Brend adı ilə satılan ayaqqabıların 70 faizi Azərbaycanda tikilir

Ayaqqabı geyimin tamamlanması üçün vacib faktordur. Xüsusilə işləyən insanların ayaqqabısının rahat olması daha məqsədəuyğundur. Əks təqdirdə ayağınızı incidən, tərlədən ayaqqabı kefinizin pozulmasına səbəb ola bilər. Hətta həkimlər ayağı narahat edən çəkmələrin güclü baş ağrısına səbəb olduğunu da istisna etmirlər.

Azərbaycan insanını düşüncə tərzinə görə 2 qrupa ayırmaq olar: bahalı brendlərə üstünlük verənlər və cibinə uyğun geyinənlər. Birinci qrup adından da göründüyü kimi keyfiyyət və şöhrətə üstünlük verənlərdir. Amma araşdırmalar göstərir ki, elə ən çox aldananlar da “brend müştərilər”dir.

İkinci qismə aid olanlar isə keyfiyyətdən çox məhsulun ucuz olmasına önəm verirlər. Məhsul Türkiyədən, Amerikadan, Çindən gəlib, bunun heç bir önəmi yoxdur. Yararsız məhsulların bazarı cənginə aldığı, çoxunun hardan gəldiyi, hazırlanma qaydaları, materialının təhlükəsizliyi alıcıları fəsadlar meydana çıxdıqdan sonra narahat edir. Ucuz dəridən, çoxlu kimyəvi maddələrin qatqısından hazırlanan ayaqqabılar ayaqda qızartı və pis qoxu yaradır. Qoxu sonra güclü qaşınma ilə müşahidə olunur ki, bu da ayaqda göbələk xəstəliyinin yaranmasına gətirib çıxarır. Yay vaxtında isə ayaqdan pis qoxunun gəlməsinə səbəb olur...

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Modern.az saytına açıqlamasında sadaladığımız problemləri təsdiqləyib: “Azərbaycanda satılan ayaqqabıların 70 faizi brend adı altında elə Azərbaycanda tikilir. Çin və Hindistandan ştamplanmış neft məhsullarından, tullantılardan hazırlanan ayaqqabılar daha çox gətirilir”.

Onun sözlərinə görə, hər bir məhsula gigiyenik sertifikat verilməsinə baxmayaraq, Azərbaycanda ayaqqabıların ekspertizasını aparan laboratoriya yoxdur:
“Ayaqqabıların təxminən 40 faizi dəri adı ilə dəri əvəzləyicilərdən tikilir. Brend sayılan bir çox dükanlarımızda az hallarda təmiz dəri ayaqqabıya rast gəlmək mümkündür. Bu sahədə istehlakçılar aldadılır. İstehlakçı keyfiyyətli məhsulu  əldə etmək üçün diqqətlə baxmalıdır. Natural dəridən hazılanan ayaqqabının içərisinin oturacaq hissəsində açılan dəri şəkli, şaquli hissədə dabanın iç tərəfində ayaqqabının hansı hissəsinin dəri, hansı hissəsinin süni materialdan hazırlandığı göstərilir”.

Ekspertin sözlərinə görə, adətən, ayaqqabılar qeyri-dəri materialdan elə tikilir ki, onun heç bir çıxıntısı qalmır: “Alıcı həmin hissədən kiçik parçanı yandırıb iyini qoxlamaqla dərinin keyfiyyətini öyrənə bilər. Amma bu, bizdə yoxdur.

Uşaq ayaqqabısı satılan dükanlarda da vəziyyət ürəkaçan deyil. Bu yaxınlarda bizə “Aldo” mağazasından şikayət daxil olub. Müştəri aldığı məhsulu dəyişdirmək istəsə də, sahibkar onun bu arzusunu reallaşdırmayıb”.

Qiymətlərə gəldikdə, birliyin sədri bu sahədə sərbəstlik olduğunu vurğulayıb: “Qiymətlər təbii ki, keyfiyyətdən asılı olmayaraq bazar iqtisadiyyatına uyğun tənzimlənir, kim necə istəyirsə, məhsulunu elə də satır.

Ayaqqabılarla bağlı əsas problem başqadır. Bizdə bir misal var: “Yayın malını qışda al, qışın malını yayda”. Qanuna əsasən istehlakçının 14 gün ərzində alınan məhsulu qaytarmaq və dəyişdirmək hüququ var. Lakin bizdə məhsullar mövsümlər üzrə alınmadığından, məhsulun alınma vaxtından bir müddət keçdikdən sonra dükan onu qaytarmır və ya dəyişmir. Bizə gələn şikayətlərin əksəriyyəti ayaqqabının su buraxması ilə bağlıdır. Hesab edirəm ki, bu probelmlərin aradan qaldırılması üçün qanunvericilikdə mövsümü məhsullarla bağlı dəyişiklik edilməlidir”. /

Google+ WhatsApp ok.ru