok.ru