Borclu qurumlar, işıqsız qalan sakinlər

Borclu qurumlar, işıqsız qalan sakinlər

"Qafqazinfo"da "AAAF-da 12 saat işıq yanmayıb - 100 minə yaxın borcları var" sərlövəhli məqalə diqqət cəlb edir.
 
Müəllif adı çəkilən yaşayış kompleksi sakinlərinin elektirk kəsintisi yaranmasının səbəblərini araşdırır.
 
Müəllifin sözlərinə görə, AAAF Park Yaşayış kompleksinin sakinləri dünən avqusutn 18-də 12 saat işıqsız qaldıqları üçün müraciət ediblər və elektrik enerjisinin kəsilməsinə səbəb kimi kompleksin "Azərişıq" ASC-yə 90 min manat borclu olmasını göstəriblər. "İşıq dünən səhər saat 11-də kəsildi, bir də axşam 11-də yandı. Kompleksin ümumi bir sayğacı var, mənzillərimizə isə şirkət tərəfindən ayrı-ayrılıqda sayğac qoyulub. Borcumuzu ödəyirik, qeyri-rəsmi kağız verilir, özü də biz elektrik enerjisinin dəyərini 7 yox, 9 qəpikdən ödəyirik. Deyirlər, sakinlərin borcudur, əlimizdəki kağızları göstəririk".
 
Müəllif deyir ki, sakinlər də belə suala cavab axtarırlar ki, nə qədər işıq yandırmalıdırlar ki, bir ayda 90 min manat borc yaranmış olsun.
 
Müəllifə görə, sakinlər bildirir ki, burada AAAF-ın obyektləri var və böyük ehtimalla yaranmış borcun mənbəyi həmin obyektlərdir, amma işıqsız sakinlər qalırlar.
 
Müəllif vurğulayır ki, sakinlər həm də belə halların mütəmadi baş verməsindən narazılıq edirlər: "Biz hər ay bu vəziyyəti yaşayırıq. İşığımız sönəndə şirkətin elektrik müdirinə zəng vururuq, deyir, "Azərişıq"da qəza baş verib.
 
"Azərişıq"a zəng vurduqda isə borca görə bağlandığını bildirirlər. Dünən dedilər ki, borc ödənməsə, bu gün də işığımız söndürüləcək".
 
Müəllif bildirir ki, "Azərişıq" ASC də şirkətə dəfələrlə xəbərdarlıq edildiyini bildirib: "Bəli, hazırda şirkətin bizə böyük miqdarda borcu var. Dəfələrlə xəbərdarlıq olunsa da, hər ay bu problemlə qarşılaşırıq. Ona görə də elektrik təchizatının verilməsi fərdi qaydada dayandırılır".
 
Müəllifin sözlərinə görə, AAAF Park Yaşayış kompleksi rəhbərliyi isə
 
borcunu ödədiyini bildirir: "Məsələnin başqa tərəfi də var. Belə ki, avqust ayı üçün heç bir yerə borcumuz yoxdur. Sentyabr ayı isə hələ bitməyib. Qanuna görə biz bu ödənişi borc yarandıqdan sonra qarşıdakı 10 gün ərzində, yəni ayın 30-na qədər ödəyə bilərik".
 
Kompleks sözçüsü şirkətin bu qədər sıxışdırılmasını anlamadığını, hələ vaxt tamam olmamış, verilən müddət bitməmiş bu böyüklükdə kompleksi bilərəkdən işıqsız qoymağın heç bir məntiqə sığmadığını bildirir.
 
Eyni zamanda, şirkət rəhbərliyi "Azərişıq" ASC-nin belə təzyiq formasını qəbuledilməz adlandırır. / contact.az /
 

Google+ WhatsApp ok.ru