`Boz` maaşlar ölkəsi

`Boz` maaşlar ölkəsi

“Exo” qəzetində “Azərbaycan öz iqtisadiyyatını niyə nağdsız “relslər” üzərinə keçirə bilmir?” sualına ekspert Əkrəm Həsənovla cavab axtarılır.
 
Ekspert deyib ki, artıq ölkədə dövlət qurumları və özəl şirkətlər nağdsız hesablaşmalara keçiblər. Ancaq buna baxmayaraq ölkədə qeyri-formal bazarın miqyası sürətlə artmaqda davam edir:
“Orada çox sayda vətəndaş çalışır, özü də sözün bütün mənalarında qanunsuz işləyirlər. Onlar qeyri-leqal işləyir, vergi ödəmir, təbii ki, “boz” maaşlarını da karta köçürmək istəmirlər”.
 
Ə.Həsənov Mərkəzi Bankın (MB) yaxın 3 ildə ödəniş kartları ilə bağlı vəziyyətin köklü şəkildə dəyişəcəyi barədə vədini də əsassız sayır və bunu belə izah edir:
“MB bu məsələni təkbaşına həll edə bilməz və etməməlidir. Çünki, bank sisteminin vahid tənzimləyicisi deyil. Bu məsələ hökumətin, Mərkəzi Bankın və Maliyyə Bazarlarina Nəzarət Palatasının birgə layihəsi olmalıdır”.
 
Ekspert bu məsələdə Mərkəzi Bankda narahatlıq doğuran məsələyə də toxunur. Söhbət ödəniş kartlarından yalnız pulların nağdlaşdırılmasından ötrü istifadə olunmasından gedir:
“Bu heç də əhalinin bu sistemə etibar etməməsi demək deyil. Vətəndaşlarda “artıq” pul yoxdur, maaş köçürülən kimi kartdan çıxarırlar. Bundan başqa, hər yerdə ödənişləri kart vasitəsilə həyata keçirmək mümkün deyil. Odur ki, maaş köçən kimi əhali onu nağdlaşdırır”.
 
Yazıda vurğulanır ki, MB bu ilin yanvar-iyul aylarında Azərbaycanda ödəniş kartları ilə əməliyyatların həcminin 8,2 milyard manat olduğunu bildirib. Ancaq MB və beynəlxalq şirkətlər belə hesab edirlər ki, ödəniş kartlarından istifadə müəyyən qədər artsa da ölkə daxilindəki pul vasitələrinin dövriyyəsilə müqayisədə çox cüzidir. /

Google+ WhatsApp ok.ru