Borc verməyin savabı

Borc verməyin savabı

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 245-ci ayəsində buyurur:

مَّن ذَا الَّذِي يُقْرِضُ اللّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً وَاللّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ

Kim Allaha yaxşı borc verməyə hazırdır ki, Allah da onun əvəzini neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Siz Ona doğru qaytarılacaqsınız.”

Bu ayədə insanlar infaq və borc verməyə rəğbətləndirilir. Bu ayədən öncəki ayədə cihaddan danışılırdı. Cəmiyyətin əmin-amanlığı və hifzi üçün cihad və xalisanə təlaşa ehtiyac olduğu kimi, məhrumların təmini və cihad vasitələrinin tədarükü üçün də maddi yardımlara ehtiyac var.

Allaha borc vermək mövzusu Quranda yeddi dəfə qeyd olunmuşdur. “Məcməul-bəyan” təfsirində qərzül-həsənə, yəni yaxşı və bəyənilmiş borca aid şərtlər bəyan olunmuşdur: Halal maldan olsun, sağlam maldan olsun, zəruri məsrəf üçün olsun, minnətsiz olsun, riyasız olsun, məxfi şəkildə olsun, eşq və isarla ödənsin, dərhal çatdırılsın, borc verən bu tövfiqə görə Allaha şükür etsin, borc alanın şəxsiyyəti qorunsun.

“Qərz” sözü ərəb dilində kəsmək mənasını verir. Borc ona görə qərz adlandırılır ki, mal-mülkün bir hissəsi yenidən qaytarılmaq şərti ilə kəsilib başqasına verilir.

Cihad bəzən bundan öncəki ayələrdə buyurulduğu kimi canla olur, bəzən isə bu ayədə qeyd olunduğu kimi mal-mülklə.

“Kəsir” sözünün “əzaf” sözü ilə yanaşı işlədilməsi böyük mükafata işarədir. “Yuzaifə” forması isə mübaliğə, artım rəmzidir. (“Təfsiri-Ruhul-Məani”.)

“Allaha borc” təbiri qərzül-həsənə (yaxşı borc) mükafatının Allahın öhdəsində olduğunu göstərir.

Allaha borc verilməsi əmrinin müqabilində soruşulur ki, kimdir Allaha elə bir borc verən? Məqsəd, xalqın ikrah və məcburiyyət hiss etməməsidir. Əksinə, başqalarına rəğbət və istəklə borc verilsin. İnsanda mənfəət umacağı olduğundan Allah bu yolla insanı borc verməyə həvəsləndirir:

Ayədə xalqa borc əvəzinə Allaha borc ifadəsi işlədilir. Bu sayaq təbir fəqirlərdə belə bir hiss yaradır ki, Allah Özünü onların yerinə qoymuşdur və bu onların qəlbindəki zəifliyi aradan qaldırır.

Bütün vücudumuz və bütün olanlarımız Allaha məxsus olsa da, Allah bəzən Özünü müştəri, bəzən isə borc alan kimi tanıtdırır. Allah bununla bizi təşviq edir. İmam Əli (ə) buyurur: Göylərin yerin qüvvələri Allahındır. Borc ayəsi sizin imtahanınız üçündür.” (“Nəhcül-bəlağə” xütbə 183.)

İmam Kazim (ə) buyurur: “Allaha borcun nümunələrindən biri məsum imama iqtisadi köməkdir.” (“Təfsiri-Ruhul-bəyan c.1, səh.381.)

Ayədə sıxıntı və genişlənmə Allaha aid edilsə də, rəvayətlərdə belə oxuyuruq: “Hər kəs xalqa qarşı əliaçıq olsa, Allah da onun üçün genişləndirər və artırar. Hər kəs xalqa qarşı xəsislik etsə, Allah onu sıxıntıya salar.”

Rəvayətlərdə qərzül-həsənənin (borc) mükafatı on səkkiz qat, sədəqənin mükafatı isə on qat göstərilir. (“Biharul-ənvar”, c. 100, səh.138.)

Hər kəs xeyir gətirsə, ondan da yaxşısını əvəz alar – ayəsi nazil olan zaman Peyğəmbər (s) Allahdan bu mükafatı artırmasını istədi. Belə bir ayə nazil oldu: “On qat verilmiş olar.” (Bax: “Nəml”, 89; “Ənam”, 160.)

Həzrət Peyğəmbər (s) bir dəfə də Allaha ağız açdı və hiss etdi ki, Allahın müəyyənləşdirdiyi artım saya gəlmir. (“Təfsiri-əl-Mizan”, c.2, səh.310.)

Borc verənlərin mükafatı həm bu dünyada, həm də axirətə aiddir. Ayədən belə görünür ki, Qiyamət hesabı dünya mükafatlarından ayrıdır.

Pislik təliminin və yanlış dərketmənin qarşısı alınmalıdır. Əgər sözügedən ayədən öncəsi ayədə Allah xoş bir dillə borc istəyirsə, onun ardınca buyurur: “Nəbadə, yəhudilər kimi Allahın fəqirliyini düşünən olsun.” (“Ali-İmran”, 181.)

Eləcə də, bilməliyik ki, Allahın borc tələbi insanın inkişafı üçündür. Allah Özü hər nədən ehtiyacsızdır. Münafiqlər deyirdilər: “Müsəlmanlara infaq etməyin, qoy Peyğəmbərin ətrafından dağılsınlar...” Quran onların cavabında buyurdu: “Bu nə etiqaddır? Məgər bilmirlərmi ki, göylərin və yerin xəzinələri Allahın əlindədir?!” (“Münafiqun”, 7.)

Bildirişlər

1. Allahın bəndələrinə yardım Allaha yardımdır.

2. İnsanları xeyir işə həvəsləndirmək üçün təşviq lazımdır.

3. Əgər rifah və sıxıntının Allahın əlində olduğuna inansaq, rahatca infaq edərik.

4. Əgər bilsək ki, Allaha doğru qayıdacağıq və bütün verdiklərimizi geri alacağıq, rahatca infaq edərik. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 245-ci ayənin təfsiri.)

Maide.Az

Google+ WhatsApp ok.ru